t Növbədənkənar parlament seçkiləri: İştirakçılar, gözləntilər, nəticələr
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Növbədənkənar parlament seçkiləri: İştirakçılar, gözləntilər, nəticələr

Növbədənkənar parlament seçkiləri: İştirakçılar, gözləntilər, nəticələr

Parlamentin yenilikçi olması təbii və vacibdir. 

Çünki parlament xalqla dövlət arasında əsas kommunikativ orqandır. Xalqın, seçicinin, vətəndaşın mövqe və təkliflərinin müzakirə olunduğu, eyni zamanda qanun formasına salındığı və insanların həyatını asanlaşdıran qərarların qəbul olunduğu dövlət qurumudur. 

Ona görə də seçkidə iştirak, parlamentin bu tələblərə cavab verən bir qurum olaraq formalaşdırılması həm hakimiyyətin, həm də müxalifətin - bütün siyasi qüvvələrin istəyidir. Parlament sivil düşüncəli şəxslərdən, sivil siyasi mübarizə tərəfdarı olan qüvvələrdən formalaşarsa, Azərbaycanda radikal düşüncənin, dağıdıcı təfəkkürün özünə yer etməsinə imkan tanımayacaq. Təbii ki, sivil siyasi mübarizə elementlərinin parlamentə daşınmasında əsas söz xalqındır. Azərbaycan xalqı da radikalizmi qəbul etmir və biz yeni parlamenti fikir müzakirəsinin mərkəzi kimi görə biləcəyik.  

Siyasət texnoloqları bir seçki bitən kimi digərinə hazırlığın başlamasını vacib hesab edir. Yəni hakimiyyətə gəlməyi, seçkili orqanda təmsilçiliyi qarşısına məqsəd qoyan siyasi partiyalar üçün seçki həm də qüvvəsini yoxlamaq üçün meydandır. Xüsusilə də bu zamana qədər “xalq bizi dəstəkləyir” iddiasında olanlar üçün iddianı isbata yetirmək məhz seçkidən asılıdır. Bu baxımdan, Azərbaycanda fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkisi də siyasi qüvvələr üçün həm də yoxlanış günüdür. 

Ancaq bu düşüncədə olmayan, əslində isə öz gücsüzlüyünü, hazırlıqsızlığını boykot qərarı ilə pərdələməyə çalışan qüvvələr hələ də siyasəti siyasətbazlıqla dəyişik salır. Müxalif qüvvələrin böyük hissəsi - ReAL, Müsavat, AXCP seçkiyə qatılmaq barədə qərar verdiyi halda, Əli Kərimlinin “Yurd”u və Milli Şurası boykot qərarında israr edir. Arqumentləri də olduqca qəribə və gülməlidir. Seçki mühiti yaradılması ilə bağlı təkliflərini dəyərləndirmək də, müdafiə etmək də olardı, əgər ardınca payız-qış mövsümündə seçki keçirilməsinin mümkünlüyünü bildirən gülməli açıqlamalar olmasaydı… 

Seçki Milli Şuranın keçirmək istədiyi mitinqdir ki, yağış yağarsa, maraq üçün də heç kəs gəlməyəcək? Hava şəraiti qərar vermək, namizəd irəli sürmək, təbliğat aparmaq, qalib olmağa nə sədd yaradır ki, Əli Kərimli məzh bunu əsas gətirib boykot qərarı verir? Seçki meydanı verildiyi təqdirdə mitinq meydanı istəmək hakimiyyəti dəyişmək istəyən siyasi qüvvənin hətta bir seçkini belə udmaq bacarığında olmadığını göstərir. 
İnsanları razılaşdırılmamış kütləvi aksiyalara çağırmaq, təhlükə qarşısında qoymaq, müxalifəti daha da gücdən salmaq, xalqın olub-qalan inamını da itirmək əvəzinə seçki şəraitindən yararlanaraq, mübarizə aparmaq, seçicilərlə meydan şəraitində görüşmək daha doğru və məntiqli deyilmi? Bir halda ki, uğrunda mübarizə apardıqlarını iddia etdikləri şəraiti qurmaq üçün seçki meydanı, bir halda ki, “xalq bizi dəstəkləyir” iddiası, potensialı ortaya qoymağın zamanı deyilmi? 

Siyasi fəaliyyət məhz buna - istənilən seçkidə iştiraka və qələbəyə istiqamətlənməlidir. Siyasət budur, razılaşdırılmamış aksiyalara çağırış yox. Seçkinin zamanı barədə fikirlər gülməli olduğu qədər də absurd səslənir. Seçkilərin qışda, yayda, payızda, yazda olmasının nə fərqi var ki? Seçkilər bu mövsümlərdən birinə düşməlidir, bu məntiqlə seçkini yayda havanın isti olması səbəbindən də keçirmək olmaz. 

Türkiyədəki son bələdiyyə seçkisini xatırlayaq. Birinci turun nəticəsi ləğv edildikdən sonra ikinci tur yaya təsadüf edirdi. Seçkinin favoriti, indiki bələdiyyə başqanı Əkrəm İmamoğlu fəsildən şikayət etmədi, əvəzində hər kəsi seçkidə iştiraka çağırdı. Səsvermə günü minlərlə insan istirahətini yarımçıq qoyaraq İstanbula qayıtdı. Çünki siyasi qüvvə məhz ona səs verməyə böyük əksəriyyəti inandıra bimişdi. Siyasət budur, istənilən forst-major hala hazır olmaq, qüvvələrini səfərbər edə bilmək, insanları inandırmağı bacarmaq, daha yaxşı olacağı vədini yerinə yetirmək üçün meydan (oxu- parlament) arzusunda olmaq.

Üstəlik də nəzərə alaq ki, Azərbaycanda növbədənkənar seçki keçiriləcəyinə dair müzakirələr hələ yaz aylarından aparılırdı, yayda isə bu fikirlər daha da genişlənmişdi. Müxtəlif siyasi qüvvələr öz təhlilləri və ya onlara gələn informasiyalar əsasında növbədənkənar seçkinin olacağında israr edirdilər. Hər halda boykot qərarı verib ardınca da bu qərarı həm də hava şəraiti ilə əlaqələndirməyə çalışan qüvvələr də bu müzakirlərdən, informasiyalardan xəbərsiz deyildi. “Birdən olarsa…” ehtimalı siyasətdə təkcə ehtimal deyil, həm də siyasi qüvvənin gücünü səfərbər etməsi, hesablaması üçün tətikləyici faktordur. 

Görünən odur ki, indiki şəraitdə söhbət təkcə seçkiyə hazırlıqsız yaxalanmaqdan və ya hava şəraitinin müsait olmayacağına dair hələ olmayan proqnozlardan getmir. Söhbət xalqın dəstəyindən məhrum olmaqdan, seçkidə iştirak üçün qüvvənin ümumiyyətlə, olmamasından, siyasi arenada nüfuzsuzluqdan gedir. Bütün bunların əvəzində ortaya ancaq imkanlarla uyuşmayan iddia qoyulanda, nəticəsi nə xalq, nə də həmin siyas qüvvə üçün yaxşı olur.

Təbii ki, bu, təkcə siyasi partiyalar üçün deyil. Eyni zamanda, siyasi iddiası olan hər kəs üçün meydandır, dəyişiklik, yeniləşmə istəyən siyasi fəallar - gənclər və digər kateqoriya üçün bundan yaxşı meydan və şərait yoxdur. Xalqı inandırmaq, dəstəyini qazanmaq və seçicinin seçdiyi şəxsə çevrilməklə, Azərbaycanda başlanan islahatlara dəstək vermək mümkündür. 

Siyasətçinin, siyasi qüvvənin, ictimai xadimin amalı təkcə özünün hakimiyyətə gəlməsi yox, xalqın tələb və təkliflərinin reallaşmasına dəstək vermək, onun maraqlarının ifadəçisi olmaqdır. Ona görə də Azərbaycanda yuxarıdan - Prezident tərəfindən başladılan kompleks islahatlar paketinin reallaşmasında iştirak və bu islahatlara dəstək verilməsi zamanıdır. 

Azərbaycan yeniləşməyə doğru gedir. Bu yeniləşmənin iştirakçısı olmaq, ona töhfə vermək vətəndaş olaraq hər kəsin borcudur.

Hesab edirik ki, yeni parlament icra və məhkəmə sistemində başlayan və həyata keçirilən islahatlarla ayaqlaşacaq. Bu parlamentdə yeni təfəkkür, yeni düşüncə, sivil müxalifət təmsil olunacaq. Bununla da Azərbaycanda radikalizm tərəfdarlarının, küçə və meydan hamilərinin istədiyi düzən heç zaman kök sala bilməyəcək. 

Yeni parlamentin daha bir üstünlüyü isə təcrübə ilə yeni düşüncənin vəhdəti olacaq.  

Rəfail Becanov
"Сümhuriyət" qəzetinin baş redaktoru


Oxunma sayı: 6436