hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Neftin qiyməti dəyişir: Büdcə də dəyişəcək?

Neftin qiyməti dəyişir: Büdcə də dəyişəcək?

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir. 

Oktyabrın 7-nə olan məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,28 dollar geriləyərək 58,88 dollar təşkil edib. Araşdırmalar göstərir ki, dünya enerji bazarında iyul ayından ötən dövrdə xam neftin qiymətlərində həftəlik çərçivədə ən böyük eniş oktyabrın birinci həftəsi qeydə alınıb. Ümumilikdə həftə ərzində ucuzlaşma orta hesabla 5,7 faiz təşkil edib. 

Bu qiymət 2019-cu ilin büdcəsi üçün nəzərdə tutulan 60 dollardan aşağıdır. Analitiklər hesab edir ki, əgər dünya bazarında neft qiymətlərinin ucuzlaşması davamlı olarsa, o halda, Azərbaycan Neft Fondunun büdcəsinə gözlənilən qədər vəsait daxil olmayacaq. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. Məlumat üçün bildirək ki, 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1133,7 milyon manat olması planlaşdırılır ki, bu da  cari  ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır. Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxil olmalar və vahid xəzinə hesabının qalığı hesabına aparılacaq. Maliyyə Nazirliyinin açıqladığı hesabata əsasən, 2020-ci il üçün icmal və dövlət  büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. Bütövlükdə, ortamüddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10536,5 milyon manat)  43 faiz, neft gəlirləri (13947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11767,5 milyon manat) isə 57 faiz təşkil edəcəkdir. Qeyd edək ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1068,8 milyon manat və ya 11,3 faiz çoxdur. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1133,7 milyon manat olması planlaşdırılır ki, bu da  cari  ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.

Maraqlıdır, neftin qiymətləri həddən artıq aşağı düşərsə, icmal büdcədə dəyişiklik edilə bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, son dövrlərdə neftinin qiyməti daha çox azalan istiqamətli proqnozlarla gündəmə gəlir:

“Səudiyyə Ərəbistanında baş verən kənar hücumu nəzərə almasaq, son dövrlərdə qlobal iqtisadiyyatın tendensiyası, ticarət savaşları, ABŞ-da neft hasilatının artma səviyyəsi, OPEC və təşkilata üzv olmayan ölkələr arasında imzalanan sazişin gələcək taleyi kimi faktorlar neftin qiymətini gələcək dövrlərdə azalması ehtimalını daha da yüksəldir. Yəni fundamental səbəblər daha çox təklifin artmasını, tələbin isə azalmasını şərtləndirir. Hazırda proseslər bu istiqamətdə dinamika nümayiş etdirir. Çox qısamüddətli dövr ərzində Səudiyyə Ərəbistanında baş verən hadisə neftin qiyməti ilə bağlı daha optimist proqnozları gündəmə gətirsə də, amma son baş verənlər onu göstərdi ki, əslində, bu, heç də gözləndiyi istiqamətdə dinamika nümayiş etdirmir. Səudiyyə Ərəbistanı çox qısa müddətdə hasilatı bərpa edə bilir. Bu isə qlobal iqtisadiyyatın artım tempinin azalması ilə əlaqədar olaraq, neftə olan tələbin daha da aşağı düşəcəyi ehtimalı fonunda qiymətləri zəiflədir. Eyni zamanda Körfəzdə müəyyən qədər siyasi gərginliyin müşahidə edilməsi zaman-zaman qiymətlərdə artım meyilli təzyiqlər formalaşdırır. Hələlikdə qiymətlər əksər beynəlxalq maliyyə qurumları və enerji təşkilatları tərəfindən 2019-cu illə müqayisədə 2020-2021-ci illər üçün daha aşağı proqnozlaşdırılır. Burada həm Beynəlxalq Energetika Agentliyi (International Energy Agency, İEA), həm ABŞ Enerji Administrasiyası, həm OPEC, həm də Fich kimi şirkətlər, eyni zamanda Beynəlxalq Valyuta Fondu neftin gələcək il üçün qiymətinin 60-65 dollar arasında proqnozlaşdırırlar. Amma nəzərə almaq lazımdır ki, bunlar proqnozdur və hər 2-3 aydan bir yenilənir və son dövrlərdə qiymətlərdəki yenilənmə azalan istiqamətli olur”.

“İcmal büdcədə neftin qiyməti 45-50 ABŞ dolları ətrafında müəyyən edilsin”

Analitik hesab edir ki, dövlət büdcəsi hazırlanarkən neftin qiymətinin 55 dollar səviyyəsində götürülməsi indiki kontekstdə ciddi risk formalaşdırır:

“Amma vəziyyətin müsbət məqamı ondan ibarətdir ki, dövlət büdcəsi təsdiqlənməyib, hələlik müzakirəyə təqdim ediləcək. Bu müddət ərzində baş verənlərin yenidən qiymətləndirilməsi və bu fonda fiskal sənədin enerji bazarlarında formalaşması gözlənilən yeni situasiyalara uyğunlaşdırılması ehtimalı var. Yaxşı olardı ki, fiskal sənəddə neftin bir barelinin qiyməti 45-50 ABŞ dolları ətrafında müəyyən edilsin. Çünki qiymətin dəyişməsi son nəticədə 2020-ci ilin dövlət büdcəsinin icrasında müəyyən çətinliklərə gətirib çıxara bilər. Eyni zamanda neftin qiymətinin dəyişməsi ilə əlaqədar olaraq, dövlət büdcəsinin gəlirlərində, o cümlədən xərclərində də müəyyən dəyişikliklər baş verə bilər. Çünki 2020-ci il üçün büdcə gəlirlərində 53 faizə qədər neft gəlirləri nəzərdə tutulur. Bunun da təxminən 3 milyarda yaxını neft sektorundan daxil olan vergilər hesabına formalaşacaq. Yəni Neft Fondundan transfertlər birbaşa olaraq neftin qiymətindən asılı olmasa da, amma neft sektorundan vergi daxilolmaları neftin qiymət dəyişməsindən asılı olaraq qısamüddətli dövrdə dövlət büdcəsinin gəlirlərinin icrasında problemlər yarada bilər. Bu da büdcə defisitini artırmaqla son nəticədə bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı çətinliklərə və yaxud da dövlətin daha çox borclanmasına gətirib çıxara bilər. Buna görə də indiki şərtlər daxilində daha ehtiyatlı büdcənin tərtib edilməsi məqsədəuyğundur. Proqnoz ondan ibarətdir ki, 2020-ci ildə neftin büdcə qiyməti 55 dolların üzərində olacaq. Amma nəzərə almaq lazımdır ki, neft o məhsul növlərindəndir ki, burada fundamental faktorlarla yanaşı, siyasi faktorlar da qiymət dəyişməsinə kəskin təsir göstərir. Buna görə də bu istiqamətdə daha pesimist senarilər üzərində fiskal sənədin hazırlanması məqsədəuyğundur”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2399