hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Niyə Azərbaycanın Messisi yoxdur? - Açıqlama

Niyə Azərbaycanın Messisi yoxdur? - Açıqlama

İyunun 11-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığması ilə qarşılaşıb. 

Görüş 5:1 hesabı ilə Slovakiya millisinin xeyrinə başa çatıb.

Maraqlıdır, Azərbaycan futbolunu məhvə aparan səbəblər nələrdir? Xaricə niyə futbolçu çıxara bilmirik?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən idman jurnalisti Natiq Muxtarlı məsələnin kökündə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərninin durduğunu və bu rəhbərliyin dəyişdirilməli olduğunu bildirib:

“Azərbaycan futbolunun ən böyük problemi idarəetmədən irəli gəlir. Bu gün Azərbaycanda futbolun olması üçün AFFA olmalıdır. Təəssüf ki, Azərbaycanda AFFA adlı qurum var, amma onun heç bir fəaliyyəti yoxdur. AFFA-da intriqa var, bir neçə adam orada yığışıb Azərbaycan dövlətinin futbolun inkişafı üçün ayırdığı pulu başqa yerlərə xərcləməklə məşğuldurlar. Ona görə də ilk növbədə Azərbaycanda AFFA qurulmalı, onun strukturu müəyyənləşməli, oraya futbolu bilən, Azərbaycan futbolunun inkişafını istəyən adamlar rəhbər təyin olunmalıdır.

Bundan sonra isə strategiya müəyyənləşməlidir. Təəssüf ki, biz buna sıfır vəziyyətindən başlamalıyıq. Ona görə də bizdə futbolun olması üçün hələ bir 20 illik vaxta ehtiyacımız var. O da əgər biz rəhbərliyi dəyişib, AFFA-nın strukturunu qura bilsək, bu qədər müddətə başa gələr. Yoxsa daha uzun da çəkə bilər”. 

N.Muxtarlı uşaq futbolunda infrastrukturun olmaması məsələsinə də toxunub. O, 20 il sonra qələbə qazanmağımız üçün bu gün uşaq futboluna diqqət və vəsait ayırmalı olduğumuzu vurğulayıb:

“Burada əslində futbolçuları günahlandırmağın da bir mənası yoxdur, çünki onları da AFFA yetişdirir. Əgər Azərbaycanda uşaq futbolu üçün infrastruktur yoxdursa, kor-koranə şəkildə gələcəyə futbolçu yetişdirilirsə, o futbolçu da böyüyüb elə Araz Abdullayev, Mahir Əmrəli, Qara Qarayev olacaq. Nəticədə onların potensialı da Avropadakı futbolçuların potensialından dəfələrlə aşağı olacaq. Biz həmin o infrastrukturu qurub, kadr potensialını müəyyənləşdirməliyik. Biz uşaq futbolunu qaydaya salıb, ondan sonra gəlib əsas yığmadan oyun qazanmalıyıq. 

Bizim aşağı yaş üzrə yığmalarımızın nəticələrinə baxdıqda hamısı Avropada 0:5, 0:6 hesabı ilə məğlub olub gələn oyunçulardır. 3-4 ildən sonra bu 17-19 yaş aralığındakı futbolçularımız bizim əsas yığmamızda oynayacaqlar. Deyən yoxdurmu ki, bunlar hansı bacarıqla, hansı potensialla oynaycaqlar?”.

N.Muxtarlı eyni zamanda bölgələrdə futbolun olmamasını, bütün futbolçuların Bakıya toplanmasını da AFFA rəhbərliyinin siyasəti ilə əlaqələndirib. O, Azərbaycanda futbol bacarığı olmayan futbolçulara həddindən çox maaş verilməsindən söz açıb:

“Bu günləri Ukraynanın U-20 yığması dünya çempionatının finalına çıxıb, bu o deməkdir ki, Ukrayna yığmasının böyük gələcəyi var. Əsas yığmanın uğur qazanması üçün aşağı yaş qrupları əvvəlcə oyun qazanmalıdır. 99 problemi qoyaq bir tərəfə, bizim əsas bir problemimiz var, o da AFFA rəhbərliyidir. AFFA-nın rəhbərliyi mütləq şəkildə dəyişməlidir. AFFA-nın yeritdiyi siyasətin biri də futbolçuları Bakıya toplamaqdır. 5-6 il bundan əvvəl mənə Masallının futbolçuları müraciət edib uşaqların torpağın üstündə futbol oynadıqlarını bildirdi. Onlar bildirdilər ki, AFFA-ya top və forma üçün müraciət ediblər. Lakin heç bir kömək görməyiblər. Amma AFFA rəhbərliyi gedib Berlində futbol məktəbi açıb oraya 250-300 min dollar pul ödəyirdi. Bu Azərbaycan futboluna xəyanət deməkdir. Regionlarda uşaqlar top, forma tapa bilmirlər, bunlar isə Berlində hansısa uşaq məktəbinə bu qədər pul qoyurlar. Hanı indi Berlində yetişdirilən o futbolçular?  Bu vəsaitlər hara xərclənib? Bunların hamısı sorğulanmalıdır. 

Azərbaycanın regionlarında futbola böyük maraq var. Nə qədər istedadlı uşaqlar var, onları axtarıb tapmaq lazımdır. Onların yetişməsi üçün məktəb, stadion lazımdır. Bunların heç biri olmadıqdan sonra bizdə futbolçu niyə olsun axı? Futbolçu məhsuldur və biz onu yetişdirə bilmirik. 

Bu günləri Lixtenşteynin 63 il ərzində qələbə qazanmayan komandası gəlib Azərbaycan yığması üzərində qələbə qazanır. Bundan böyük biabırçılıq ola bilməz. Azərbaycan futbolu kimlərinsə qazanc yeri olmamalıdır. Xaricə futbolçu çıxara bilməməyimizin səbəbi də futbolçu yetişdirə bilməməyimizdir. Slovakiya ilə oyunda Ramil Şeydayevdən başqa heç kim fərqlənmirdi. Çünki onu yetişdirən Rusiya futboldur. Bu adam “Zenitin” futbol məktəbinin yetirməsi olduğu üçün meydanda digərlərindən az-çox fərqlənirdi. 

Üstəlik bizdə o heç nə oynaya bilməyən futbolçulara həddindən artıq məvacib verilir. Bizm iki oyuna 8 top buraxan qapıçımız “Neftçi”də 20 min manat maaş alır. Bu böyük sosial ədalətsizlikdir. Bu futbolçu bizə nə verib ki, ona o qədər pul verilir. Mahir Əmrəli 15 min manat maaşı niyə almalıdır? Messi kimi futbolçuya 30-40 milyon pul komandasına 100 milyondan çox pul qazandırdığı üçün verilir. Bizimkilər nə edir? Hələ həddən artıq məvacibdə verilir onlara. Ev, maaşın, əyləncə və s. hər şeylə təmin edirlər. Ona görə də futbolu bu günə qoyurlar. Bütün bunları aradan qaldırmaq üçün əsaslı tədbir görülməlidir”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 793