hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Növbəti təxribat: İrəvan hansı haqla Qarabağa vəsait ayırır? – AÇIQLAMA

Növbəti təxribat: İrəvan hansı haqla Qarabağa vəsait ayırır? – AÇIQLAMA

Ermənistan hökuməti Qarabağdakı separatçılara növbəti irihəcmli maliyyə yardımı ayırıb.

Ermənistan KİV-ləri yazır ki, bu haqda hökumətin iclasında bildirilib.

Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan elan edib ki, Qarabağa 13 milyard 533 milyon dram məbləğində yardım ediləcək. Bu yardım əmlak, pensiya, kommunal xidmətlər üzrə ödənişlərə yönəldiləcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının müəyyənləşdirilməsinin gündəmdə olduğu, hətta tərəflərin sülh sazişini imzalamasının gözlənildiyi bir vaxtda rəsmi İrəvanın bu addımı birmənalı qarşılanmadı.

Həmçinin, onların bu qərarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl olması da diqqət çəkir.

Maraqlıdır, Ermənistan bu addımı ilə növbəti təxribata əl ataraq, danışıqlar prosesinə zərbə vurmağa çalışır?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan tərəfindən erməni əsilli vətəndaşlarımıza yardım ayırmasını qonşu dövlətin humanitar yardımı kimi qəbul edə bilərik:

“Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, biz bəzən Qarabağdakı erməni əhalisinə humanitar yardım edilməsinə və bəzi məsələlərə ona görə göz yumuruq ki, onlar da bizim vətəndaşımızdır.

Onların qış vaxtında pis vəziyyətdə qalmaması üçün müəyyən yardımların olmasına qarşı çıxmırıq. Lakin bu o demək deyil ki, kimsə Azərbaycanın suveren hüquqlarına müdaxilə edə bilər. Prezidentin dediyi kimi bura Azərbaycanın investisiyasında olan bir hissə olduğu üçün qərarları da biz veririk”.

Həmsöhbətimiz deyib ki, biz bu vəsaitlərin onlara çatmasının qarşını alsaq dünya tərəfindən qınanıla bilərik:

“Ona görə də Ermənistanın erməni əsilli vətəndaşlarımıza olunan yardımlarını humanitar yardım kimi qəbul etməliyik. Çünki onlar Azərbaycan vətəndaşlarıdır və bura bizim ərazimizdir.

Əslində, bu məsələlərə etiraz etməyin doğru olmadığını düşünürəm. Hətta biz Laçın dəhlizini də onlar üçün açmaqla, erməni əsilli vətəndaşlarımızın Ermənistan ərazisindəki qohumları ilə əlaqələr qurmasına və humanitar yardım almasına mane olmaq istəmədiyimizi göstərdik. Sadəcə olaraq Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımalıdır”.

Partiya sədri qeyd edib ki, bundan sonra Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımıza yardımlar Azərbaycan dövləti üzərindən olunmalıdır:

“Həmçinin, onları ziyarət etmək istəyənlər də Azərbaycanın hava limanlarından gəlib getməlidirlər. Yəni biz oradakı vətəndaşlarımızı sıxışdarmaq məqsədi daşımırıq.

Hesab edirəm ki, Qarabağda yaşayan erməni vətəndaşlarımız üçün addımlar atılmalıdır. Fikrimcə, “ASAN xidmət”in və ya Əmlak Kommitəsinin səyyar xidmətlərini Şuşaya, Xankəndinə və Xocalıya göndərərək vətəndaşlarımızı qeydiyyata almaq lazımdır. Eyni zamanda, həmin yerlərdə yaşayan vətəndaşlarımız üçün büdcədən vəsait ayrılmalıdır.

Çünki o yerlər bizim ərazimizdir və biz multikultural bir ölkəyik. Ona görə də ermənilərin də digər vətəndaşlarla bərabər hüququ olmalıdır. Onlar da öz növbəsində Azərbaycan Konstitusiyasını qəbul etməli və məsuliyyətlərini hiss etməlidirlər. Bu proseslərdən sonra isə başqa dövlətlərin onlar üçün vəsait ayırmasına ehtiyac olmayacaq”.

Elmir
Cebhe.info


Oxunma sayı: 2157