hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Neft bazarını çalxalayan siyasət - Azərbaycanı nə gözləyir? - MÜSAHİBƏ

Neft bazarını çalxalayan siyasət - Azərbaycanı nə gözləyir? - MÜSAHİBƏ

Dünya bazarında  ucuzlaşma iqtisadiyyatı neftdən asılı olan ölkələrə ciddi şəkildə təsir göstərir. 

Son günlər isə iqtisadçılar dünya bazarında neftin kəskin şəkildə ucuzlaşacağı ilə bağlı proqnozlar verirlər. Neftin ucuzlaşmasına səbəb olan amillər, neftdən asılı olan ölkələrə təsiri və digər məsələlərlə bağlı “Cümhuriyət” qəzetinin suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

-Natiq bəy, mətbuata açıqlamanızda neftdən kəskin asılı olan ölkələrdə daha ağır böhran dalğasının olacağını bildirmisiniz. Nə üçün bu qənaətə gəlmisiniz?

-Dünyada gedən prosesləri analiz etsək, görərik ki, yaxın 2 ildə neftin qiymətinə psixoloji və siyasi təsir edən amillərin aradan qalxması gözlənilir. Söhbət İran böhranının həlli, Venesuelada, Liviyada gedən proseslərin tənzimlənməsi ilə bağlı məsələlərdən gedir. Bunlar uzun zaman belə qarışıq vəziyyətdə qala bilməz. Günün birində, hətta bu ilin sonuna qədər bu məsələlərin həll olunması ehtimalı çox böyükdür. Belə olan şəraitdə, bazara, təxminən 10 milyon barelə yaxın əlavə neft daxil olacaq. Çünki Liviyanın potensialı 3 milyon bareldir, indi bazara, təxminən gündəlik 800 min barel neft çıxarır. Venesuela gündəlik 6 milyon barel neft hasilatı imkanına malikdir, indi 1.1 milyon barel hasil olunur. İran gündəlik 4 milyon barel bazara çıxa bilər, amma hazırda 1.2 milyon barel çıxara bilir. Bu məsələrin yaxın 1 ildə bazara böyük həcmdə əlavə neftin daxil olmasına səbəb olacaq. Bundan əlavə isə, ABŞ-da hasilat çox sürətlə artır. Cəmi 3 il əvvəl gündəlik hasilat 8.5 milyon barel idi, bu gün artıq ABŞ-ın neft hasilatı 12.4 milyon barelə çatıb. ABŞ-da son 3 ildə təqribən, 4 milyon barelə yaxın yüksəliş var. Yaxın 2 ildə hasilatın 15 milyona çatacağı ilə bağlı artıq hesablamalar var. ABŞ Enerji Agentliyinin bununla bağlı açıqlaması da var. Bütün bu nüansları nəzərə alsaq, neftin qiymətinin növbəti kəskin enmə ehtimalı çox yüksəkdir. 

-Neftin ucuzlaşması hansı ölkələrə və necə təsir edəcək?

-Ucuzlaşmanın yaradacağı böhran neftdən asılı olan ölkələrə daha ciddi təsir etməyə başlayacaq. Necə ki, biz bunu 2015, 2016 və 2017-ci ilin ortalarına qədər gördük. İstər Rusiya, istər Qazaxıstan, istər Azərbaycan, istərsə də, digər ölkələrdə milli valyutaların kəskin dəyərdən düşməsi, iqtisadi geriləmələrin olması, ÜDM-nin azalmasını müşahidə etdik. Bu baxımdan, Azərbaycan çox təəssüf ki, son illər ərzində iqtisadiyyatda ciddi dönüş yarada bilməyib. Bu üzdən, neftin növbəti ucuzlaşmasının da ən çox təsir edəcəyi ölkələrədn biri də Azərbaycan olacaq. İqtisadiyyatının neftdən asılılıq payı Azərbaycan qədər olan ikinci bir ölkə yoxdur. Əgər neft, neft məhsulları və təbii qaz bizdə ixracatın 91 faizini təşkil edirsə, deməli, neftdən asılılığımız başqa ölkələrdən  daha çoxdur. Yeri gəlmişkən, neft ucuzlaşacaqsa, təbii qaz qiymətləri da aşağı düşəcək. Çünki bunlar eyni formulla hesablanır. Dünyada neftdən asıllığı ən yüksək olan ölkə 1988-ci ildə Nigeriya olub ki, bu da heç vaxt 83 faizi keçməyib. Azərbaycanda isə artıq 91 faizdir. Bundan başqa, büdcənin formalaşmasında birbaşa 50 faiz vəsait Neft Fondundan götürülur, neft şirkətindən gələn vergilər isə 15 faiz təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycan büdcəsi 65 faiz birbaşa neftdən asılıdır. Neftin qiymətinin düşməsi bu gəlirlərin də azalmasına səbəb olacaq. Dünyadan bizim qədər büdcəsi neftdən asılı olan ikinci bir ölkə yoxdur. Rusiya büdcəsi də neft və qazdan asılıdır, amma onlarda bu asılılıq 40 faizi keçmir. Bu baxımdan dünya bazarında neft qiymətinin növbəti dəfə enməsindən irəli gələn böhranın Azərbaycanda təsiri daha güclü olacaq.

-Amma başqa iqtisadçılar, xüsusilə də beynəlxalq agentliklər neft qiymətlərinin artacağını deyir...

-Bir çox beynəlxalq araşdırmaları da oxumuşam. Son oxuduğum isə Beynəlxalq Enerji Agentliyinin araşdırmasıdır. 

Onların neft qiymətlərinin sabitləşəcəyi və ya artması ilə bağlı yeganə ehtimalı  dünyada siyasi və hərbi gərginliklərin artması ilə bağlıdır. Yəni, dünyada və özəlliklə neftlə zəngin ölkələrdə hərbi-siyasi gərginlik artarsa və ya hər hansı bir formada İrana müdaxilə olarsa, bu zaman təbii ki, neftin qiymətinin kəskin artması ehtimalı var. Siyasi, hərbi səbəbləri kənara qoyub sırf iqtisadi baxımdan məsələlərə baxsaq, neftin qiymətinin artması üçün heç bir səbəb yoxdur. Hətta bu gün Liviyada, Venesuelada gərginlik, İrana qarşı sanksiyalar olmasa, neftin qiymətində ən azı 25-30 faiz ucuzlaşma görərdik. Yəni, bugünkü qiymətlərin 25 faizi siyasi gərginliyin nəticəsidir. Dünya isə uzun müddət eyni gərginlikdə yaşaya bilməz. Venesuelada da vəziyyət sabitləşəcək, ən pis halda növbədənkənar seçki keçiriləcək. ABŞ-İran arasında da razılaşma olacaq, hətta İsveçrə üzərindən gizli danışıqların getdiyi ilə bağlı məlumatlar da var. Liviyada da gec-tez vətəndaş müharibəsinə son qoyulacaq. Uzun illər vətəndaş müharibəsinin olması və qaçqınların Liviya üzərindən Avropaya gəlməsi qəbuledilməzdir. Çox güman ki, Avropa və ABŞ orada bir düzən yaranmasında maraqlıdırlar deyə, müəyyən addımlar atılacaq. Yəni, sadaladığım amillər sırf iqtisadiyyatla bağlıdır: hasilatın artması və dünyada təlabatın aşağı düşməsi.

-Dünyada neftə tələbatın azalmasına hansı amillər səbəb ola bilər? 

-Son hesabatlar onu göstərir ki, neft istehlakı kəskin azalır. ABŞ özündə 10 il əvvəl neft istehlakı 18 milyon barel idisə, bu gün artıq 15 milyon bareldən aşağıdır. Çünki alternativ enerji mənbələri yaranır, daxili elektrik enerjisi ilə işləyən avtomobillərin sayı sürətlə artır. 2008-ci ilin araşdırmasında deyilirdi ki, 10 il sonra, yəni 2018-ci ildə dünyada elektrik enerjisi ilə avtomobillər cəmi 0.2, 0.3 faiz təşkil edəcək. Bu gün artıq məlum olur ki, proqnoz özünü doğrultmadı. Çünki hazırda dünyada hibrid və elektrik enerjisi ilə işləyən avtomobillərin sayı 7.5 faizi keçib. Dünya o qədər sürətlə dəyişir ki, artıq bir müddət sonra Avropa və ABŞ daxili yanma mühərriki ilə işləyən avtomobillərdən tamamilə imtina edəcək. Hətta Avropa Birliyinin qaydalarına görə 2030-cu ildən sonra bu avtomobillərdən, ümumiyyətlə istifadə olunmayacaq. Daxili yanma mühərriki ilə işləyən avtomobillər neft bazarının bel sütunudur. Dünyada istehsal olunan neftin 40 faizi məhz bu sahəyə yönləndirilir. Bu sahədə neftin istehlakı azalarsa, dünyada neftə olan təlabat da aşağı düşəcək, qiymətlər də kəskin ucuzlaşacaq. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1794