hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

 “Türk Konseyi” dünyanın diqqət mərkəzində - Müsahibə

 “Türk Konseyi” dünyanın diqqət mərkəzində - Müsahibə

Cahandar Bayoğlu: “Türk Konseyi Adriatikdən Sakit Okeanadək bir coğrafiyanın simvolu olacaq”

Son zamanlar Azərbaycanın strateji önəmi qabardılmaqda və gündəmə gətirilməkdədir. İstər Güney, istərsə də Quzey Azərbaycanın adı dünyanın bütün strateji mərkəzlərində daha çox hallanır. Orta Şərq, Balkan, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bu dördlü bölgəsəl inteqrasiyanın hədəfləri ilə bağlı çoxsaylı konsesiyalar irəli sürülür. Hətta bundan sonra dünya düzənində sülh və sabitliyin, sosial-iqtisadi gəlişmələrin, təhlükəsizlik  və dəyərlərin önəmliliyi ilə ilgili çoxsaylı uluslararası toplantılar keçirilməkdədir. Bu barədə ilginc açıqlamaları ilə diqqəti cəlb edən "BAY Düçüncə Ocağı” Başqanı Cahandar Bayoğlunun fikirlərini öyrənməyə çalışdıq. 

 – Cahandar bəy, bundan öncəki müsahibənizdə Orta Şərq, Qafqaz və Anadoluda "Demokratik Dövlətlər Birliyi” ilə bağlı səsləndirdiyiniz fikirlər Azərbaycanın Güneyində, Türkiyədə və Azərbaycan Respublikasında ciddi oxucu kütləsi qazanıb və müzakirələrə səbəb olub. Siz Azərbaycanın "Azərbaycan Türkiyə Konfederasiyası” (ATA) və digər qonşu dövlətlərlə iqtisadi, siyasi, kültürəl əlaqələri necə qiymətləndirirsiniz?
– "Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) 160 milyonluq türk etnosunun dominantlığı ilə min illərdir bölgədəki problemlərin çözülməsi və region dövlətlərinin dünya sivilizasiyası üçün ciddi faktor olması ilə yanaşı, ATA-nın bütün qonşularla işbirliyində olmasını şərtləndirir. Bu həm də Azərbaycan və Türkiyənin Quzey-Doğu yönündə nüfuz dairəsinin genişlənməsində qonşu xalqlar arasında cazibə mərkəzinə çevrilməsi ilə sonuclanır. Biz artıq bu prosesin bütün işartılarını görürük. Azərbaycanın Türkiyə ilə işbirliyi, Xəzər ötəsində olan Mərkəzi Asiya Türk Dövlətləri ilə əlaqələrin genişlənməsi üçün təməli 1992-ci ildə qoyulan "Türk Dövlətləri Başçıları Konseyi” illər ötdükcə daha vacib olduğunu sübut edib. 1992-ci ildə yaradılan bu Konsey sadəcə deklorativ bəyanatla elan edilsə də, əslində bu gələcək üçün bir mesaj idi. Keçmiş sovet rejimindən çıxan dövlətlər 70 il ərzində türklüyündən uzaqlaşdırıldığı üçün və dövlət başçılarının hələ də Moskvanın neoimperiya siyasətinin caynaqları üzərində olduğuna görə bu Konseyin işlək mexanizmi qurula bilməmişdi. İllər ötdükcə Azərbaycanın və Türkiyənin iradəsi ilə Konsey üzvü olan dövlətlər kültür, ədəbiyyat, sənət, mənəvi ədəbi əlaqələrin bağlılığının bərpası yönündə mədəniyyət nazirlikləri çərçivəsində TÜRKSOY quruldu. TÜRKSOY-un bu illər ərzində istədiyimiz qədər olmasa da, ortaq dil, ortaq ədəbi-kültürəl fəaliyyətlər sahəsində xeyli işlər görülüb. "Türk Dövlət Başçıları Konseyi”nin Özbəkistan və Türkmənistan cümhuriyyətləri sonrakı illərdə Konseydən uzaqlaşdı, Konseyin bir çox uğurlu addımları Azərbaycan Respublikası, Türkiyə, Qazaxstan və Qırğızstanın üzərinə düşdü. Onu da açıq şəkildə etiraf etməliyik ki, Türk dövlətləri arasında daha çox geniş əlaqələr Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti meqa-layihələrin genişlənməsi ilə geriyə addımı olmayan, xalqlarımızın bütünlüyü adına irəliləməkdə davam edib. Digər Türk cümhuriyyətləri ilə olan işbirliyi arzu olunan səviyyədə olmayıb. Bu gün hələ Türkmənistanla bir çox problemləri yaşamaqdayıq. Qapalı ölkəyə çevrilmiş Türkmənistan dövləti Xəzərin su səthinin və dibinin bölünməsində, Trans-Xəzər nəqliyyat xəttinin açılmasında İran adlı ölkənin və özəlliklə Rusiyanın iradəsi ilə bu uluslararası səviyyəli layihənin gerçəkləşməsinə mane olur. Son bir ildə Xəzərin su səthinin Xəzər hövzəsi dövlətləri arasında ədalətli şəkildə bölünməsində Türkmənistanın pozitiv addımları ümidverici oldu. Son illərdə Mərkəzi Asiya Türk Dövlətləri arasında xüsusi əhəmiyyətə malik olan Özbəkistanda siyasi dəyişikliklərin baş verməsi  və Şövkət Mirzəyevin dövlət başçısı seçilməsi Mərkəzi Asiyada türk dövlətləri və Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında daha geniş mənada inteqrasiyanın yolunu açdı. 2018-ci ildə Qırğızstanın başkəndi Bişkekdə keçirilən "Türk Dövlət Başçılarının Konseyi” toplantısında Özbəkistan məşvərətçi səslə iştirak edib.

Yeri gəlmişkən bu məqamdan əcdad kökləri Hun Türklərinə dayanan və Avropanın mərkəzində yerləşən Macarstan dövlətinin də bu toplantıda məşvərətçi səslə iştirakı olduqca önəmli sayılmalıdır. Zaman keçdikcə, özəlliklə də Türkiyə Cümhuriyyətinin Orta Şərq, Cənubi Qafqaz və bütünlüklə dünya dövlətləri arasında bağımsız siyasət yürütməsi sonucunda "Türk Dövlətləri Konseyi”nin əhəmiyyətini daha da gücləndirib. Məhz belə olduğu üçün, Türk dövlətləri arasında mövcud ortaq işbirliyi "Türk Dövlətləri Konseyi” çatısı altında genişləndirilməsi və dərinləşdirilməsi həmin dövlətlərin daxili tələbatına çevrilib. Məhz bu tələbatlardan irəli gələn şərtlər və standartların sonucu kimi, bu ilin sentyabr ayında Azərbaycanın başkəndi Bakıda ilk dəfə olaraq "Türk Konseyi”nə daxil olan dövlətlərin təhlükəsizlik xidmətlərinin görüşündə "Türk Dövlətlərinin Təhlükəsizlik Xidmətləri”nin daimi işləyən ortaq qurumunun yaradılması və mərkəzi aparatının Ankarada yerləşməsi qərara alınıb. Hunqariyanın (Macarstan) başkəndi Budaşeptdə isə "Türk Dövlətləri Konseyi”nin daimi işləyən ofisi açılıb. Sevindirici haldır ki, Özbəkistan dövləti "Türk Konseyi”nin daimi üyəliyinə daxil olmaq barəsində xüsusi qərar verib. Türkmənistan isə, Konseyə məşvərətçi üyə olacağını rəsmən açıqlayıb. Bu il oktyabr ayının 14-15 tarixində Bakıda "Türk Konseyi”nin dövlət başçılarının xüsusi toplantısı gözlənilir. Bu toplantıdan Konseyin işlək qurumlarının yaradılması haqqında qərar verməlidir.

– Konseydə sizin fikrinizcə hansı qərarların verilməsini daha vacib hesab edirsiniz?
– Biz hesab edirik ki, "Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) nəzərdə tutulan işlək qurumlar "Türk Konseyi”ndə də yaradılmalı və daimi işləyən aparatı və rəhbər orqanları qurulmalıdır. Beləliklə "Türk Konseyi” Azərbaycan və Türkiyə Konfederasiyasının (ATA) eyniliyini yaratmaqla Adriatik dənizidən Sakit Okeana qədər bir bölgədə yaşayan xalqlar və dövlətlərarası qarşıdurmaların aradan qaldırılması, demokratik təsisatların yaradılması, bölgədə ekspansiya, təzyiq, işğalçılıq və hegemonluq hallarının aradan qaldırılmasına gətirəcək.

– Xəzər hövzəsinə daxil olan İran adlı ölkənin ərazisində Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin yaranacağını bildirmisiniz. Bəs Rusiya amili?...
– Bölgədə gedən siyasət və dünyada baş verən dəyişkənliklərin fonunda onu da xüsusi olaraq qəbul etmək lazımdır ki, Rusiya Federasiyasının demokratikləşmə prosesi bitənədək bu dövlətin "Türk Konseyi”ndə müşahidəçi üzv kimi iştirakı məqsədə uyğun sayılır.

– "Türk Konseyi”nin tərkibində hansı qurumların yaranması daha aktualdır?
– Nəqliyyat və kommunikasiya vasitələri üzrə layihələrin  gerçəkləşməsi üçün dövlətlərarası iqtisadi münasibətlərin tənzimlənməsi, ortaq bazarın yaradılması, ortaq bank və valyutanın yaradılması lazımdır. İstehsalat sahələrinin yaradılması üçün iqtisadi inkişaf qurumları formalaşmalıdır. Xarici təcavüzdən qorunmaq üçün ortaq müdafiə qərargahı yaradılmalıdır.

Ortaq türkcənin yaranması üçün ortaq KİV, informasiya agentlikləri fəaliyyətə başlamalıdır. Mənəvi birliyimizin təmin edilməsi üçün Konseyin ortaq inanc mərkəzi yaradılmalıdır ki, bu mərkəzdə bütün dövlətlərin dini rəhbərləri və qurumları təmsil olunaraq inanclarımıza yönəlik dağıdıcı, aşındırıcı və missioner fəaliyyətlərin qarşısı alınsın.

– Cahandar bəy, Rusiyada yaşayan müsəlman və türk soylu toplumlarla işbirliyi necə olmalıdır?
– "Türk Konseyi”nin işlək qurum və quruluşları yaradıldıqca Rusiya Federasiyası ilə danışıqlar aparıb sınır bölgəmizdə olan qardaş toplumların, “Türk Konseyi”nə üzv olan dövlətlərə gediş-gəlişlərinin sərbətsləşdirilməsini anlaşmalıdır. Bu, təkcə Quzey sınırmıza aid deyil, eyni zamanda Qazaxstanın quzey sınırları boyunca yaşayan türk toplumlarına şamil edilməlidir. Əsasını TÜRKSOY-la qoyulan ədəbi, mədəni, kültürəl əlaqələr daha da genişlənməli, milli-mədəni haqlar geniş şəkildə inkişaf etdirilməlidir. "Türk Konseyi”nə daxil olan dövlətlərin kültürəl, mədəni, ədəbi və tarixi proqramların icrasına və yaşadıqları bölgələrdə tətbiq olunması üçün şərait yaradılmalıdır. Ortaq türkcəmizin formalaşmasında bu toplumların dillərində işlədilən söz və sözcüklərdən istifadə edilməsi üçün həmin toplumların alimləri işbirliyinə cəlb edilməlidir.

Rusiya dövləti insan haqlarına dayanan bu anlaşmaya yardımçı olarsa, gündəmə gələn bu proses daha çox Rusiyanın öz xeyrinə olar. Bu həm də türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsinə gətirib çıxaracaq. Bu məsələ sadəcə Rusiya Federasiyasına aid deyil. Qonşşu Gürcüstan, Əfqanıstan və Pakistana da şamil edilməlidir. Beləliklə "Türk Konseyi”nin Azərbaycan Respublikası, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızstan, Qazaxstan və Macarstan qurucu və daimi, Rusiya Federasiyası, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikistan, Monqolustan isə məşvərətçi üzvlər olurlar.

Ənvər Yusifoğlu

Cebhe.info


Oxunma sayı: 1024