hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

NATO yolunda Rusiya SƏDDİ

NATO yolunda Rusiya SƏDDİ

“Gürcüstan NATO-nun üzvü olacaq”. NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Parlament Asambleyasının Londonda keçirilən toplantısında belə deyib. 

Lakin Stoltenberq bu prosesin zaman çərçivəsinin bəlli olmadığını deyib. Baş katib NATO və Gürcüstan arasında güclü tərəfdaşlığın olduğunu qeyd edib.

Onun sözlərinə görə, Alyans Gürcüstanın təhlükəsizlik və müdafiə institutlarının modernləşdirilməsi və gücləndirilməsi istiqamətindəki səylərini dəstəkləyir. Qeyd edək ki, Gürcüstan NATO-ya üzv olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ona görə də bu ölkənin 2021-ci ilə qədər NATO üzvlüyünə qəbul ediləcəyi gözlənilir. Lakin Şimali Atlantika Alyansının nizamnaməsinə görə, qonşu dövlətlərlə ərazi və sərhəd münaqişələri olan ölkə bu təşkilata daxil oluna bilməz. Buna baxmayaraq, Gürcüstanla bağlı istisna qərar veriləcəyi bildirilir. Yəni Gürcüstan Abxaziya və Cənubi Osetiya münaqişələri həll olunmadan NATO-ya cəlb edilə bilər. Qeyd edilir ki, Gürcüstanın münaqişələr olmayan əraziləri NATO-ya daxil olacaq. Digər ərazilərin qəbulu prosesi isə Abxaziya və Cənubi Osetiya problemlərinin həllindən sonrakı mərhələyə saxlanacaq. 

Siyasi ekspertlər isə hesab edir ki, Gürcüstanın NATO-ya qəbulu fəlakətli nəticələrə gətirib çıxara bilər.

Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Rusiya Gürcüstanın alyansa daxil olmasına çox sərt reaksiya verəcək. Nəticədə, Gürcüstan NATO ilə Rusiya arasında hərbi qarşıdurma meydanına çevriləcək:

“Gürcüstan NATO-ya qəbul olunmaqdan əldə edəcəyi faydadan daha çox Rusiyadan ziyan çəkəcək. Gürcüstan NATO-ya daxil olmaqdan heç bir mənfəət əldə etməyəcək. Bu ölkənin NATO-ya daxil olması Rusiyanı cinah ərazi kimi mühasirəyə almaq üçün, əsasən, ABŞ-a və NATO-ya lazımdır. Gürcüstanın əsas problemi ərazi bütövlüyü problemidir. NATO da bunu həll edə bilməyəcək. NATO-nun sabiq baş katibi Rassmussen də bu yaxınlarda bəyan etdi ki, Gürcüstan işğal olunmuş ərazilərsiz alyansa üzv olmağa hazırlaşmalıdır. Bu deməkdir ki, Qərb işğal olunmuş Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq iqtidarında deyil. Gürcüstanı NATO-ya elə parçalanmış şəkildə daxil etmək istəyirlər. Gürcüstanda Qərblə yanaşı, Rusiyapərəst qüvvələrin də meydana çıxması onların da mövqelərinin güclü olduğunu göstərir. Rusiya son dövrlər çox güclənib. Ona görə də Gürcüstanın NATO-ya qəbul edilməsi fəlakətə gətirib çıxara bilər. Vladimir Putin “Böyük Avrasiya” layihəsini reallaşdırmaq uğrunda mübarizə aparır. Ona görə də Kreml Gürcüstanın NATO-ya daxil olmasına imkan verməməyə çalışacaq. Qərbin Gürcüstanda gücü səthidir. Amma Gürcüstan pravoslav ölkəsi kimi Rusiya ilə yaxındır. Gürcüstan vətəndaşları Rusiyada işləyir. Yəni Gürcüstan iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Əgər Gürcüstan NATO-ya daxil olsa belə, böyük məyusluq yaranacaq. Gürcüstan Qərb təşkilatlarına inteqrasiya etsə də, NATO-ya üzvlük ona rifah gətirməyəcək. Bu, sadəcə olaraq, NATO-ya Rusiyanı cənubdan mühasirəyə almaq üçün lazımdır. Bu məsələdə həlledici digər amil 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkiləridir. Həmin seçkilərdə Qərbpərəst qüvvələr qalib gələrsə, Gürcüstan NATO-ya qəbul olunacaq. Əgər Rusiyayönümlü qüvvələr qalib gəlsə, o zaman bu məsələ parlamentin müzakirəsinə belə çıxarılmayacaq. Mənim fikrimcə, Rusiya parlamentdəki mövqeləri əldən verməməyə çalışacaq”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2333