hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Minsk qrupunu kimlər "dirildir"? - “Statusu yenidən gündəmə gətirmək üçün...” - Tofiq Zülfüqarov planın bütün detallarını açdı

Minsk qrupunu kimlər "dirildir"? - “Statusu yenidən gündəmə gətirmək üçün...” - Tofiq Zülfüqarov planın bütün detallarını açdı

Dağlıq Qarabağ problemi ilə bağlı sülhün təmin olunmasında ATƏT-in Minsk qrupunun yenidən fəallaşması müşahidə olunur.

Fevralın 16-da Minsk qrupu həmsədrləri Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə videokonfrans keçirib və birgə bəyanat yayıblar.

Vasitəçilər Ceyhun Bayramov və Ara Ayvazyanla bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdə bölgədəki mövcud vəziyyəti müzakirə ediblər.

Eyni zamanda, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər də tərəflərin diqqət mərkəzində olub.

Qeyd edilir ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgə yaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması prosesindən kənarda qalıb. Bu, ilk növbədə, adıçəkilən həmsədrlik institutunun vasitəçilik missiyasına ehtiyac qalmaması ilə bağlıdır. Çünki Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Ermənistanın kapitulyasiya sənədini imzalaması ilə Minsk qrupu fəaliyyətsiz quruma çevrilib.

Bölgədə sabitliyin təminatı isə daha çox Rusiya və Türkiyənin birgə yaratdığı Monitorinq Mərkəzi tərəfindən həyata keçirilir. Bu baxımdan, Minsk qrupunun aktivləşməsi prosesi yenidən işğal dövründəki müstəviyə qaytarmaq cəhdindən xəbər verir. Halbuki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Adıçəkilən format 2020-ci il 10 noyabr və 2011-ci il 11 yanvar tarixli bəyanatların qəbulunda da vasitəçi kimi iştirak etməyib. Bu baxımdan, həmsədrlərin həmin razılaşmaların icrası ilə bağlı hesabat tələb etməsi münaqişənin həllində daha çox siyasi monopoliya yaratmaq cəhdi kimi başa düşülə bilər.

Əlbəttə, hər iki sənədin qəbulunda vasitəçilik edən Rusiya Minsk qrupunun həmsədri olsa da, hazırda Kreml bu prosesdə daha çox müstəqil tərəf kimi iştirak edir. Hərbi əməliyyatların gedişi və sonrakı mərhələdə isə Rusiya sülhyaratma fəaliyyətini daha çox ABŞ və Fransa ilə deyil, Türkiyə ilə koordinasiya edib. Moskva Qarabağda Ankaraya müttəfiq kimi deyil, rəqib kimi yanaşmasına baxmayaraq, regionda Türkiyənin mövcudluğunu qəbul etməli olub. Çünki bu əməkdaşlıq formatı ona ABŞ-ı və Fransanı prosesdən kənarlaşdırmaq, bölgədə geosiyasi mövqelərini möhkəmlətmək imkanı yaradır.

Lakin ABŞ və Fransanı yalnız Rusiyanın bu məsələdə önə çıxması deyil, həm də Türkiyənin bölgədə söz sahibinə çevrilməsi narahat edir. Ona görə də Minsk qrupunun fəallaşması Türkiyəni prosesdən kənarlaşdırmağa xidmət edən addımdır. Bu, İranı və Ermənistanı da qane edir. Ermənistan sülhyaratma missiyasının Minsk qrupuna qayıtması ilə Dağlıq Qarabağdakı erməni icmasının siyasi status məsələsini yenidən gündəmə gətirməyə səy göstərir.

“Qarabağda yaşayan ermənilərin problemlərinin həlli Azərbaycanın daxili işidir”

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Cebhe.info -ya açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun müharibədən yalnız əvvəlki deyil, sonrakı fəaliyyəti də Azərbaycan tərəfindən mənfi qarşılanıb. Xüsusilə də Fransanın Dağlıq Qarabağın statusunun həllini tapmadığına dair bəyanatı qəbulolunmaz addımdır:

“İndiki mərhələdə biz Minsk qrupunun daha praktik məsələlərə önəm verəcəyini gözləyirik. Danışıqlar masasında əyləşmək üçün onlar da hazırlıqlı gəlməlidir. Hazırkı mərhələdə Ermənistan proseslərdən uzaqlaşıb. Artıq Ermənistan post-konflikt şəraitində olan Azərbaycanla qonşu ölkədir. İşğaldan və etnik təmizləmələrdən sonra “dəmir yumruq” sayəsində Azərbaycan ordusu tərəfindən sərhədin o tayına uzaqlaşdırılıb. Onların qalıqları da ərazidən çıxarılır və Azərbaycan bu məsələni tez-tez gündəmə gətirməklə öz istəyinə nail olacaq. O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərin problemlərinin həllinə, bu, Azərbaycanın daxili işidir. Həmin bölgələrin Azərbaycana reinteqrasiya etməsi üçün ölkəmiz iki tərəfdaş seçib.

Bunlar Rusiya və Türkiyə tandemidir. Gələcəkdə bütün məsələləri də bu çərçivədə həll etmək niyyətindədir. Amma unutmaq olmaz ki, bu tandemin formalaşmasının səbəbi Qərbin Rusiya və Türkiyəyə münasibəti ilə bağlıdır. Təbii ki, bu Qərbin, Rusiyadakı ermənipərəst dairələrin xoşuna gəlmir. Vaxtilə Türkiyədə də buna qarşı çıxanlar var idi. 2015-ci ildə Rusiya təyyarənin vurulması, səfirin qətlə yetirilməsi həmin məqsədə xidmət edirdi. Azərbaycanda da bəzi qüvvələr Rusiya və Türkiyənin əməkdaşlığına qarşı çıxır. Özlərini Türkiyəsevər kimi təqdim edənlər Prezident Ərdoğanın siyasətini tənqid edirlər. Türkiyə Prezidenti isə Rusiya ilə əməkdaşlığı xüsusilə bu regionda davam etdirməyin tərəfdarıdır. İndiki mərhələdə bu tandemə problem yaratmaq üçün Minsk qrupu da ortaya çıxır”.

Sabiq nazir bildirib ki, Azərbaycan bu məsələdə iki cür davranış nümayiş etdirə bilərdi:

“Birincisi, hər şeyin keçmişdə qaldığına üstünlük verib əməkdaşlıqdan imtina etməkdir. İkincisi Azərbaycanın xeyrinə olan aktual məsələləri təklif etsələr, vasitəçilik işini davam etdirməkdir. Bu mövzular nədən ibarət ola bilər? Məlumdur ki, işğaldan azad edilmiş əraziləri bərpa etmək üçün infrastruktur qurulmalıdır. Minsk qrupu donor konfransın çağırılması təşəbbüsünü irəli sürə bilər. Həmin konfrans vasitəsilə Azərbaycana yardım etmək üçün vəsait yığsınlar, yaxud minadan təmizləmə avadanlığı versinlər. Yəni humanitar missiya həyata keçirsinlər.

Mənim fikrimcə, Azərbaycanın məqsədi odur ki, Minsk qrupunun fəaliyyətini konstruktiv istiqamətə yönəltsin. Bu “zoom formatında” keçirilən bir görüş və mövqeləri aydınlaşdırmaq üçün bir imkandır. Amma Azərbaycan Minsk qrupu üzvlərinin münaqişənin yekun həllində əsas söz sahibi olmasına imkan verməyəcək. Yəni Azərbaycan öz ərazisində yaşayan erməni icmasının məsələlərini suveren hüquqlarımıza əsasən həll etmək niyyətindəyik. Bizə köməkçi lazım deyil. Azərbaycan öz köməkçilərimizi seçib. Bu da Rusiya-Türkiyə tandemidir”.

“Rusiyanın ermənipərəst siyasətini neytrallaşdıran Türkiyədir”

Diplomat qeyd edib ki, Minsk qrupunun fəallaşması Türkiyənin prosesdən kənarlaşdırılmasına yönəlik oyun kimi istifadə oluna bilər. Lakin Türkiyənin də NATO çərçivəsində və digər platformalarda Qərbin siyasətini həyata keçirən vasitələrdən biri olub. Sonra Türkiyənin rolu Qərb üçün azaldı. Bu baxımdan, Türkiyənin Rusiya ilə əməkdaşlıq formatı yaratması Qərbə öz əhəmiyyətini nümayiş etdirmək məqsədi də daşıya bilər:

“Rusiya da həmçinin, bu oyunları oynayır və Qərbə göstərmək istəyir ki, mən region ölkələri ilə vəziyyəti çevik şəkildə idarə edirəm, atəşkəsə nail oluram. Tərəflərin çoxşaxəli oyun oynaması normal hadisədir. Ancaq bunu açıq demək lazımdır ki, bu tandemin formalaşmasının əsas səbəbi həm Rusiyanın, həm də Türkiyənin bölgədə öz dominantlığını təmin edə bilməsidir. Bu isə hər iki ölkə çox vacibdir. Azərbaycan da yaranmış vəziyyətin xeyrini görüb. Əslinə qalsa, Azərbaycanın hazırkı siyasəti bundan ibarətdir ki, Qərbi neytrallaşdıran Rusiya-Türkiyə tandemidir. Rusiyanın ermənipərəst siyasətini neytrallaşdıran isə Türkiyədir. Mövcud konstruksiya hazırda belədir. Azərbaycan öz siyasətini bu çərçivədə həyata keçirir”.

“Rusiya və Türkiyə bizə yardımçıdır”

Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan Minsk qrupu formatını bərpa etməklə Azərbaycanda kompakt yaşayan ermənilərə gələcəkdə siyasi status verilməsinə çalışır. Lakin Azərbaycan Rusiya-Türkiyə formatına üstünlük verməklə Ermənistanı prosesdən kənarda qoymuş olur:

“Əvvəllər rəsmi İrəvan bəyanatlarında ya bildirirdi ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir, ya da deyirdi ki, biz ikinci erməni dövləti qurmuşuq, bu, “dövlətin” təhlükəsizliyini təmin edirik. İndi deyəcəklər ki, ikinci erməni dövlətinin təhlükəsizliyini təmin etmək üçün ona status lazımdır. Statusu vermək üçün isə ATƏT-in Minsk qrupu olmalıdır. Onların mövqeyi bundan ibarətdir. Rusiya-Türkiyə tandemi Azərbaycanın suverenliyini bərpa etmək üçün bizə yardımçıdır. Biri sülhməramlıları göndərir, digəri Monitorinq Mərkəzinin üzvüdür.

Bu baxımdan, Azərbaycan-Türkiyə-Rusiya üçlük formatıdır. Həmin format daxilində balans bizim xeyrimizədir. Azərbaycan və Türkiyə, yəni iki dövlət birlikdədir, Rusiya təkdir. Biz bu format nəyə görə dəyişməliyik?”

“Qərb bölgəyə qayıtmaq üçün səylərini artıracaq”

Son zamanlar Böyük Britaniyanın minatəmizləmə əməliyyatında iştirak etmək üçün Azərbaycana öz hərbçilərini göndərmək təklifinə münasibət bildirən sabiq nazirin sözlərinə görə, Qərb bölgəyə qayıtmaq üçün səylərini artıracaq. Ekspert hesab edir ki, bu, normal haldır. Lakin sözügedən qayıdış Minsk qrupunun vasitəsilə baş verməməlidir:

“Qərbin bölgədə iştirakının Türkiyənin vasitəsilə baş tutması daha yaxşı olar. Bu oyunda Böyük Britaniyanın maraqlarının təminatında özünə tərəfdaş kimi Türkiyəni seçdiyini açıq görmək mümkündür. Buna aid siqnallar və məlumatlar var. Bu, daha çox iqtisadi maraqlardan irəli gəlir. Amma işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyinin təmin olunmasında başqa tərəfin köməyinə, iştirakına ehtiyac yoxdur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11463