hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Milyonlar xərclənən sürücülük vəsiqəsi ləğv oluna bilər? - “Hökumətin pulu artıqlıq etmir ki...”

Milyonlar xərclənən sürücülük vəsiqəsi ləğv oluna bilər? - “Hökumətin pulu artıqlıq etmir ki...”

Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsünün nəzərdən keçirildiyini deyib. 

O bildirib ki, təşəbbüsə əsasən, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb. Qeyd olunur ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq. Lakin elektron sürücülük vəsiqələrinin nə vaxtdan qüvvəyə minəcəyi barədə dəqiq məlumat verilməyib. 

Maraqlıdır, bu sistemi Azərbaycanda da tətbiq etmək mümkündürmü? 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında qeyd edib ki, elektron vəsiqələrin tətbiqi Rusiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün atılan növbəti addımdır:

“Rusiyada yol hərəkəti təhlükəsizliyi ilə bağlı vəziyyət dəyişib. Rusiya dövləti artıq bu qəzalardan qurtuluş yolunu fikirləşir. Çünki əhalisinin sayına görə yol-nəqliyyat hadisələrində ölüm və xəsarət halları çox idi. Son bir neçə ilə qədər il ərzində yol-nəqliyyat hadisələrindən ölüm 5 mindən çox olurdu. Ona görə təhlükəsizliklə bağlı bir sıra addımlar atırlar. Məsələn, bundan əvvəl alkoradar adlı bir cihaz icad elədilər. Çünki Rusiyada sərxoş sürücülərin iştirakı ilə olan qəzaların sayı çox idi. Amma test elədilər və alınmadı, çünki o sistem təkmil deyildi. İndi bu ideya ortaya çıxıb. Əslində, bu, dəstəklənə bilən ideyadır, qəliz sistem deyil”. 

Ekspert bildirib ki, Azərbaycanda bu sistemi tətbiq etmək üçün tələsmək lazım deyil, hətta onun kiçik formatı Azərbaycanda mövcuddur: 

“Azərbaycanda da bunu etmək olar, amma bu sistemin icrasını Rusiyada ətraflı müşahidə etdikdən sonra özümüzdə tətbiq etsək, daha yaxşıdır. Əslində, onun kiçik formatı hazırda Azərbaycanda mövcuddur. Bu gün sürücülük vəsiqəmiz üzərimizdə olmadıqda, yol polisi cərimə yazmır. Mərkəzi məlumat sisteminə daxil olur, ad, soyad və ata adını sistemə daxil edir, əgər şəxsin sürücülük hüququ varsa, cərimə tətbiq olunmur. Əsas odur ki, sizin hüququnuz var. Amma qanunda deyir ki, biz vəsiqəni üzərimizdə daşımalıyıq. Qanuna əsasən, yol-patrul xidməti əməkdaşı şəxsi saxlayarsa, şəxs sürücülük vəsiqəsi, etibarnamə, yol vərəqi və avtomobilin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Amma bizim patrul əməkdaşları sürücülük vəsiqəsi olmadıqda vəziyyəti nəzərə alırlar. Çox istərdim ki, bunu qanuna salsınlar. Elektron versiya o deməkdir ki, siz sürücülük vəsiqəsi üçün imtahan verirsiniz, qeydiyyatdan keçirsiniz, amma sizə heç bir sənəd verilmir, yəni siz artıq mərkəzi məlumat sistemində vəsiqə almış kimi qeyd edilirsiz”. 

Həmsöhbətimiz elektron vəsiqənin üstün cəhətlərini diqqətə çatdırıb: 

“Üstünlüyü odur ki, “vəsiqəm üzərimdə yoxdur”, “vəsiqəmi itirmişəm” kimi hallar olmayacaq. Bəzi insanlar vəsiqəni pencəyin, ya şalvarın cibində unudur, nəticədə vəsiqə paltaryuyanda yuyulur, yararsız vəziyyətə düşür , sonda isə təzədən ödəniş edib vəsiqə almalı olurlar. Elektron vəsiqə olduqda isə bu halların heç biri yaşanmır. Mərkəzi məlumat sistemi var, yol-patrul xidmətinin əməkdaşları portkompüterlə təmin olunub. Sistemə rahatlıqla adı,soyadı daxil edib şəxsiyyəti müəyyənləşdirib, sürücülük vəsiqəsinin olub-olmadığına baxa bilirlər. Əlimizdə bu cür imkanlar varkən, kağız daşıyıcı nəyimizə lazımdır?! Onun üçün milyonlarla vəsait xərclənir. Bir neçə ay əvvəl Baş Dövlət Yol Polis İdarəsi açıqlama verdi ki, sürücülük vəsiqələri bitib. Vətəndaşlara A4 formatında kağız arayış verdilər ki, vəsiqələr xaricdən gəlir, gəldikdən sonra götürmək olar. Azərbaycan hökumətinə pul artıqlıq etmir ki,vəsiqə üçün xaricə pul ödəsinlər. Bunun başqa bir üstün cəhəti də bank kartına inteqrasiya etmək və yaxud da sürücülük vəsiqəsindən həm də bank kartı kimi istifadə etmək olar. O zaman düşünmək olar ki, bu vəsiqədən faydalı bir şey üçün istifadə olunur. Gələcəkdə parkinqlər pulla olacaq, elektron ödəniş tələb olunacaq. Elektron daşıyıcı varsa, onun üzərində bir çox funksiyalar yaratmaq olar”. 

Elməddin Muradlı elektron sürücülük vəsiqəsinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərindən də söz açıb: 

“Lakin bunun başqa tərəfləri də var. Rusiyada bu sistem tam şəkildə tətbiq olunaraq elektron sürücülük vəsiqələri verilsə, Rusiya vətəndaşı Azərbaycana gələndə artıq ona kağız vəsiqə lazım olacaq. Çünki bizim qanun onu tanımır. O cümlədən, əgər Azərbaycan bu sistemi tətbiq etsə, Azərbaycan vətəndaşı bu sistemin olmadığı hansı ölkəyə getsə, ondan sürücülük vəsiqəsi kağız formasında tələb olunacaq. Biz həmin ölkədə deyə bilmərik ki, bizim ölkədə sistem fərqlidir. Bu, həmin sistemin mənfi xüsusiyyətidir. Ona görə də sistemi elə qurmaq lazımdır ki, vəsiqəni həm kağız şəklində versinlər, həm də elektron şəkildə tətbiq olunsuz. Hər kəs istəyinə uyğun vəziqə əldə etsə , daha yaxşı olar”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 12684