hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Neft ölkələrində “uşaq pulu”: Kim nə qədər verir? - MÜQAYİSƏ

Neft ölkələrində “uşaq pulu”: Kim nə qədər verir? - MÜQAYİSƏ

Son zamanlar uşaq pullarının bərpa edilməsi məsələsi cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Mətbuatda, sosial şəbəkələrdə bu məsələ ilə bağlı müxtəlif çağırışlar səslənir.

Cebhe.info xəbər verir ki, iqtisadçı-alim Fikrət Yusifov sözügedən məsələyə münasibət bildirib.

O qeyd edib ki, səslənən fikirlər arasında uşaq pullarının yalnız demoqrafik problemlərlə üzləşən ölkələrdə (məsələn, Rusiya) verilməsinin məntiqə uyğunluğunu əsaslandırmağa çalışanlar da tapılır:

“Azərbaycan bir neft ölkəsidir, bu səbəbdən də bu məntiqlə çıxış edənlərin diqqətinə neft ölkələrində neft gəlirləri hesabına vətəndaşlara hökumətlərin verdikləri sosial dəstəyin bəzi məqamlarını çatdırmaq istəyirəm. Barəsində danışacağımız neft ölkələrinin heç birində ölkədəki əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində addımlar atılarkən demoqrafik durum əsas faktor kimi çıxış etmir və bu heç kimin ağlına belə gəlmir.

Sadəcə, bu ölkələrin hökumətləri neft pullarının bir hissəsinin birbaşa vətəndaşlara çatdırılması yolu ilə onların sosial müdafiəsini gücləndirmək seçimi edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan uşaq üçün dövlət neft satışından 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Bundan başqa, Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Bu ölkədə təhsil tamamilə pulsuzdur.

Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir, 80 min dollar əvəzsiz vəsait isə mənzil almaq üçün ödənilir. Bu ölkədə ali məktəbi bitirən hər bir məzuna 13 min dollar vəsait ödənilir. Səudiyyə Ərəbistanında neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur.

İqtisadi cəhətdən hərtərəfli inkişaf yolu keçmiş Norveçdə hər bir vətəndaşın hesabına neft pullarında 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar ödənilir. Bu ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur, dövlət bələdiyyəyə aid tibb ocaqlarına subsidiyalar verməklə əhaliyə yüksək tibbi xidmətin göstərilməsini təmin edir. Bu ölkədə də təhsil pulsuzdur və Norveç bir oxuyana çəkilən xərcin səviyyəsinə görə dünyada ilk yeri tutur”.

İqtisadçı hesab edir ki, sadaladığı faktlar uşaq pullarının verilməsini demoqrafik vəziyyətlə əlaqələndirmək istəyənlər üçün nəticə çıxarmağa yetərlidir:

“Postsovet məkanında yerləşən neft ölkələrində hələlik bu təcrübədən istifadə olunmur. Bu ölkələrdə və Azərbaycanda neft pullarının büdcəyə yönəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsaitlərin büdcə xətti ilə xərclənməsinə üstünlük verilir. Əslində burada ərəb ölkələrinin və Norveç kimi inkişaf etmiş bir ölkənin təcrübəsindən yaralanmağı düşünmək heç də pis olmazdı”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 21143