hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Neft savaşı: Tehran nə itirdi?

Neft savaşı: Tehran nə itirdi?

ABŞ birtərəfli qaydada nüvə razılaşmasından çəkildikdən 1 il sonra, İrana qarşı tətbiq edilən sanksiyalar iqtisadi problemləri dərinləşdirdi. 

Neft ixracı gündəlik 1 milyon barel azalan İranın milli valyutası tümən 127 faiz dəyər itirib. Beynəlxalq Valyuta Fondunun (BVF) açıqlamasına əsasən, bu il İran iqtisadiyyatında 6 faiz daralma gözlənilir. Tehran  Avropa müşahidəçilərinin ABŞ sanksiyalarına qarşı lazımi addımlar atmasını gözləyir. ABŞ prezidenti Donald Trampın Ətraflı Birgə Fəaliyyət Planı adlandırdığı nüvə razılaşmasından çıxdıqdan sonra İrana qarşı iki mərhələli  sanksiya paketi (2018-ci il avqustun 7-si və noyabrın 5-i) tətbiq olundu. 

ABŞ birinci mərhələdə İranın birjalara, qızıl və qiymətli metallara birbaşa çıxışını qadağan edərək, bu ölkənin polad, kömür, alüminium, ticarət ilə avtomobil və mülki aviasiya sektorlarını hədəf aldı. Noyabrın 5-də qüvvəyə minən sanksiyaların ikinci mərhələsi Tehranın neft və enerji ticarətini hədəf aldı. Vaşinqton embarqonu həyata keçirdikdən bir neçə gün sonra İrandan neft idxal edən Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, İtaliya və Yunanıstana 6 ay güzəşt müddəti verdi. Daha sonra 8 ölkəyə tanınan 6 aylıq güzəşt müddəti uzadılmadı və ABŞ mayın 2-dən etibarən, Tehrandan neft idxalını davam etdirən ölkə və şirkətləri sanksiyalarla təhdid etdi. Sanksiyaların yol açdığı mənfi nəticələrinin ən açıq göstəricisi iqtisadiyyatda oldu. Ötən ilin may ayında birjalarda 1 ABŞ dolları 6,500 tümənə dəyişdirilərkən, hazırda 1 ABŞ dolları 14 min 800 tüməndir. Hesablamalar göstərir ki, İran valyutası dollar qarşısında 127 faiz dəyər itirib. Valyuta amortizasiyası xarici ticarəti çətinə salarkən inflyasiyanın yüksəlməsinə və iqtisadiyyatın daralmasına səbəb olub. Beynəlxalq Valyuta Fondu (BVF) məlumatlarına görə, keçən il İran iqtisadiyyatı 3,9 faiz nisbətində azalıb. BVF-nun ötən ay elan etdiyi Dünya İqtisadi Hesabatına əsasən, bu il İran iqtisadiyyatında 6 faiz daralma proqnozlaşdırılır.

İran Statistika Təşkilatının məlumatına görə, iqtisadiyyat son 5 il ərzində ən pis inflyasiya səviyyəsinə çatıb. İranda inflyasiya ilə yanaşı, qiymətlər də artmaqda davam edir. Cari ilin aprel ayında istehlak mallarının qiyməti 51,4 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə ərzaq məhsullarının qiyməti 84 faiz artıb. Bu ilin 4 ayı ərzində milli valyuta olan rialın dəyəri 17 faiz aşağı düşüb. Ölkədə mövcud minimum əməkhaqqı 170 dollardan 102 dollara düşüb. İran təqviminə görə, il sonuna qədər (20 mart) illik inflyasiya 27 faiz olub. 

İqtisadiyyatı neftdən asılı olan İranda iqtisadi problemlərin dərinləşməsi xalq arasında narazılığın artmasına, o cümlədən ölkədə hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyalarına səbəb olub. Avropanı ABŞ-ın İrana qarşı addımlarına təsirsizlik göstərdiyinə görə, tənqid edən Tehran administrasiyası, razılaşma ilə dayandırılan nüvə fəaliyyətlərinin bir qismini yenidən başlamağa hazırlaşır.

Enerji Bazarı Tənzimləmə Təşkilatının məlumatına görə, Türkiyənin xam neft idxalı fevralda keçən ilin eyni ayına görə, 78,30 faiz artımla 2 milyon 343 min tona çatıb. Fevral ayında ən yüksək xam neft idxalı 529 min tonla İraqdan edilərkən, bu ölkəni 460 min tonla Rusiya və 366 min tonla Qazaxıstan izləyib. İrandan isə 350 min ton xam neft alınıb. Hesablamalar göstərir ki, İran neftinə tətbiq olunan sanksiyalar səbəbindən rəsmi Tehran 10 milyard dollardan çox neft gəlirlərindən məhrum edilib.

Türkiyə rəsmiləri ölkələrinin neft idxalatında qaynaq müxtəlifliyinin çox olduğu qənaətindədir. Hesab olunur ki, Qazaxıstan, Azərbaycan, Rusiya, İraq ilə digər körfəz ölkələri kimi mənbələrdən müəyyən artırımlarla İrandan ixrac olunan neft həcmlərinin əskikliyi aradan qaldırılacaq. Türkiyə neft idxalatının, təxminən 15-faizini İrandan qarşılayırdı. Rusiya bu vəziyyətdən bir az üstünlüklü çıxa bilər. Embarqolarla gərginləşən mühit neft qiymətlərini yüksəldə bilər, ən yaxşı halda cari neft qiymətlərinin 70-75 dollar səviyyədən aşağıya düşməsinə imkan verməyəcək. İran neftinin qiyməti digər təchizatçı ölkələrə nisbətən ucuz olduğundan istehlakçı dövlətlərin tələbatların qarşılayırdı.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 573