hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Neft bazarında ucuzlaşma: Sosial layihələr dayanacaq?

Neft bazarında ucuzlaşma: Sosial layihələr dayanacaq?

“Shell” şirkətinin Rusiya bölməsinin rəhbəri Sederik Kremers neft qiymətləri haqqında danışaraq deyib ki, neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq. O əlavə edib ki, karbohidrogenlərə tələbatın görünməmiş həddə azalmasına səbəb olan koronavirus pandemiyası ortamüddətli perspektiv üçün də neft qiymətlərinə təsiri davam etdiyinə görə, neft qiymətləri yalnız 2021-ci ildə 60 ABŞ dolları səviyyəsinə qayıda bilər. Neft qiymətlərinin yüksək olduğu zamanda bir sıra layihələrin həyata keçirilməsi və bəzi işlərin görülməsi nəzərdə tutulub.

Gələn ilin ikinci yarısına qədər neft qiymətlərinin qalxmayacağını nəzərə alaraq pandemiyadan əvvəl nəzərdə tutulmuş layihə və işlərin yerinə yetirilə biləcəyi də sual doğurub.

Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, neft qiymətinin dövlət layihələrinin həyata keçirilməsinə təsiri olmayacaq:

“Azərbaycanın əksər layihələri dövlət büdcəsindən maliyyələşir. Dövlət büdcəsinin formalaşmasında isə neft qiymətlərinin birbaşa rolu yoxdur. Çünki dövlət büdcəsinə gələn gəlirlər neft fondundan gəlir. Yəni neft ucuz olsa da fond illik öhdəliyi öz ehtiyat vəsaiti hesabına yerinə yetirir. Neft qiymətinin enməsinin və ya qalxmasının dövlət büdcəsinə deyil, neft fondunun büdcəsinə təsiri var. Neft Fondunun 41 milyard dollara yaxın ehtiyat vəsaiti var. Təəssüflər olsun ki, bizdə neft fondunun gəlirlərinin xərclənməsi ilə bağlı məhdudiyyətlər yoxdur deyə, “qara qızıl”ın qiyməti ucuzlaşdıqda, fond illik gəlirlərindən çox xərcləyir. Bu da neft fondunun əsas prinsipinə, yəni vəsaitin gələcək nəsillərə saxlanması prinsipinə ziddir. Bir çox ölkələrdə analoji fondlar üçün xərclənmə limiti var. Məsələn, Norveçdə cəmi 4 faizdir, İraqda 50 faizə yaxındır. Bunlar sözügedən fondların illik gəlirlərinin xərclənmə həddidir. Bizdə layihələr dövlət büdcəsi əsasında həyata keçirildiyinə görə, bu işlərin görülüb-görülməyəcəyi hökumətin vizionuna bağlıdır. Hələlik Neft Fondu təhlükəsizlik yastığı rolunu oynayır. Fond bu il gəlirindən daha çox xərcləyəcək. Çünki əgər virusun ikinci və üçüncü dalğası olmazsa, 2021-ci ilin ikinci rübündə neft qiymətləri 2019-cu il səviyyəsinə qalxa bilər. Ona görə də Azərbaycan hökuməti indidən prioritetlərini dəqiq müəyyən etməlidir ki, büdcədən ayrılan vəsaitlərin hansı hissəsinə qənaət edəcək, hansı sahələr prioritetdir və hansıları ertələmək olar”.

Ekspert əlavə edib ki, büdcə xərcləmələri azalsa, iqtisadiyyatda daralmalar baş verir:

“Burada da bir nüans var. Azərbaycan iqtisadiyyatı son 15 ildə elə model üzərinə inşa olunub ki, əgər büdcə xərcləmələri azalsa, iqtisadiyyatda daralmalar baş verir. Çünki iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi büdcə xərcləmələridir. Bu xərcləmələr multiplikativ effekt yaradır. Bu effekt nəticəsində özəl sektora da pul çatır. Tikinti sektorundan tutmuş mədən sənayesinə qədər bu əsasla çalışır. Yəni burda hökumət də çətin vəziyyətə düşür. Əgər hökumət büdcə xərclərinə qənaət edib bəzi böyük layihələri dayandırsa, o zaman iqtisadiyyatın hərəkəti də zəifləyəcək. Ona görə də Azərbaycan iqtisadiyyatı bu dar boğazdan çıxmalıdır. Bunun üçün də qeyri-neft sektorunun inkişafı, ixracatçılar cameəsinin yaranması vacibdir. Yəni minlərlə ixracatçı yaranmalıdır ki, ölkə iqtisadiyyatı bu dar boğazdan çıxsın. Çox təəssüf ki, uzun illər ərzində biz bu vəziyyətdən çıxa bilməmişik”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1508