hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü açıq elan edib

Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü açıq elan edib

Mingəçevir Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü açıq elan edib. 

Bu barədə məlumatı Cebhe.info-ya Mingəçevir Dövlət Dram Teatrın mətbuat katibi Vüsal Məmmədov verib. 

O, deyib ki, ilk olaraq Mingəçevir Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, xalqımızın sevimlisi aşıq Dədə Şəmşirin yadigarı, maraqlı yazıçı, şair, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” iki hissəli faciə-məhəbbət odası əsərinin məşqlərinə başlanılıb. 

“Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün Nəriman Ocaqlı və Ağalar İdrisoğlu səhnələşdiriblər: “Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaos, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olunmasına, hakimiyyət üstündə gedən vuruşa, rüşvətin tüğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətə əl atmasına həsr olunub.

Çox kəskin, dramatik süjetli bu pyesdə, qırmızı xəttlə nakam məhəbbət motivləri də maraqlı boyalarla göstərilir. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti yolunda vuruşmaması və kənar fitvalara uyub özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalıqla işlənilib. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları göstərməklə inanırıq ki, böyük tamaşaçı marağına səbəb olacaq.

Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusu Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır. Tamaşada Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Afət Əliyeva, Elmira İbrahimova, Firuz Hacıyev, Məlahət Ağayeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tamaşaçılara təqdim edəcəklər. Tamaşanın ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub.

Sentyabr ayının 16-da Mingəçevir Dövlət Dram Teatrı, dünya şöhrətli məhşur ispan dramaturqu Federiko Qarsio Lorkanın “Qanlı toy” əsəri ilə tamaşaçılarla görüşəcək. Bu tamaşanı ispan dilindən Azərbaycan dilinə Əfqan Xəlilli tərcümə eləyib. Bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olacaq. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimançı, musiqi tərtibatçısı Ramiq Nəsirov, tamaşanın plastik  həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır. Keçən mövsümün sonunda təhvil verilən “Qanlı toy” tamaşası və Xalq artisti Valeh Kərimovun quruluşçu rejissoru olduğu Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) tamaşası, inanırıq ki, Mingəçevir və qonşu rayon tamaşaçılarının sevdikləri və böyük həvəslə baxdığı tamaşalar olacaqlar. Onu da vurğulamaq istəyirik ki, teatra Əməkdar artist Akif Mirabovun, təcrübəli aktyorlar Təvəkkül Əhmədovun, Nəsibxan Əliyevin yenidən qayıtması və teatra dəvət olunan Xalq artisti Valeh Kərimovun bu teatrın səhnəsində tamaşalar hazırlaması, rollar oynaması təkcə kollektivdə yox, həm də Mingəçevir tamaşaçılarında böyük maraq yaradıb”.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 452