hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Neft bazarı “cilovlanır”:Qiymətlər daha da ucuzlaşacaq

Neft bazarı “cilovlanır”:Qiymətlər daha da ucuzlaşacaq

Sentyabrın 14-də Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum  olduqdan sonra neftin qiymətində ciddi şəkildə artım müşahidə edilib.

Belə ki, Brent markalı neftin bir bareli 71 dollara çatıb. Bəzi məlumatlarda neft emalının əvvəlki vəziyyətinə çatması üçün xeyli müddət lazım olduğu bildirilib. Bu cür məlumatlar bazarda çaxnaşma ehtimalını da gücləndirib.

Lakin çox keçmədən Energetika Nazirliyi məsələ ilə bağlı  bəyanatla çıxış edib. Energetika naziri Əbüdləziz bin Salman açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanı neft hasilatını operativ şəkildə əvvəlki vəziyyətinə qaytara bilib. Nazir bildirib ki,  hazırda neft dronların zavodlara hücumunadək olan səviyyədə istehsal olunur. Hasilat 17 sentyabr günorta bərpa edilib .

Nazirin sözlərinə görə, “Saudi Aramco” şirkəti hücumlara baxmayaraq, müştəriləri qarşısında vəzifələrini yerinə yetirəcək.

Nazirin çıxışından sonra bazarda müəyyən ucuzlaşma qeydə alınıb. Ancaq istehsal tam həcmdə bərpa olunması şübhə altındadır və bu, gələcək bahalaşmaya rəvac verə bilər. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Səudiyyə Ərəbistanında  ilk olaraq dron hücumunun neft emalı zavodlarına olmadığını bildirib:

“Səudiyyə Ərəbistanında neft emalı zavodlarına dron  hücumu olmayıb. Səudiyyə Ərəbistanının şərq vilayətlərində yerləşən  Xurais  neft yatağıdır, emal zavodu deyil. Verilən məlumatlara görə, həmin neft yatağının təsdiq olunmuş neft ehtiyatları 20 milyard barel civarındadır. Bu məlumatın nə dərəcədə düzgün olduğunu isə heç kim dəqiq bilmir. İkinci neft obyekti Abqaiq isə neftin ilə bağlı bir məntəqədir. Bu emal müəssisəsi deyil. Sadəcə olaraq  istehsal müəssisəsidir. Qavar yatağından, Xurais yatağından hasil olunan neft bu məntəqəyə daxil olur və həmin məntəqədə quyulardan hasil olunmuş neft mexaniki qarışıqlardan ayrılır, kükürddən təmizlənir və bir hissəsi daxildəki neft emalı zavodlarına, bir hissəsi şərq-qərb ixrac kəməri ilə Qırmızı dəniz sahilindəki terminallara göndərilir”.

Ekspert hazırkı vəziyyətdə neft qiymətində artımın müşahidə olunmayacağını, bunun mümkünsüz olduğunu vurğulayıb:

“Qəza baş verdikdən sonra düzdür ki, neftin qiymətində  bazar ertəsi müəyyən sıçrayışlar oldu, lakin qiymət çox qısa müddətdə aşağı düşdü, çünki indiki tələbat fonunda qiymətin artması mümkün deyil. İkinci bir tərəfdən bu barədə Səudiyyə Ərəbistanının neft nazirliyi bütün müştərilərini əmin etdi ki,  ehtiyat güclərdən istifadə olunacaq və kontrakt öhdəliklərini yerinə yetirəcəklər. Əgər “Xurais” yatağında və “Abqaiq” neftin qəbulu məntəqəsində baş vermiş qəzanın nəticələri qısa müddətdə aradan qaldırılmasa, bu müddət ərzində Səudiyyə Ərəbistanı ehtiyatında olan neftdən istifadə edəcək.

Səudiyyə Ərəbistanının həm daxildə, həm xaricdə olan əraziləri davamlı neftlə təmin etmək üçün Yaponiyanın Okinava terminalında kifayət qədər neft həcmləri mövcuddur. Avropa, yəni Şimal -Qərbi Avropa enerji bazarlarını Səudiyyə Ərəbistanının yüngül və yaxud da ağır neft həcmləri ilə təmin etmək üçün Niderlandın Rotterdam limanında ehtiyat həcmləri mövcuddur. Eyni zamanda bunların Aralıq dənizinin enerji rayonlarını mütəmadi neftlə təmin etmək imkanına malik Misir dövlətində neft həcmləri mövcuddur. Yəni Səudiyyə Ərəbistanının öz öhdəliklərini yerinə yetirməkdə hələki heç bir çətinliyi yoxdur. Səudiyyə Ərəbistanının kommersiya təyinatlı neft ehtiyatları 185 milyon bareldir. Ölkə daxilində neft məhsullarına olan tələbatı da ödəmək üçün ehtiyat gücləri mövcuddur. Yəni neft məhsullarının ehtiyatı 90 milyon bareldir. Qiymətin artması mümkün deyil, çünki ehtiyat güclər mövcuddur”.

Həmsöhbətimiz neft tədarükündə ləngimələr olacağı təqdirdə qonşu dövlətlərin vəziyyəti tənzimləyəcəyini qeyd edib:

“Əgər tədarükdə dayanmalar olsa, qonşu dövlətlər bunu önləyəcək. İraq, Küveyt, BƏƏ, ABŞ, Rusiya və digər dövlətlər tədarük həcmlərini artıra bilər. Amma neftin qiyməti sıçrayışla o zaman qalxa bilərdi ki, Fars körfəzində hərbi qarşıdurma olsun, siyasi vəziyyət daha da kəskinləşsin.  Mən əvvəlcədən də bildirmişdim ki, qiymət artımı müvəqqəti xarakter daşıyır, bir neçə günə əvvəlki vəziyyət bərpa olunacaq. Məsələn, qiymət 71-dən,68-ə, 68-dən 67-ə,daha sonra, 65-ə, indi isə 63-ə düşüb, bir müddətdən sonra  bir az da düşəcək. Qiymət artımı o zaman baş verir ki, bazarda tələbat yaransın, dünyanın iqtisadi gücü buna imkan versin. İndi Çinlə ABŞ arasında tarif müharibə gedir, Rusiyaya sanksiyalar sərtləşdirilir, İranla münasibətlər gərginləşir, belə olan halda dünya iqtisadiyyatına geosiyasi gərginlik təsir edir. Dövlətlər arasındakı qarşıdurmalar birbaşa dünyada  ümumdaxili məhsulun artımına təsir edir,nəticədə neftə olan tələbatı aşağı düşür”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 859