hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Nazirlik həyat sığortasına göz dikib

Nazirlik həyat sığortasına göz dikib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib.

Nazir ONA-ya bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar:

"Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib məqam odur ki, biz sığorta şirkətlərinin, bazarda sığorta alətlərini genişləndirməsi üçün onlara müxtəlif güzəştlər veririk.Lakin bunu yüz faizlik güzəşt kimi tətbiq etmək də düzgün olmazdı.

Ona görə də aparılan araşdırma zamanı belə qərara gəlindi ki, artıq onlar üçün bir neçə yüz faizlik güzəşt var və bu güzəştdən yararlanaraq müəyyən bazara sahib olublar.Bu üzdən o güzəştlər 50 faizə endirildi. Yəni, istənilən şəxs həyatın yığım sığortasına müraciət edən zamanı onun əmək haqqının 50 faizi tam şəkildə güzəştlərdən yararlanacaq, digər 50 faizi isə pensiya sisteminə yönəldilərək sosial sığorta haqqı ödəyəcək”.

S.Babayev qeyd edib ki, insanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar:

"Sosial sığorta vergi deyil. Vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir.Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir. Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır. Bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var. Sırf sosial sığorta prinsiplərinə görə, aldıqları əməkhaqqını tam leqal şəkildə göstərib, 25 faizini ödəyib və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır.Ona görə cənab prezident növbəti dəfə böyük humanist addım atdı.Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanın pensiyasını artırdı.Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar”.

Qeyd edək ki, Azərbaycanda yaşam sığortası ilə bağlı hökumət və şirkətlər arasında müzakirələrin 2018-ci ilin sonunda başa çatacağı deyilirdi.Nazir Sahil Babayev bildirmişdi ki, həyat sığortası ilə bağlı müzakirələrdə təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə şirkətlər arasında aparılmır.Müzakirələrdə eyni zamanda Vergilər və Maliyyə nazirlikləri də iştirak edir.Yəni, həyat sığortasının pensiya islahatından zərbə alması məsələsi hələ ötən ildən bəlli idi.Qanunvericiliyə əsasən, həyat sığortası üçün ödənişlər vergi və sosial ödənişlərdən azad edildiyinə görə, həmin vəsaitlər də sığorta haqqının üzərinə toplanır.Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu prosesdən vəsait cəlb edə bilmir.Nazirin həyat sığortasına etiraz etməsinin səbəbi də məhz budur.Nazirlik həyat sığortasından da qazanmaq istəyir.Hələ bir müddət əvvəl ekspertlər hansısa formada həyat sığortası üçün ödənişlərin qarşısının alınması üçün tədbirlər görüləcəyi barədə proqnozlar verirdi.Görünən odur ki, bu ildən onlar artıq özünü doğruldur. Proses belədir ki, vətəndaş həyat sığortasına ödədiyi vəsaiti 3 il sonra geri alır. Bu, sığortadan daha çox, vergidən yayınma mexanizmi kimi görünür.Yerli qanunvericilik buna imkan verdiyinə görə, hüquqi baxımından heç nə etmək mümkün olmur.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən məsələ müzakirə olunanda həyat sığortasına verilən güzəştlərdə müəyyən dəyişikliklərin olacağı və bunun ümumi yığımlara çox ciddi təsir göstərəcəyi proqnozlaşdırılırdı:

“Təbii ki, bu, belə də oldu. Nəticələrə baxanda görürük ki, cari ilin 2 ayı ərzində bazarda həyat yığım sığortası üzrə kəskin azalma olub.Həyat sığortasına qoşulmuş hər bir vətəndaş istəyir ki, bundan yaralansınlar və 100 faiz güzəşt alsınlar.Təbii ki, Sahil Babayev dövlətin mövqeyindən çıxış edir, bu da başadüşüləndir. Nazirin yerində kim olsa, dövlət adından eyni addımı atardı. Çünki ölkədə məcburi sosial sığorta sistemi var. Bütün çalışanların həmin məcburi sosial sığorta sisteminə müəyyən bir qatqısının və ayırmalarının olması vacibdir.İşləyən insanlar uşaqlarına görə, birdəfəlik, sosial və ya ölümə görə müavinətlər, pensiya təminatı və.s.kimi müəyyən kompensasiyalar alırlar.

Azərbaycanda özəl pensiya sığortalarının olmaması səbəbindən və yalnız dövlət məcburi sosial sığorta sisteminin olması səbəbindən əslində, nazirin də, dövlətin də mövqeyi doğrudur.Çünki Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri işləyənlərin və o cümlədən də, işəgötürənlərin ayırmaları hesabına formalaşır.Əslində, DSMF-nun xərclərinin çox ciddi istiqamətləri var. Yəni, istər insanların pensiya təminatı ilə bağlı, istərsə də onların müəyyən kompensasiyaları ilə bağlı və.s.Ona görə də dövlətin bu addımı başadüşüləndir.Müəyyən ölkələrdə 100 faizlik qoşulmalar var. Amma bu hansı ölkələrdə varsa, orada alternativ olaraq özəl sığorta fondları da var və vətəndaşlar onu seçməkdə sərbəstdirlər.Amma bizim vəziyyətimizdəki ölkədə yalnız bir dənə məcburi sosial sığorta sistemi var. Dövlət istəyir ki, vətəndaşların hər hansı bir formada ölkənin sosial təminat sisteminə bir faydası, qatqısı olsun”.

Ekspert proseslərin sığorta bazarı ilə yanaşı, insanların gəlirlərinə də təsir göstərəcəyini deyib:

“Çünki insanlar həyat sığortasına qoşulduqdan 3 il sonra tam vergidən azad şəkildə vəsaitlərini geri götürdülər. Amma işin digər tərəfini düşünmək lazımdır. Həmin vətəndaşlar bu il qoşulub o vəsaitləri aldılar, amma sabah pensiyaya çıxanda onların pensiya kapitalı formalaşmayacaq və onlar normal pensiya təminatı ala bilməyəcəklər. Ona görə də elə addım atmaq lazımdır ki, həm vətəndaş üçün müəyyən güzəştlər vermiş olsun, həm də DSMF-na müəyyən ayırmalar getmiş olsun.Yəni, belə bir şeyə imkan vermək olmaz ki, vətəndaş işləsin, amma DSMF-na heç nə ödəməsin”.

İndiyə qədər həyata sığortasına qoşulanlara gəlincə, Xəyal Məmmədxanlı müqavilənin sonuna qədər bunun davam edəcəyini deyib:

“Onların müqavilələri bitəndən sonra yenidən qoşulmaq istəsələr, o zaman yeni qanun onlara şamil ediləcək. Amma yəqin ki, mövcud müqavilələrin sonuna qədər həyat sığortasına qoşulanlara şamil edilməyəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 8671