t Namizədlər təbliğata belə hazırlaşır: Kimi pul tapmır, kimi də şagirdlərə qələm paylayır
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Namizədlər təbliğata belə hazırlaşır: Kimi pul tapmır, kimi də şagirdlərə qələm paylayır

Namizədlər təbliğata belə hazırlaşır: Kimi pul tapmır, kimi də şagirdlərə qələm paylayır

Sabahdan etibarən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start veriləcək. 

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək. 

Maraqlıdır, qeydə alınmış namizədlər təbliğat kampaniyasında hansı yenilikləri planlayıb? 

Cebhe.info mövzu ilə bağlı bəzi namizədlər arasında sorğu keçirib. 

15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, ənənəvi olaraq seçicilərlə tək-tək görüş nəzərdə tutulur:

“Namizəd olduğun dairə seçki məntəqəsinin lövhəsinə plakatımızı yapışdıracağıq və kiçik bukletlər paylayacağıq. Maliyyə vəsaitimiz olmadığından seçkidə pullu təbliğat vasitələrindən istifadə etməyəcəyik”. 

35 saylı Xətai Seçki Dairəsindən namizədliyi qeydə alınan Ümid Partiyasının sədri İqbal Ağazadə təbliğatla bağlı yeni sxemlər üzərində işlədiklərini deyib:

“Bu gün bizim seçki qərargahının son iclası olacaq. Seçki qərargahı müəyyən edəcək ki, təbliğat hansı formada aparılsın. Bəzi sxemlər var, onu indi açıqlamaq istəmirəm. O sxemlərə uyğun olaraq təbliğatımızı aparacağıq. Bizim seçicilərlə təmasa girmək və qapı-qapı işləmək kimi bir problemimiz yoxdur. Əvvəlki təcrübədən də yararlanaraq, həm də seçicinin bizə olan rəğbətindən istifadə edib bu prosesi uğurla başa çatdıracağıq”. 

61 saylı Neftçala Seçki Dairəsindən namizəd olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, lazım olan bütün təbliğat vasitələri hazırlanıb:

“Təbliğatla bağlı ümumi bir qrafik tərtib edilib. Keçirəcəyim görüşlərlə bağlı kəndlər bölünüb. Bu gün Nefçala rayonuna gedəcək və sabah seçicilərlə ilk görüşümü keçirəcəyəm. Təbliğat kampaniyasının harada başlayıb, harada bitməsi ilə bağlı qrafik üzərində işləyirik”. 

15 saylı Yasamal I Seçki Dairəsindən qeydə alınan namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı təbliğat kampaniyası ilə bağlı formatı sabah açıqlayacaqlarını deyib:

“Sabah saat 14:00-da Müsavat Partiyası qərargahın mətbuat konfransı keçiriləcək. Tədbirdə partiyanın təbliğat tezisləri, şüarları, platforması cəmiyyətə təqdim olunacaq”. 

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən seçkilərə qatılan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, təbliğat kampaniyasının özəyini videokantet təşkil edəcək:

“Artıq bir neçə video çəkilib, hazırlanıb və təşviqat dönəmini gözləyirik. Amma əsas hədəf seçicilərlə birbaşa və qapı-qapı görüşə hesablanıb. Bundan əlavə təbliğat prosesi seçicilərə çap materiallarının paylanması və əsasən onlara seçkiyə gəlməyə çağırış üzərində qurulacaq. Həmçinin sosial medianın verdiyi imkanlardan istifadə ediləcək. Müxtəlif  kreativ görüşlər və ideyalarımız da var. Onlarla bağlı indi məlumat vermək doğru olmaz. Təbliğat prosesində hər gün müxtəlif yeniliklərlə və seçicilərlə görüşməklə mesajları onlara çatdırmaqla məşğul olacağıq”. 

61 saylı Neftçala Seçki Dairəsindən namizədliyi qeydə alınan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 23 gün ərzində bütün gücünü seçilmək üçün səfərbər edəcək:

“Namizəd olduğum dairənin 58 yaşayış və 41 seçki məntəqəsi var. Bir seçki məntəqəsi ilə digəri arasında 75 kilometr məsafə var. Bu, o deməkdir ki, bizi çətin seçki marafonu gözləyir. Bunun üçün 50 nəfərdən ibarət seçki qərargahı yaratmışam. İlk olaraq 17 yanvarda bütün məntəqələr üzrə rəsmi ayrılmış təbliğat yerlərinə seçki plakatımı asdıracağam. 18 yanvarda bütün Neftçala Seçki Dairəsini əhatə edən yerlərdə yaşayanlara flayer və buklet paylamaq prosesi başlayacaq. Sonra isə bütün məktəb şagirdlərinə qələm, təqvim və digər seçki marafonu üçün zəruri reklamlar əks olunan materiallar paylanacaq. Ondan sonra fevral ayının əvvəlində Neftçalada konsert proqramı təşkil etməyi düşünürəm. 18 yanvardan 8 fevrala qədər hər gün yaşayış məntəqələrində seçicilər ilə fərdi qaydada görüşəcək, onları dinləyəcəyəm”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2641