t Neft ölkələri bahalaşmanın yolunu axtarır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Neft ölkələri bahalaşmanın yolunu axtarır

Neft ölkələri bahalaşmanın yolunu axtarır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri neft hasilatının daha da azaldılmasını müzakirə edəcək. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC üzvləri və Rusiya başda olmaqla digər qeyri-OPEC neft istehsalçısı ölkələr hasilatının daha da azaldılmasına dair müzakirələrin mart ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik (1,2 milyon bareldən) 1,7 milyon barelə çatdırılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır, bu da ötən illə müqayisədə 3,8 faiz azdır. Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel təşkil edəcək ki, bu da 2019-cu və 2020-ci illərlə müqayisədə müvafiq olaraq 6,3 faiz və 2,6 faiz azdır.

Qeyd edək ki, ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, EIA bu il "Brent" markalı xam neftin bir barelinin orta qiymətinin 65 dollar olacağını nəzərdə tutur. Əvvəlki proqnoz 60,5 dollar/barel idi. Administrasiya cari ildə "Light" markalı neftin qiymətinin isə 59,5 dollar/barel təşkil edəcəyini proqnozlaşdırır. Əvvəlki proqnozu 55 dollar/barel açıqlanmışdı. EIA OPEC üzv və bəzi qeyri-OPEC ölkələrinin xam neft istehsalını bu ilin ilk rübündə gündəlik 500 min barel azaltması qərarının proqnozun artırılmasına təsir etdiyini vurğulayıb.

Maraqlıdır, neft satışında ucuz qiymətə daha çox istehsal, yoxsa, stabil qiymətə görə hasilatı azaltmaq önəmlidir?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, 2016-cı ildən OPEC və müttəfiq dövlətlərin əsas vəzifəsi neft bazarlarında balansın təmin olunması olub:

“Yəni tələbatdan artıq neft həcmləri OPEC və müttəfiq dövlətlərin Vyana sazişi əsasında bazarlardan yığışdırılmalı idi. Beləliklə, bazarlarda tələb və təklif balansı qorunub saxlanmalı idi. Ədalət naminə qeyd etməliyəm ki, indiyə qədər sözügedən məsələlərdə bazarlarda müəyyən irəliləyişlərə nail olunub. Çünki hazırkı qiyməti məhz OPEC və müttəfiq dövlətlərin bazara intervensiyası nəticəsində baş verib. Qarşıdakı aylarda da OPEC və müttəfiq dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri bazarda balansın qorunub saxlanması və qiymət dalğalanmasının qarşısını almaqdır. ABŞ və İranın İraqda apardığı geosiyasi qarşıdurmadan sonra neftin qiymətində bir qədər sıçrayışlar oldu. Lakin bazar  buna çox qısa müddətdə əks reaksiya verdi. Yəni neftin qiyməti 70 dolları keçmək ərəfəsində idi, qiymətlər yenidən aşağı düşdü. Hazırda bazar yüksək neft qiymətlərinə köklənməyib”.

“Bazarlarda 900 min barelə yaxın tələbatdan artıq neft həcmləri var”

Ekspert hesab edir ki, OPEC və müttəfiqləri hasilatın artırıb azaldılması ilə bağlı qərar verməzdən əvvəl neft bazarlarındakı mövcud durumu araşdırmalıdırlar: 

“Çünki ABŞ, Braziliya, Qayana kimi Vyana sazişindən kənar dövlətlərin neft hasilatında artımlar baş verəcəkdir. Bu, birbaşa tələbatdan artıq neft həcmlərinin bazara daxil olması deməkdir. Hazırda bazarlarda gündəlik 900 min barelə yaxın tələbatdan artıq neft həcmləri mövcuddur. Bunun qarşılığında OPEC qərar verərkən bazarları təhlil etməlidir. Yaxın Şərqdəki vəziyyət, o cümlədən İranın, İraqın neft hasilatı və hər iki dövlətin ixrac həcmləri ciddi təhlil edilməlidir. Eyni zamanda Venesuelanın da gündəlik neft hasilatı və ixracı öyrənilməlidir. Bundan əlavə, Liviyada baş verən hərbi toqquşmalar həm ixrac terminallarının fəaliyyətinə, həm ixrac həcmlərinə, həm də gündəlik hasilata təsir edə bilər. Bu vəziyyətlər öyrənildikdən sonra müəyyən qərarlar qəbul etmək olar. Çünki OPEC daxilində ehtiyat hasilat gücləri mövcuddur. Qazaxıstan, Rusiya kimi OPEC kənar dövlətlərdə də ehtiyat hasilat gücləri az da olsa, var. Rusiya rəsmiləri bəyan edir ki, onlar Vyana sazişindən yumşaq plan hazırlayırlar. Bu yanlış fikirdir. Çünki neftin hazırkı qiyməti Rusiyanın enerji sektoruna tam sərfəlidir. Əgər Rusiyanın hasilat həcmlərində artımlar baş versə, təbii ki, neftin qiymətində enmələr baş verəcək. Əgər bazarda qıtlıq yaranarsa, bu zaman hasilat güclərindən istifadə etmək olar. Məsələn, OPEC daxilində Səudiyyə Ərəbistanının belə bir imkanı var”.

Zəfər Vəliyevin sözlərinə görə, qarşıdakı aylarda Birləşmiş Ərəb Əmirliyində hasilat həcmlərində artımlar baş verə bilər: 

“Küveytlə Səudiyyə Ərəbistanının ortaq yataqları var idi ki, son 4 ildə o yataqlarda hasilat dayandırılmışdı. İndi həmin yataqlarda hasilatın yenidən bərpa olunması məsələsi gündəmdədir. Bazarda qıtlıq yaranarsa, həmin yataqların hasilat həcmlərindən də istifadə oluna bilər. Bütövlükdə bazar düzgün tənzimlənməlidir. Qənaətimcə, yüksək hasilat və ucuz neftdənsə, aşağı hasilat və sabit neft qiymətləri daha sərfəlidir. Əgər OPEC və müttəfiq dövlətlərdə birtərəfli qaydada hasilata həcmlərində artım baş verərsə, o zaman bazarlarda xaos yarana bilər. Neftin qiyməti təxminən 40 dollara qədər düşə bilər. Bu isə birbaşa neft hasil edən dövlətlərin maraqlarına ziddir. Çünki Səudiyyə Ərəbistanında dövlət büdcəsinin funksional fəaliyyəti üçün neftin qiyməti 70 dollardan yuxarı olmalıdır. Rusiyanın enerji sektorundakı rəsmiləri bəyan edirlər ki, neftin qiyməti hətta 25-30 dollar olsa belə, onlara sərf edir. Amma bu, mümkün deyil. Çünki Rusiyanın aktivində olan neft yataqlarında neftin qiymətinin maya dəyərində müxtəlif çətinliklər var. Ona görə də bazar ciddi araşdırılmalıdır. Hazırkı qiymət hasilatın sabit saxlanmasına və bazarın düzgün tənzimlənməsinə xidmət edir. Əgər neftin qiyməti 60 dollardan aşağı düşərsə, onda bazarın tənzimlənməsi və neft sektorun gələcəkdə investisiyaların cəlb edilməsində də problemlər yaranacaq”.

Analitik xatırladıb ki, 2019-cu ildə OPEC-lə müttəfiq dövlətlərin bazarları doğru tənzimləməsi nəticəsində neft-qaz sektoruna investisiyaların həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb:

“Ötən il dünya üzrə neft ekvivalentində 12 milyard bareldən yuxarı neft-qaz yataqları aşkarlanıb. Bunun 4 milyard bareldən yuxarısı birbaşa neft sektoruna, qalan 7 milyard barel isə qaz sektoruna aiddir. Neftin qiyməti aşağı olacağı təqdirdə bu sektora investisiyaların həcmi də azalacaq. Belə halda, bir neçə ildən sonra hasilat həcmlərinə təsir edəcək. Birmənalı şəkildə bazarda tələbatdan artıq hasilat həcmləri varsa, yığışdırılmalıdır, kəsintilərə gedilməlidir. Əgər bazarın neftə olan tələbatı artarsa, bu halda ehtiyat hasilat güclərindən istifadə etmək olar. Tənzimlənmə düzgün getməzsə, bazarda xaos yarana bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3609