hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Neft bazarında siyasi risklər

Neft bazarında siyasi risklər

Rusiyanın Energetika naziri Aleksandr Novak enerji bazarlarındakı son proseslərə bağlı yerli telekanallara müsahibə verib. 

Nazir qlobal neft bazarlarının sabit vəziyyətdə olduğunu bildirib. Aleksandr Novak qlobal neft bazarlarında "böhran əlaməti" görmədiklərini də dilə gətirib: “"Neft bazarı hazırda sabitdir. Ancaq qış dövrü üçün bəzi risklər var, vəziyyəti yaxından təqib edirik".

Maraqlıdır, bu risklər nə ola bilər?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, Aleksandr Novak növbəti kəsintilərə ehtiyacın olmadığına eyham vurmaq istəyib:

“Çünki qlobal neft bazarlarının indiki durumu əlavə kəsintilərin olmasını tələb edir. Əgər İraqda vəziyyət nəzarətdən çıxarsa, o zaman kəsintilərə ehtiyac olmayacaq. Çünki hazırda həm İraqda, həm də Ekvadorda siyasi vəziyyət ürəkaçan deyil. Əgər buradakı böhran bir az da dərinləşərsə, OPEC-in əsas neft hasil və ixrac edən dövlətlərindən biri olan İraqa çox ciddi zərbə dəyəcək. Əgər bu hadisələr baş verməsə, növbəti ildə qlobal neft bazarlarında balansın və ağırlıq mərkəzinin qorunub saxlanması naminə OPEC və müttəfiq dövlətlər bazar paylarının bir hissəsindən imtina edəcəklər. Hazırda Norveçin aktivində olan iki dəniz yatağında neft hasilatı artmaqda davam edir. Gələn il Norveçin sutkalıq neft hasilatının həcmlərində 600 min barelə yaxın artım proqnozlaşdırılır. Hasilat həcmlərindəki analoji artım ABŞ-da, Braziliyada, o cümlədən Qazaxıstanda da müşahidə olunacaq. Baxmayaraq ki, Qazaxıstan Vyana sazişinə qoşulub və öhdəlik götürüb, amma gələn il yenidən hasilat həcmlərində artım olacaq. Belə olan təqdirdə, Qazaxıstanın həmin kvotanı necə qoruyub saxlayacağı maraqlıdır. Nəzərə almaq lazımdır ki, Qazaxıstan ölkə ərazisində dörd neft emalı zavodunda yenidənqurma işləri aparır, texnoloji qurğuların emal güclərini artırır. Qazaxıstanın həm daxili, həm də xarici öhdəlikləri var. Ona görə də, istəsə də, istəməsə də gələn il Qazaxıstanın neft hasilatında artımlar olacaq. Bunu necə nizamlayacağını əvvəlcədən demək çətindir”.

Ekspert onu da qeyd edib ki, vəziyyətə ümumi nəzər saldıqda qarşıdakı aylarda neftə olan tələbatın aşağı düşəcəyini proqnozlaşdırmaq olar:

“ABŞ-la Çin arasındakı ticarət savaşları, eyni zamanda hər iki ölkə liderlərinin görüşməsi barədə informasiyalar da bazara müəyyən siqnallar ötürür. Hesab edirəm ki, bu görüş baş tutsa belə, hər hanasısa konstruktiv yaxınlaşmaya nail ola bilməyəcəklər. Çünki ortada digər siyasi faktorlar var. Həm ABŞ-da neft hasilatının artması, həm kommersiya və strateji neft ehtiyatlarının qlobal neft bazarları üçün təhdid yaratması, eyni zamanda Asiyada, Avropa İttifaqı ölkələrində neft ehtiyatlarının normadan artıq olması və bunlara rəğmən OPEC-in dəqiq nizamlama rıçaqlarının mövcud olmaması neftə olan tələbatı aşağı salacaq. Təbii ki, bu da neftin qiymətlərinə mənfi təsir göstərəcək. Bu baxımdan OPEC və müttəfiq dövlətlər bazarı düzgün tənzimləmək nöqteyi-nəzərdən idxal-ixrac həcmlərini nizamlamalıdır. Bu da çox çətin bir prosesdir. Əgər bu işlərin öhdəsindən gələ bilsələr, bazarda normal vəziyyət yarana bilər. Amma qiymətlərin yüksək səviyyədə olmasını gözləmək olmaz. Beynəlxalq enerji təşkilatları gələn il qiymətlərin 50-55 dollar arasında dəyişməsini proqnozlaşdırır. Hesab edirəm ki, sadaladığım mənfi tendensiyalar bir az da dərinləşərsə, gələn il neftin qiyməti 55 dollardan aşağı olacaq”.

Zəfər Vəliyev hesab edir ki, növbəti aylar qlobal neft bazarları üçün çox təhlükəlidir: 

“Zamanla Rusiyanın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliyinin neft nazirlərinin, eyni zamanda OPEC-in baş katibi müsbət siqnallar ötürməklə bazarda neftin qiymətinin artmasına və yaxud da stabil saxlanmasına nail ola bilirlər. Əslində, belə deyil, onlar bir bəyanat səsləndirirlər, müəyyən müddətdən sonra sözlərindən imtina edirlər və kəsintilərə gedirlər. Əslində isə, bu, bazarın tələbidir, əgər ona əməl etməsən pat vəziyyət yaranar. Hesab edirəm ki, qarşıdakı aylar qlobal neft bazarları üçün çox təhlükəlidir. Əgər İraqda vəziyyət stabil davam edərsə, gələn il neftin qiymətində yüksək sıçrayışlar olmayacaq. Hətta İraqdakı siyasi vəziyyət nəzarətdən çıxsa və bu özünü neft ixracında göstərsə belə, neftin qiymətində böyük sıçrayışlar olmayacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1464