hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müharibə illərində şəhid olan yüksək rütbəli zabitlərimiz - BİZİM ARAŞDIRMA

Müharibə illərində şəhid olan yüksək rütbəli zabitlərimiz - BİZİM ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, 12 iyuldan etibarən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində düşmənin atəşkəsi pozması nəticəsində döyüş başlanıb.

Döyüş zamanı Azərbaycan ordusu ümumilikdə 13 şəhid verib. Şəhidlərimizdən 6-sı yüksək rütbəli olub:

General-mayor Həşimov Polad İsrayıl oğlu
Polkovnik Mirzəyev İlqar Anzor oğlu
Mayor Əhmədov Namiq Hajan oğlu
Mayor Novruzov Anar Gülverdi oğlu
Gizir Zeynallı İlqar Ayaz oğlu
Gizir Babayev Yaşar Vasif oğlu

Cebhe.info budəfəki araşdırmasında müxtəlif illərdə döyüş şəraitində şəhid olan yüksək rütbəli zabitlərimizi sizə tanıdacaq:

General Əsədov Məhəmməd Nəbi oğlu 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1990-cı ilin mayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri, 1991-ci ilin noyabrında Dövlət Müşaviri vəzifəsinə təyin edilib. 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulan “Mi 8” hərbi helikopterində şəhid olub. Bakı şəhərində Fəxri xiyabanda dəfn edilib.

General-mayor İsmət Qayıbov 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu “Mi-8” helikopterinin erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. O, Şəhidlər xiyabanında dəfn edilib.

Abbasov Qaytaran İbrahim oğlu 1992-ci ilin may-avqust aylarında Laçın və Qubadlı rayonlarının Güləbird, Şəfiyan, Başarat kəndlərində göstərdiyi döyüş xidmətlərinə görə leytenant rütbəsinə layiq görülüb. 1993-cü ilin martın 5-də gərgin döyüşdə dörd qəlpə yarası alıb. Müalicədən sonra cəbhəyə qayıdaraq yenidən vuruşub. 1993-cü il may ayının 16-da qəhrəmancasına şəhid olub. Qıraq Müşlan kənd qəbiristanlığında dəfn edilib.

Gizir Abbasov Səhiyəddin İsmayıl oğlu 1994-cü il aprelin 10-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Gizir Pərvin Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Pərvin Əliyev doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb.

2016-cı ildə baş verən Aprel döyüşləri zamanı da yüksək rütbəli zabitlərimiz şəhid olub.

Polkovnik Vüqar Nurəddin Yusifov, polkovnik-leytenantlar Raquf Orucov, Murad Mirzəyev, Təbriz Musazadə, Urfan Vəlizadə şəhidlik zirvəsinə ucalıb. Eyni zamanda mayorlar Rasim Məmmədov, Elnur Əliyev, Samit İmanov, kapitanlar Mühid Orucov, İnqilab Quliyev, Nəcməddin Savalanov, baş leytenantlar Əbu Bəkr İsmayılov, Mirzə Novruzov, Rəşid Mehdiyev, Ziya Həsənov, Elvin Namazov, Cavid Dədəkişiyev, Elnur İsgəndərov şəhid olub. Bundan əlavə, leytenant Sahil Şirinov, gizirlər Dilsuz Qarayev, Elimdar Səfərov, Orxan Hümbətov, Orxan Müstəcəbov, Məhəbbət Mirzəyev, Nurlan Abdullayev, Ravil Novruzov, Rusif Ağayev, Teymur Qasımov, Murad Məmmədov, Bəxtiyar Hüseynov, Toğrul Fərəczadə, Pəncəli Teymurov, Tural Qurbanov, Mirsalam Cəfərov, Seymur Baxışov, kiçik gizir Babək Abidov şəhid adını qazanıblar.
Mayor Aqşin Abdullayev 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid olub. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq, fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə Aqşin Abdullayev doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salınıb.

2017-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Baş leytenant Tural Haşımlı 2017-ci ildə, Fevral döyüşləri zaman şəhidlik zirvəsinə ucalıb. Tural Haşımlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.

Naibə
Cebhe.info


Oxunma sayı: 1321