hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Nazarbayevin şübhəli qayıdışı: Elbaşı nədən narahatdır?

Nazarbayevin şübhəli qayıdışı: Elbaşı nədən narahatdır?

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev ölkədəki mövcud siyasi vəziyyəti nizamlamaq üçün baş verənlərə müdaxilə etməli olub.

Avqustun 21-də hakim “Nur-Otan” Partiyasının Siyasi Şurasının iclasında N.Nazarbayev ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə çağırışları tənqid edib. Hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsini tutan N.Nazarbayev bütün seçkilərin konstitusiya ilə müəyyən edilmiş müddətə uyğun keçiriləcəyini bəyan edib.

Sabiq dövlət başçısı növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edən arı-ayrı müxalifətçilərə cavab verməyə çağırıb. “Biz ayrı-ayrı rəqiblərimizin və ya bloggerlərin majoritar sistemə qayıtmaq, növbədənkənar parlament seçkiləri keçirmək təkliflərini eşidirik. Bu gün həmin çıxışlara cavab vermək lazımdır. Burada əsaslandırılmlış arqumentlər yoxdur. Həmişə olduğu kimi yalnız mülahizələrdir”-Nazarbayev belə deyib.

“Nur-Otan” Partiyasının sədri tənqidçiləri konstruktiv olmamaqda ittiham edib: “Orada hakimiyyəti bu və ya digər çılpaq ifadələrlə tənqid edirlər. Əgər kimsə, nə isə təklif etmək istəyirsə, bunu necə etməyi də göstərsin”.

Qanunla "millətin lideri" statusu almış və ona hər hansı bir təqibdən toxunulmazlıq verən keçmiş prezident hansı müxalifləri və bloggerləri nəzərdə tutduğunu açıqlamayıb. Nazarbayev tənqidçilərdən hansı təklif və hərəkətlər gözlədiyinə də aydınlıq gətirməyib.

Konstitusiyaya görə, Qazaxıstan parlamentinin aşağı palatası olan Məclisə növbəti seçkilər 2021-ci ildə keçirilməlidir. Məclis üzvü olan 107 deputatdan 98 nəfəri partiya siyahıları əsasında seçilir. Nursultan Nazarbayevin rəhbərlik etdiyi 9 nəfərdən ibarət Qazaxıstan Xalq Asambleyası isə məşvərətçi orqandır. Nazarbayev bu qururma ömürlük sədr seçilib.

Hazırkı Məclisdə Nazarbayevin liderlik etdiyi “Nur Otan” Partiyasından 84 deputat təmsil olunur. Eyni zamanda, parlamentdə “Ak Jol” və Komunist Partiyası da yer alıb.

“Nur Otan” Partiyasının Siyasi Şurasının iclasında parlamentin hər iki palatasının spikeri, prezident Qasım Jomart Tokayev və yüksək vəzifəli məmurlar iştirak edib.

Qeyd edək ki, Qazaxıstanda dəfələrlə növbədənkənar parlament və Prezident seçkiləri keçirilib. Yalnız 2005-ci ildə Prezident seçkiləri vaxtında baş tutub. 1995-ci ildə Qazaxıstanda konstitusiyanın qəbulundan və ikipalatalı parlamentin təşkilindən sonra Məclisə seçkilər səlahiyyət müddəti tam başa çatdıqdan sonra keçirilməyib. Bu il də Nursultan Nazarbayevin istefa verərək hakimiyyəti Q.Tokayevə ötürməsi Qazaxıstanda növbədənkənar seçkilərini yalnız Elbaşının müəyyən etdiyini göstərdi.

“Nur-Otan” Partiyasının iclası Qazaxıstanın mövcud siyasi reallığı ilə bağlı bir sıra məqamları üzə çıxarıb. Nursultan Nazarbayevin hakim partiyanın toplantısını çağıraraq verdiyi bəyanat eks-prezidentin elita üzərində təsirini saxladığını göstərir. Ölkədə etiraz aksiyalarının artması fonunda vəziyyətə müdaxilə etmək məcburiyyətində qalan N.Nazarbayev prezident Tokayevə müxalif qüvvələrə güzəştə getməməyi tövsiyə edir. Yəni Nazarbayev özü prezident kürsüsündən uzaqlaşsa da, elitaya hakimiyyətin siyasi taleyini həll etmək imkanlarını əldən vermədiyini xatırladır. Çox güman ki, Nazarbayevin bu gedişi hakim düşərgədə mərkəzdənqaçma meyllərinin qarşısını almağa yönəlib. Qasım Jomart Tokayevin qismən liberal siyasəti müxalifətin və Qazaxıstanda marağı olan superdövlətlərin fəallaşması ilə müşahidə olunur. Ona görə də Nazarbayev yenidən meydana çıxaraq, prezidentin və parlamentin səlahiyyətlərinə müdaxilə edərək tapşırıqlar verir. Seçkilərin nə zaman keçirilməsi, yaxud rəqib siyasi qüvvələrlə münasibətlərin necə qurulmalı olduğunu müəyyən edir. Yəni “Kral yaşayır” və onunla hesablaşmayanlar cəzalandırıla bilər. Bu eyni zamanda Qazaxıstan cəmiyyətinə və post-Nazarbayev dövründə fəallaşan qüvvələrə ünvanlanmış mesajdır. “Nur-Ata” dövlətin idarəçilik kursunun formalaşmasında əsas söz sahibi olaraq qaldığını nümayiş etdirir.

Hakimiyyətdəki mövqeləri hələ tam möhkəmlənməmiş Prezident Tokayevin hazırda bu dəstəyə ehtiyacı var. Ona görə də dövlət başçısı fəaliyyətini böyük ehtimalla növbəti parlament seçkilərinə və hakim partiyanın qurultayına qədər N.Nazarbayevin siyasi “çətir”i altında davam etdirməyə üstünlük verəcək. Bu müddət isə Prezident Tokayevə elita daxilində qüvvələr nisbətini öz xeyrinə dəyişmək üçün zaman qazandıra bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1640