hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya liderlərinə müraciət ünvanlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya liderlərinə müraciət ünvanlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən dünya liderlərinə, BMT və digər beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Cebhe.info müraciətin mətnini təqdim edir:

“Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılması məqsədilə Nizami Gəncəvi Mərkəzinin təşəbbüsünə qoşularaq dahi şairin irsinə, ölməz bəşəri çağırışlarına sayğı duyan qələm adamları, yaradıcı insanlar olaraq, beynəlxalq ictimaiyyətə müraciət edirik.

27 sentyabr 2020-ci il tarixində başlayan və artıq uşaqlar və qocalar da daxil olmaqla, 222 dinc insanın yaralanmasına, 47 mülki şəxsin öldürülməsinə səbəb olan – Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təxribatının yeni dalğasına qarşı kəskin narazılığımızı ifadə etmək istəyirik. Xəsarət almış insanlara şəfa və həlak olanların ailələrinə isə dərin hüznlə başsağlığı veririk. Biz yüksək dağıdıcılıq imkanlarına malik raketlərin Nizami Gəncəvinin məqbərəsini dağıda biləcəyindən də çox narahatıq.

Mülki əhalinin ayrı-seçkilik olmadan hədəf alınmasını birmənalı şəkildə qınayır, eləcə də beynəlxalq ictimaiyyəti bu cinayət əməllərinin əsas fikir sahiblərini və cinayətkarlarını ədalət mühakiməsinə çıxarmaq üçün Azərbaycan Respublikasına hərtərəfli kömək göstərməyə çağırırıq.

Hər zaman ədalət, sülh, mərhəmət, birgəyaşayış, mehriban qonşuluq, mədəniyyətlərin harmoniyası və ümumdünya qardaşlığını müdafiə edən Nizami Gəncəvinin evi olan Gəncə şəhərinə 04 oktyabr 2020-ci il tarixindən etibarən Ermənistan Respublikası ərazisindən edilən raket hücumları nəticəsində, bu şəhərdə uşaq və qadın daxil olmaqla 11 mülki şəxs həlak olub, 70 nəfərdən çox dinc sakin isə xəsarət alıb. Tarixi abidələr, xəstəxanalar, məktəb binaları və uşaq bağçaları da daxil olmaqla bir çox evə, mülki infrastruktura böyük ziyan dəyib.

Dinc insanlara qarşı bu hiddətləndirici hücumlar 25 yanvar 2005-ci il tarixində Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 1416 saylı Qətnamə ilə təsdiqlənən, Ermənistan Respublikasının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərində həyata keçirdiyi düşünülmüş etnik təmizləmə siyasətinin davamıdır.

Gəncə Azərbaycanın sülhsevər şairlərinin, mütəfəkkirlərinin və filosoflarının yetişdiyi mədəni mərkəzdir. Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərindən 100 kilometr uzaqlıqda yerləşən ikinci böyük şəhərdir. Burada, yaşı minilliklərlə ölçülən (dövlət qeydiyyatına alınmış) 195 daşınmaz tarix və mədəniyyət abidəsi yerləşir. O abidələrin bir qismi yalnız yerli və respublika əhəmiyyətli olmayıb, ümumən dünya mədəni irsinin incisi sayılır.

Bir millətin mədəni irsinin hədəfə alınmasına heç bir şəkildə haqq qazandırmaq mümkün deyil.

Ermənistanın davamlı təcavüzkar siyasətinin göstəricisi olan silahsız dinc insanların, mülki obyektlərin və tarixi abidələrin davamlı hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1954-cü il silahlı qarşıdurma zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESCO-nun Haaqa Konvensiyası, 1972-ci il UNESCO-nun Dünya Mədəniyyəti və Təbii İrsin, Müharibə dövründə mülki şəxslərin qorunması ilə əlaqəli 1949-cu il Cenevrə Konvensiyası, 1992-ci il Avropa Arxeoloji İrsin Qorunması Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır.

Biz, Nizami Gəncəvinin ölməz bəşəri çağırışlarına sayğı duyan dostları olaraq, erməni vandal əməllərini qətiyyətlə pisləyir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatına (BMT) və UNESCO-ya öz öhdəliklərini nümayiş etdirməsi üçün müraciət edirik. Müraciət edirik ki, bəşəriyyətin mədəni irsini xilas etmək üçün ən qısa zamanda müdaxilə edilsin, Ermənistanın Azərbaycana qarşı olan təcavüzü dayandırılsın.

Bir daha təkrarlamaq istəyirik ki, BMT-yə üzv olan bir dövlətin digər üzv dövlətin ərazilərini işğal etməsi həmin dövlətin BMT üzvü olaraq götürdüyü öhdəliklərin kobud şəkildə pozulması və beynəlxalq hüququn gözardı edilməsi deməkdir.

İşğalın nəticəsi olaraq bir milyondan çox azərbaycanlı hələ də məcburi köçkün olaraq çətin şəraitdə yaşayır: qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnu vurğulamaq istərdik.

Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini bir daha xatırladaraq, Ermənistan Respublikasını həmin qətnamələrə ciddi şəkildə əməl etməyə səsləyir, eləcə də bütün işğalçı hərbi qüvvələrin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırırıq.

Beynəlxalq ictimaiyyət Ermənistan Respublikasını beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət etməyə məcbur etmək üçün bütün səylərini birləşdirməlidir.

Bir daha Azərbaycan Respublikası hökumətinə, Azərbaycan xalqına ərazi bütövlüyünü bərpa etmək və bölgəyə sülh və sabitlik gətirmək üçün bu legitim mübarizəsində tam dəstəyimizi ifadə etmək istərdik.

Nizami Gəncəvinin doğma şəhərini qoruyaq - erməni terroruna yox deyək!”.

Cebhe.info


Oxunma sayı: 683

Bizim Telegram səhifəmizi izləyin