t "Nə etsək də, "donuz qripi" Azərbaycana keçəcək" - MÜSAHİBƏ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

"Nə etsək də, "donuz qripi" Azərbaycana keçəcək" - MÜSAHİBƏ

"Nə etsək də, "donuz qripi" Azərbaycana keçəcək" - MÜSAHİBƏ

Payız girəndən Azərbaycanda xəstəlik törədən qəribə virus yayılıb. 

Çox hallarda ağırlaşma və təkrar qayıdışla müşahidə olunan bu virus mənşəli xəstəlik əhali arasında ciddi narahatlığa səbəb olub. Əsasən yüksək hərarət, boğaz, baş, bel ağrıları ilə müşayiət olunan, daha sonra ishal və ürəkbulanma yaradan, sağalma prosesi uzunçəkən xəstəlik hökm sürür. Fakt ondan ibarətdir ki, ölkədə xəstəlik törədən virus tüğyan edir və insanlar təşviş içindədir. Rəsmi qurumlar isə ölkədə hər hansı qrip virusunun olmadığını bildirirlər. Qeyd olunan əlamətlərlə müşayiət olunan xəstəlik isə geniş vüsət almaqdadır və daha çox azyaşlılar arasında ciddi ağırlaşmalar yaradır. 

Ölkədə müşahidə olunan bu əlamətlərin hansı xəstəliyin göstəricisi olduğu hər kəsə maraqlıdır. 

Tanınmış pediatr Vaqif Qarayev “Cümhuriyət” qəzetinə müsahibəsində mövzu ilə bağlı sualları cavablandırıb.

-Vaqif müəllim, iki aydan çoxdur ki, ölkədə ağırlaşma və təkrar qayıdışla müşahidə olunan virus mənşəli xəstəlik yayılıb. Bu hansı xəstəliyin göstəricisidir?

-Mövsümlə bağlı soyuqdəymə xəstəlikləri və virus infeksiyaları təkcə Azərbaycanda deyil, dünyanın hər yerində çoxalır. Amma Dünya Səhiyyə Təşkilatının izlədiyi infeksiyalar var ki, onlardan biri də qripdir. Çünki qrip ayrıca bir virus tərəfindən törədilən ölümcül ağırlaşmaları olan, vaxtilə yüz minlərin həyatına son qoyan çox ağır virus infeksiyasıdır. Məsələ burasındadır ki, Azərbaycanda el arasında burnu tutulana, öskürənə də qrip deyilir. Qrip virusu tamam fərqlidir və törədicisi A, B və C tipləridir. Bunlardan ən ağır olanı A tipidir. Son illər insanların başına bəla olan “donuz” və “quş” qripləri A tipinin mutasiya olunmuş formasıdır. Bu qrip növünün mövcudluğu rəsmi olaraq laborator təsdiqdən sonra əhaliyə bildirilməlidir. B və C qrip növləri yüngül formadır, elə də ölümcül ağırlaşmaları olmur. Bundan əlavə soyuqdəyməni yaradan başqa viruslar da var. Sıravi və praktik həkim olaraq görürəm ki, Azərbaycanda azı 3-4 virus havada fırlanır. Məsələn, tək quru qızdırma ilə, qızdırma və öskürəklə, boğazağrı və qızdırma ilə, eləcə də qızdırma və səpgi ilə müşahidə olunan viruslar var. Bunlar başadüşüləndir. Bəlli olur ki, bunlar qrip deyil, qeyd etdiyim başqa viruslar tərəfindən törədilir. Amma Gürcüstanda H1N1, yəni “donuz qripi” var. Ölkənin rəsmi qurumları bunu nə keçən il, nə də bu il gizlətdilər. “Donuz” qripi və “quş qripi” elə viruslardır ki, bir hadisə baş versə belə, bu barədə Dünya Səhiyyə Təşkilatına məlumat vermək lazımdır. Bu mütləq, vacib və labüddür. Bunu gizlətmək olmaz. Xatırlayırsızsa, ötən il Azərbaycanda da “donuz qripi”nin olduğu rəsmi qurumlar tərəfindən gizlədilirdi. Dünya Səhiyyə Təşkilatı məlumat yaydı ki, Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxan var, ondan sonra açıqlandı. Bu cür məlumatları gizlətmək mənasızdır. Gürcüstan Azərbaycana ən yaxın, sıx gediş-gəlişi olan ölkədir. Nə etsək də, “donuz qripi” Azərbaycana keçəcək. O başqa məsələdir ki, sərhəddə epidemioloji-sanitar vəziyyətə nəzarət edilir. Yəni bu, bütün dünyada qəbul olunmuş bir qaydadır.  Virus yayılan ölkələrə gediş zərurəti yoxdursa, əhaliyə xəbərdarlıq olunmalıdır ki, səfərləri məhdudlaşdırsınlar. Amma heç bir halda hökumət təşviş yaratmamalıdır. Çünki insanlar internetdən bu barədə məlumat oxuyurlar. Dövlətin rəsmi məlumatı fəeqli olursa, bu, artıq çaşqınlıq yaradır. Ümumiyyətlə, hər hansı xəstəlik halları çoxalırsa, əhaliyə təşviş yaratmamaq şərtilə mümkün qədər həqiqəti demək lazımdır. 

-Hazırda sizə yüksək hərarət, boğaz, baş, bel ağrıları ilə müşayiət olunan əlamətlərlə bağlı müraciət edənlərin sayında artım varmı? 

-Bəli, artıb və günbəgün çoxalır. Xüsusən bağça  və məktəb yaşında olan uşaqlarla bağlı daha çox müraciət var. İstənilən sinfə daxil olsaq, hər sinfin üçdə ikisi xəstədir. Bu, qəbulolunmaz bir məsələdir. Əvvəlcə şablon məsləhətlərimizi veririk. Antibiotikin heç bir halda tərəfdarı deyiləm. Çünki antibiotik sadaladığımız bu viruslara təsir etmir. Özünümüalicə ilə məşğul olmaq isə qəbuledilməzdir. Üç gündən çox yüksək qızdırma davam edəcəksə, mütləq həkimə müraciət etmək lazımdır. Xəstə müayinə olunmalıdır ki, antibiotikin təyinatına ehtiyacın olduğu müəyyənləşsin. Bu, tibbin qanunudur.  Ölkədə  epidemiya var, ya yoxdur, onu bilmirəm? Epidemiyanın xüsusi parametrləri var. Bunu Statistika Komitəsi aparır. Tutaq ki, bir həftə ərzində yüz mindən 350-400 nəfər xəstələnibsə, onda epidemiya elan edirik. Bu, çox ciddi məsələdir və hökumətdən kifayət qədər ciddi maddi resurlar tələb edir.  “Bizdə heç nə yoxdur” demək də düzgün deyil. Xəstəxanalara baxın, uşaq şöbələri aşıb-daşır. Yaxşıdır ki, ölüm hadisəsi yoxdur. 

-Epidemioloji labarator müayinədən keçməsi üçün şübhələndiyiniz xəstə olubmu?

 -Epidemiya xəstəxana şəraitində, yaxud da xüsusi avadanlıq vasitəsilə yoxlanılır. Açığını deyim ki, Azərbaycanda H1N1 virusu yoxlayan avadanlıq yoxdur. Analiz götürülürsə belə başqa yerə göndəriləcək. Amma xəstəxana şəraitində virus infeksiyaları yoxlamaq üçün Taun Əleyhinə Stansiya var. Ümumiyyətlə, bu xəstəliklərin statistikası Respublika Gigiyena və Epidemiya Mərkəzinə verilir. Gündəlik ölkə üzrə nə qədər insanın hansı virusa yoluxması ilə bağlı statistikası qeydə alınır. Onu da deyim ki, belə bir qayda var. Əgər bu xəstəliklər çoxalırsa, insanların tibb müəssisəsinə axınını kifayət qədər məhdudlaşdırmaq lazımdır ki, gəlib sağlam adamları yoluxdurmasınlar. Bu qaydaya mütləq əməl etmək lazımdır. Bu baxımdan sahə həkimlərini evə çağırmaq daha məqsədəuyğundur.  

-Az əvvəl dediniz ki, qeyd edilən virusdan Azərbaycanda ölüm halı olmayıb. Amma bir neçə gün əvvəl Şəkidə iki uşaq anasının soyuqdəymədən öldüyü bildirilib...

-Ümumiyyətlə, istənilən viruslar bizə ağırlaşmaları ilə təhlükəlidir. Ağırlaşma vermirsə, o virusun öz zamanı var, yaşayıb gedəcək. Heç nə olan deyil. Amma ağırlaşma, konkret desək, pnevmaniya verəcəksə, bu mütləq xəstəxana şəraitində müalicə edilməlidir ki, qarşısı alınsın. Mən bilmirəm Şəkidəki ölüm hansı səbəbdən olub. Amma indiki xəstəliyə qədər bronx və ya ağciyərlərdə hər hansı xroniki problemi olubsa, onda bu viruslar köhnə ocağı kəskinləşdirir. Bədən müqaviməti virusların hesabına aşağı düşür və xəstəlik aktivləşir. Bu kateqoriyadan olan insanlarda ağırlaşma ehtimalı yüksəkdir. Şəkidəki olayla bağlı detallardan xəbərsizəm. Ona görə də birmənalı fikir bildirə bilmərəm. Ona görə də hər zaman deyirlər ki, uşaqları, hamilə qadınları, yaşlıları və xroniki problemi olanları qrip virusundan qoruyun.

-Dünya üçün yeni kabus olan koronovirusun yeni növündən Çində ölənlərin sayı artır. Bu virusun Azərbaycana yayılma təhlükəsi varmı?

-Bu da virus ailəsinin bir növüdür. Dünya Səhiyyə Təşkilatının məlumatında qeyd edilir ki, koronovirus yeni virusdur. Atipik pnevmaniya deyilən bir şey var. Gedişatı müəmmalı və nəticəsi ölümcül olan virusdur. Bir neçə gün əvvəl deyilirdi ki, bu virus insandan-insana keçmir, daha çox balıqçılıq təsərrüfatında işləyənlərə yoluxub. Amma bu günlərdə oxudum ki, artıq insandan insana keçmə var. Yeni və öyrənilməmiş virus olduğu üçün konkret qarant sözlər deyə bilmirlər. İki gün əvvələ qədər Çinə səfər və ticari əlaqələrə məhdudiyyət qoyulmurdu. Bu, o deməkdir ki, vəziyyət təhlükəli həddə dir. İstənilən halda zərurət yoxdursa, o regiona getməmək daha yaxşıdır. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 18866