hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Neft bazarında düzəni pozan inqilab

Neft bazarında düzəni pozan inqilab

Venesuelada hakimiyyət böhranı yaranıb.

Yanvarın 23-də prezident Nikolas Maduronun devrildiyi elan olunub. Venesuela parlamenti prezident vəzifəsinin icrasını spiker Xuan Quaidoya tapşırıb. ABŞ prezidenti Donald Tramp Quaidonu dəstəkləyib və onu ölkənin qanuni prezidenti kimi tanıyıb. ABŞ-ın ardınca Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Gürcüstan da Quaidonu prezident vəzifəsinin icraçısı kimi tanıdığını bildirib. Bundan başqa, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Moqerini də Quaidonu dəstəkləyib.

Meksika, Rusiya və Türkiyə isə Nikolas Madorunu dəstəklədiklərini və onu Venesuelanın qanuni prezidenti kimi tanıdıqlarını bəyan edib. Qeyd edək ki, 2018-ci ilin göstəricilərinə əsasən, neft ehtiyatlarına görə ilk 6 yeri Venesuela, Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt və BƏƏ tuturlar. Dünya neft ehtiyatlarının 54 faizi Yaxın Şərq, 22 faizi isə Latın Amerikası ölkələrinin payına düşür.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, Venesuelada baş verən hadisələr qlobal bazarda yüngül və ağır neft balansına çox ciddi təsir göstərəcək. O, bildirib ki, İrana tətbiq olunan sanksiyalardan sonra bu ölkənin imkanlarının məhdudlaşması, satış coğrafiyasının daralması, eyni zamanda ixrac həcmlərində əhəmiyyətli dərəcədə enmələr baş verdi:

“Venesueladakı siyasi böhranın kulminasiya nöqtəsinə çataraq qlobal bazarlarda yüngül və ağır neft balansını pozub. Bu il ABŞ-da xam neft istehsalının 12 milyon barrel olacağı ehtimal edilir. Bu o deməkdir ki, bazarlarda kifayət qədər yüngül neft həcmləri artacaq. Asiya, Avropa və Amerikadakı neft emalı zavodlarının konfiqurasiyası ondan ibarətdir ki, onlar yüngül və ağır neftin qarışığından işləyən zavodlardır. Ona görə də bütün emal güclərində ağır neftə olan tələbat durmadan artacaq. Bazarda tələbatı ödəyəcək ağır neft həcmlərinin kifayət qədər mövcud olması sübhə altındadır.

Venesuela qlobal neft bazarlarında ağır və yüngül neft tarazlığını bərqərar etmək üçün ixrac həcmlərinə malik idi. Venesuelanın sutkalıq neft hasilatı 1.2 milyon barrelə düşüb və bu tendensiya bundan sonra da davam edəcək. Əgər Venesuelada siyasi böhran bir az da davam etsə, onun ixrac imkanları demək olar ki, tam məhdudlaşacaq. Digər tərəfdən ABŞ rəhbərliyi Venesuelaya dərin neft embarqosu qoymaq barədə düşünür. Çünki Venesuela neftinin alıcılarından biri ABŞ-dır. Belə olan təqdirdə dünya bazarlarında yüngül və ağır neftin balansı kəskin dəyişəcək. Yəni, bazarda tələbatdan artıq yüngül neft həcmlərini tapmaq mümkün olacaq, lakin ağır neft həcmlərini mövcud olmayacaq”.

Ekspert hesab edir ki, Venesueladakı proseslərin qlobal bazarlarda neftin qiymətinin sıçrayışla artmasına heç bir fundamental səbəb yoxdur:

“Təkcə ABŞ-da kommersiya və strateji neft ehtiyatlarında yığılan həcmlər 1 milyard barreldən yuxarıdır. Yəni, 662 milyon barrel strateji, 436 milyon barrel də kommersiya təyinatlı neft ehtiyatlarıdır. Üstəgəl, 258 milyon ton benzin, 158 milyon tona yaxın isə yüngül və ağır distilat ehtiyatlarıdır. Həmçinin, yanvar ayı üçün Beynəlxalq Valyuta Fondunun açıqladığı bir hesabat dərc olunub. Hesabata əsasən, dünyanın bütün aparıcı ölkələrində - Almaniya, Yaponiya, Cənubi Koreya, Çin, ABŞ və.s. iqtisadi artım tempi aşağı düşüb. Belə təqdirdə neftə olan tələbat da aşağı düşüb. Hazırda neftin qiymətinə təsir edən fundamental faktorlardan biri də, neft məhsulları bazarında bütün yanacaq növlərinin tələbatdan artıq həddə olmasıdır. Çin Xalq Respublikasında və Avropadakı neft emalı zavodlarının əksəriyyətində neftə olan tələbat kəskin aşağı düşüb. Çünki anbarlarda kifayət qədər neft məhsulları var. Əgər bu məhsulların sürətli satışı baş verməsə, neft tədarükü də kəskin şəkildə aşağı düşəcək. Hazırda Brend markalı neft 60 dollara tədarük olunur. “Dawnstream” və “upstream” seqmentində mövcud olan emal güclərində (NEZ-də) emal marjı hər barrelə görə aşağı düşdüyündən neftə olan tələbat da aşağı düşəcək”.

Zəfər Vəliyev ehtimal edir ki, yaxın bir neçə ay ərzində neft hazırkı qiymətlərdən bir qədər də aşağı düşəcək:

“Bazarda tarazlıq pozulub. Nə OPEC, nə də təşkilatla əməkdaşlıq edən Vyana sazişinin iştirakçısı olan üzv dövlətlər qlobal bazarlarda tarazlığı bərqərar edə bilməyiblər. Bunun da əsas səbəbi Səudiyyə Ərəbistanının və Rusiyanın 2018-ci ilin üçüncü kvartalından başlayaraq hasilat və ixrac həcmlərini kəskin şəkildə artırmasıdır. Ötən ilin noyabr, dekabr aylarında Səudiyyə Ərəbistanının ortalama ixrac həcmləri 8 milyon barrel civarında olub. Elə iş həftəsi olub ki, ixrac 8.2 milyon barrel olub. Bazarlarda kifayət qədər neft ehtiyatları mövcuddur. Bu ehtiyatlar azalmasa, neftə olan tələbat da artmayacaq”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 938