hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Neft yataqları təhlükə altında: Bazara yeni təhdid 

Neft yataqları təhlükə altında: Bazara yeni təhdid 

Liviyada neft hasil edilən infrastuktura silahlı hücumlar hasilatın tamamilə dayandırılmasına səbəb ola bilər.

Bu barədə Liviyanın Milli Neft Şirkətinin rəhbəri Mustafa Sanalla Ciddədə jurnalistlərə bildirib. O deyib: “Əgər vəziyyət indiki kimi davam edərsə, Liviya 95 faiz neft hasilatını itirə bilər". Onun sözlərinə görə, hazırda gündəlik neft hasilatının həcmi, təxminən, 1,3 milyon barel təşkil edir.

Qeyd edək ki, 2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə -Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.

Maraqlıdır, Liviyada neft hasilatı dayanarsa, enerji bazarında qiymətlər necə dəyişəcəkə

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, Liviya neft hasilatını 95 faiz dayanması, yaxud da ixracın kəskin azalması ilə bağlı ciddi fakt yoxdur:

“Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür, burada neft yataqları və infrastrukturları təhlükə altındadır. Amma buna baxmayaraq, Liviyada hasilat həcmləri əvvəlki illərə nisbətdə artıb. Həm Liviya Milli Neft Şirkətinin, həm də OPEC katibliyinin yaydığı bülletenlərdən də görünür ki, mayın ilk həftəsindən ölkədə sutkalıq neft hasilatı 1.3 milyon bareldir. Eyni zamanda Mustafa Sanalla Ciddədə bəyan edib ki, ölkənin həm neft infrastrukturlarının yenidən qurulmasına, həm də yeni yataqların işlənməsinə qarşıdakı illərdə böyük investisiya həcmlərinin cəlb edilməsinə ehtiyac var. Yaxın 10 ildə Liviya Milli Neft Şirkətinin hədəflərindən biri hasilatı 2.6 milyon barel civarına çatdırmaqdır. Belə olan təqdirdə, Liviyanın hasilat və ixracla bağlı ciddi problemlərlə üzləşdiyini demək olmaz. Doğrudur, indiyə qədər müəyyən problemlər olub, lakin bu, çox qısa bir zaman kəsiyini əhatə edib”.

Ekspert onu da qeyd edib ki, Liviya yataqlarından hasil olunan neft yüngüldür:

“Əgər Liviyanın hasilat həcmləri kəskin şəkildə azalarsa və ixrac imkanları məhdudlaşdırılarsa, Aralıq və Qara dəniz enerji rayonlarında həmin nefti əvəz edəcək neft həcmləri tapmaq mümkündür. Çünki hazırda dünyanın bütün enerji bazarlarında yüngül neft həcmləri ağır və orta-ağır neft həcmlərindən dəfələrlə çoxdur. Yəni bu sahədə ciddi problem yoxdur. Əgər Liviya neft yataqlarında hasilat həcmləri kəskin şəkildə azalarsa, o zaman alternativ mənbələr hesabına həmin neft markalarını tapmaq mümkündür. Hazırda enerji bazarında ən ciddi problem ağır və orta-ağır neft həcmləridir. Çünki həm Venesuelanın, həm İranın üzləşdiyi geosiyasi problemlər dünya bazarında adıçəkilən neft markalarına həm tələbatı artırıb, həm də bu neft markalarının defisiti müşahidə olunur”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1057