hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Niyə kökəlirik? - Yanlış qidalanma, hərəkətsizlik

Niyə kökəlirik? - Yanlış qidalanma, hərəkətsizlik

Uşaqlar arasında piylənmə son 40 ildə dünyanın ən geniş yayılmış problemlərindən birinə çevirilib.  

Dünya Səhiyyə Təşkilatının araşdırmasına görə, 2010-cu ilə olan göstəricilərə görə, çəkili uşaqların sayı 43 milyondan artıq olub. Bu problem Azərbaycanı da əhatə etməkdədir.  Trend-in məlumatına görə, ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib. 2017-ci ildə Azərbaycanda 699, 2016-cı ildə 712, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. 2018-ci ildə 18 yaşadək olan hər 100 000 nəfər arasında 26 nəfərə ilk dəfə piylənmə diaqnozu qoyulub. 2017-ci ildə bu göstərici 27 nəfər təşkil edib.

2019-cu ilin əvvəlinə bu xəstəliklə qeydiyyatda olan uşaqların sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə 51 nəfər (2017-ci ildə 57) olub. Piylənmə daha çox oğlan uşaqları arasında müşahidə edilir. Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 41,3 faizi (2017-ci ildə 66,9 faizi) 0-13 yaşlı, 45,1 faizi (2017-ci ildə 33,1 faizi) 14-17 yaşlı olub.

0-13 yaş arasında piylənmədən əziyyət çəkən uşaqların 58,7 faizi, 14-17 yaş arasında piylənmədən əziyyət çəkən uşaqların 54,9 faizi oğlan olub. Qeyd edək ki, BMT-nin bu yaxınlarda açıqladığı hesabata görə, dünyada beş yaşadək uşaqlar da daxil olmaqla, bütün yaş qruplarında artıq çəki və piylənmə halları artıb. 2018-ci ildə 40 milyon nəfər, yəni dünyadakı beş yaşadək bütün uşaqların 5,9 faizi artıq çəkidən əziyyət çəkib. Artıq çəki və piylənmədən əziyyət çəkən 5 yaşadək uşaqlar daha çox Şimali Afrika və Qərbi Asiyada yaşayırlar. Təşkilat qeyd edir ki, həmin uşaqlarda tibbi və psixoloji problemlər daha çox özünü göstərir. Hesabata görə, keyfiyyətsiz qidalanma həm piylənməyə, həm də geniş yayılmış bir problemə - kifayət qədər qidalanmamağa səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq yaşlarında piylənmə akademik fəaliyyətə təsir göstərir. Bu amil dərslərdə yüksək dərəcədə davamsızlığa və gözləniləndən daha aşağı müvəffəqiyyət dərəcəsinə gətirib çıxarır.

Pediatr Vaqif Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, piylənmə xüsusi faktorlarla bağlı olur:

“Bəzi hallarda irsiyyətlə bağlı faktorlar olur. Amma bu faktor hamıya aid deyil. Piylənməyə daha çox qidalanma səbəb olur. Bizim valideynlərdə şirniyyata böyük meyil var. Hələ körpə yaşlarından uşaqlara şirin meyvə qatılmış sıyıqlar verilir. Uşaqlar bir qədər böyüdükdən sonra rəngli, şirin içkilər, şəkərlə zəngin qidalar verilir. Dünyada şəkər və şəkərli qidalar insan oranizminin bir nömrəli düşməni hesab olunsa da, Azərbaycanda, nəinki uşaqlar, həm də böyüklər arasında şəkərli qidalara meyil böyükdür. Bəzən analar özləri  də şirniyyatın kökəlməyə səbəb olduğunu bilir və özləri şəkəri azaldırlar, amma uşaqlarına bunu verirlər. Piylənməyə səbəb olan qidalar arasında daha sonra tez hazırlanan yeməklər, “fast-fud”-lar gəlir. “Fast-fud”-ların ziyanlarından saatlarla danışmaq olar. Sadəcə, onu qeyd etmək istərdim ki, həmin yeməklərdəki inqridentlərin hamısı uşaq orqanizminə ziyandır.  Bunlar mədəaltı vəzə böyük yük olurlar ki, bu da uşaqlarda şəkər xəstəliyinə meyil yaradır. Davamlı olaraq bu cür qidalanma eləcə də ürək, qan-damar xəstəlikləri yaradır, mərkəzi sinir sisteminə ziyandır. Avropanın bir çox ölkələri “fast-fud” yeməklərini qadağan edib, bununla məşğul olan şəbəkələri bağlayıblar. Bizdə isə hər tində biri var. Azərbaycanda kişili-qadınlı elə bir adam yoxdur ki, kartof qızartmasını bişirməyi bacarmasın. Amma bunu evdə edib, uşağa vermək əvəzinə, bayırda “kartof-file” yedizdirirlər uşaqlara. Zamanın izahı olmayan dəbinin arxasınca sürünə-sürünə gedirik”.

Azərbaycanda qidalanma ilə bağlı çoxlu problemlərin olduğunu deyən həkim pediatr bildirir ki, piylənmənin digər səbəbi isə hipodinamiyadır: 

“Hərəkətsizlik piylənmənin böyük səbəblərindəndir.  Uşaqlar saatlarla kompüterin, telefonun qabağında otururlar. Bu əlbəttə ki, piylənməyə səbəb olacaq. Bəlkə də heç yarım saat da təmiz havada olmurlar. Amma təmiz hava çox vacibdir”. Vaqif Qarayev deyir ki, sosial şəbəkələrdə mütəmadi olaraq anaların öz kök uşaqlarını fəxrlə təqdim etdiyi paylaşımlarla rastlaşır: “Azərbaycanlı valideynlər çalışırlar ki, uşaqları “toppuş” olsun. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, uşağın kök olması onun sağlamlığının göstəricisi deyil. Tibbi baxımdan bunun heç bir əsası yoxdur.  Yanlış qidalanma, hərəkətsizlik, havasızlıq piylənmənin əsas səbəbləridir. İrsiyyətlə bağlı səbəblərə az rast gəlinir. Həkim müayinəsi zamanı bu özünü biruzə verir”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1134