hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müxalifətin müharibə planı: “Siyasi fəaliyyətimizi donduracaq, Ali Baş Komandanı dəstəkləyəcəyik” - BİZİM SORĞU

Müxalifətin müharibə planı: “Siyasi fəaliyyətimizi donduracaq, Ali Baş Komandanı dəstəkləyəcəyik” - BİZİM SORĞU

Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan son vaxtlar təxribatların sayını artırıb.

Artıq danışıqlar limiti bitib və cəbhədə hər an savaş başlana bilər. İşğalçı dövlətin Azərbaycanla dövlət sərhəddində və təmas xəttində son təxribatları müharibə məsələsini aktuallaşdırır. Ötən gün ölkə başçısı İlham Əliyev də bu məsələyə münasibət bildirdi. Prezident Ermənistanln müharibəyə hazırlaşdığını vurğuladı.

Bu, ciddi təhlükədir. Belə məqamda dövlət və vətən maraqları tələb edir ki, hər kəs daxili çəkişmələrdən imtina etsin və siyasi iddiaları donduraraq, düşmənə qarşı ümumi mövqedən çıxış etsin.

Maraqlıdır, bəs siyasi partiyalar nə düşünür? Müharibə olarsa, siyasi fəaliyyətlərini dondura, açıq şəkildə Ali Baş Komandanı müdafiə edərlərmi?

“Qanun nə deyirsə…”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında indi də Ali Baş Komandanı müharibə naminə açıq şəkildə müdafiə etdiyini deyib:

“Təbii ki, qanunda necə tutulubsa, müharibə vaxtı o cür davranmağa hazıram”.

“Əsas prioritetimiz ərazi bütövlüyünün bərpasıdır”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də Qarabağ üçün hakimiyyətin istənilən addımını dəstəklədiklərini bildirib:

“Biz bununla bağlı dəfərlə fikirlərimizi bəyan etmişik ki, AMİP üçün əsas prioritetlərdən birincisi torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpasıdır. Ona görə də bu məsələ ilə bağlı hakimiyyət tərəfindən atılacaq istənilən addımı dəstəkləməyə hazırıq. Şübhəsiz ki, müharibə olacağı dönəm üçün siyasi fəaliyyətin dondurulması da istisna deyil. Əlavə olaraq onu da bildirim ki, AMİP sədri olaraq şəxsən mən və müavinlər, partiyanın rəhbərliyində təmsil olunan şəxslər son səfərbərlik dönəmində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib qeydiyyatdan keçmişik. İstənilən formada dövlətimizə dəstək verməyə hazırıq”.

"Lazım gəlsə, ölərəm..."

Ümid Partiyasının sədri İqbal Ağazadə isə məsələyə bir cümlə ilə münasibət bildirib:

“Qarabağ üçün ölmək lazım olarsa, ölərəm”.

“Ali Baş komandanı dəstəkləyəcəyik”

Ağ Partiyanın sədri Tural Abbaslı da müharibə olarsa, siyasi fəaliyyətlərini dayandıracaqlarını, Ali Baş Komandanı dəstəkləyəcəklərini deyib:

“Biz partiya olaraq dəfələrlə bəyan etmişik ki, mümkün Qarabağ müharibəsi başlayarsa, siyasi fəaliyyətimizi dayandırarıq. Siyasi iddialardan geri çəkilərik və müharibə naminə üzərimizə nə düşərsə, onu da edərik. Əgər müharibə Ali Baş Komandanı dəstəkləməyi tələb edərsə, təbii ki, onu da edərik. Bizim üçün əsas Qarabağdır, Azərbaycanın bütövlüyüdür. Bütöv, firavan Azərbaycandır. Elə siyasətlə məşğul olmağımızın da məqsədi budur. Bunun əksini düşünmək nə bizə, nə də partiyamıza uyğun deyil. Odur ki, müharibə zamanı biz üzərimizə düşəni hər zaman etməyə hazırıq. Hətta nəinki siyasi fəaliyyətimizi dondurmaq, hər bir partiya üzvü lazım gələrsə, səndərgə can verməyə, şəhid olmağa, can almağa hazırıq. Biz bu vətənin övladlarıyıq. Bu vətən təkcə iqtidarın, müxalifətin deyil, xalqındır. Himnimizdə də deyildiyi kimi, vətən uğrunda can verməyə, qan tökməyə hər zaman hazırıq. Bu məsələdə siyasət müzakirə mövzusu deyil”.

“Birmənalı şəkildə dövlətçiliyin yanındayıq”

Milli Cəbhə Partiyasının (MCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev də Ali Baş Komandanı dəstəkləməyə, lazımi bütün addımları atmağa hazır olduqlarını bildirib:

“Qarabağ bizim ümumi problemimizdir, milli məsələdir. Bunun üçün də əgər Dağlıq Qarabağda müharibə başlayarsa, Konstitusiyaya uyğun hər addımı atarıq. Dağlıq Qarabağ məsələsində bu gün də, bundan sonra da birmənalı şəkildə dövlətin, dövlətçiliyin yanındayıq. Burada heç bir siyasi ayrı-seçkilik ola bilməz. Bu məsələdə bu gün Ali Baş Komandan İlham Əliyevi dəstəkləməyə hazırıq. Müharibə başlayarsa da, təbii ki, siyasi fəaliyyət haqqında müzakirələr gedə bilməz. Siyasi fəaliyyətimizi dondurarıq, Ali Baş Komandanı da dəstəkləyərik. Bu, belə də olmalıdır. Qarabağ məsələsində siyasi ayrı-seçkilik sayalanların, ayrı yol tutanların vətən, dövlət sevgilisi şübhə yaradar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 10220

Bizim Telegram səhifəmizi izləyin