hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Müharibədən sonra ikinci qələbə: “Türkmənistan da Azərbaycan-Türkiyə ittifaqına qoşulmuş olur”

Müharibədən sonra ikinci qələbə: “Türkmənistan da Azərbaycan-Türkiyə ittifaqına qoşulmuş olur”

Azərbaycanla Türkmənistan arasındakı münasibətlər getdikcə daha da genişlənməyə başlayır.

İki dövlət uzun illərdir ki, mövcud olan problemə 21 yanvarda son qoyub. Xəbər verildiyi kimi, Azərbaycan və Türkmənistan Xəzərdə “Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı Memorandum imzalayıb.

Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov imzalayıblar. Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb.

“Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu Anlaşma Memorandumu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, Türkmənistanla Azərbaycan arasında 21 yanvarda imzalanmış memorandum müharibədən sonra ikinci qələbəmiz hesab oluna bilər:

“Azərbaycan və Türkmənistan müstəqilliklərini qazandıqdan sonra iki ölkə arasında münasibətlər gərgin idi. Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər. Azərbaycan neftçiləri bu yatağın adını “Kəpəz” qoydular. Ancaq SSRİ 1991-ci ildə dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu iki dövlət arasında mübahisəyə səbəb oldu. Azərbaycanla Türkmənistan arasındakı mübahisə həm də Xəzərin statusuyla bağlı idi. Azərbaycan Rusiya və Qazaxıstanla Xəzər dənizində müəyyənləşdirdi və müvafiq sənədlər imzalandı. Ancaq Xəzərin statusu müəyyənləşsə də, Azərbaycan Türkmənistanla sərhəddi müəyyələşdirə bilmədi. Bir neçə il əvvəl Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi. Rəsmi Bakı Aşqabada təklif etdi ki, Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağı birgə istismar edilsin. Nəhayət Aşqabad bu formula razılaşdı. 21 yanvarda iki dövlət arasında imzalanan memorandum tarixi hadisədir. Birincisi, Azərbaycan və Türkmənistan yeni yatağa “Dostluq” adını qoydular. Hər iki dövlət bu yatağı birgə işlədəcək və gəriləri bölüşəcəklər. İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək. Bu çox vacib sazişdir və düşünürəm ki, müharibədən sonra qazandığımız ikinci böyük uğurdur. Çünki Azərbaycan və Türkmənistan müstəqillik qazandıqdan sonra problemə çevrilən bu məsələni iki qardaş dövlət gec də olsa həll etdi”.

Ekspert hesab edir ki, iki dövlət arasında imzalanan memorandum bögədə Azərbaycanın və Türkmənistanın rolunu artıracaq:

“Bu sənəddən sonra başqa bir sənədin də imzalanacağını gözləyirəm. O da iki dövlətin Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı sənədin imzalanması olacaq. Bundan sonra artıq Azərbaycanla Türkmənistan Xəzərin dibindən boru xətti də çəkə bilər ki, türkmən qazı Azərbaycan vasitəsi ilə Avropaya daşınsın. Bu layihə Türkmənistanın xeyrinədir ki, qazın çatdırılmasını şaxələndirəcək. Azərbaycanın və Türkiyənin də xeyrinədir ki, daha çox qaz nəql edəcəklər. Eyni zamanda Avropanın da xeyrinədir ki, Rusiyanın qaz asılılığından xilas olacaq. Yəni bu hamının xeyrinədir. Düşünürəm ki, bu məsələdə maraqlı olan tərəflərdən biri də Türkiyədir. Çünki o, çoxdan istəyirdi ki, bu problemlər həll olunsun. Faktiki Türkmənistan da Azərbaycan-Türkiyə ittifaqına bir növ qoşulmuş olur”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1981