hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Noyabrın 21-nə keçən gecə: “15-ci bayrağı tikə bilmədik...”- Rus tanklarının mühasirəyə aldığı evdən “Azadlıq” meydanına... 

Noyabrın 21-nə keçən gecə: “15-ci bayrağı tikə bilmədik...”- Rus tanklarının mühasirəyə aldığı evdən “Azadlıq” meydanına... 

“İlk bayrağı tikəndə mənim 18 yaşım var idi. Hələ də ilk bayraqdan qalan artıq parçaları və tikiş maşınını saxlayıram. Arzum budur ki, həm parçaları, həm də tikiş maşınını Tarix muzeyinə bağışlayım. Gələcək nəsil üçün xatirə qalsın”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan bayrağını ilk dəfə tikən, Milli Azadlıq Hərəkatının fəallarından olan, bayraqdar xanım Arzu Şahverdiyeva deyib.

1988-ci ildə başlayan Xalq Hərəkatı dövründə ilk dəfə  bayrağımızı Arzu Şahverdiyeva və anası Şura Şahverdiyeva tikib, hazırlayıb və meydana gətirilməsini təmin edib. Hər iki xanım həm ölkəmizdə, həm də xarici səfərlərdə üçrəngli bayrağımızı təbliğ edib. 

Şura Şahverdiyeva 2012-ci ilin fevralın 16-da dünyasını dəyişib. Qızı Arzu Şahverdiyeva isə hələ də keçmiş ənənəsini davam etdirir. Bu barədə təəssüratlarını bölüşən bayraqdar xanımın sözlərinə görə, bayraq tikməyə başladıqları dövrdə həddən artıq məşəqqətli günlər keçiriblər: “1988-ci ildə noyabr ayının 20-dən 21-nə keçən gecə anamla birlikdə ilk dəfə bu bayrağı tikmişik. Azərbaycanda Milli Azadlıq Hərəkatının öncüllərindən sayılan Məhəmməd Hatəmi o vaxt qardaşım Bəxtiyar Tuncaya pul verdi ki, sizin evdə bu bayraq tikilsin. Qardaşım bayrağın rənglərində olan parçalarla maraqlandı. Anam məsləhət gördü ki, Mərkəzi Univermaqdan ipək parçaları almaq olar. Qardaşım 3 rəngdə 3 top parça aldı. Biz gecə səhərədək durmadan 14 bayraq tikdik. Yaşıl parça bitdiyinə görə 15-ci bayrağı tikə bilmədik. Sonra tikdiyimiz bayraqları Bəxtiyar Tuncaya verdik. O da həmin bayraqları “Azadlıq” meydanında payladı. Həmin dövrdə çox çətinliklərdən keçdik. Ruslar gəlib bizi tez-tez incidirdi. Gecə saat 12-dən sonra texnikalarla qapımızın önü kəsilirdi və bizi əhatəyə alırdılar. Qardaşım 6 ay həbsdə oldu və onu ekstremist adlandırdılar. Çox təzyiqlər oldu, amma bütün bunlara baxmayaraq,  rus imperiyasını dağıtdıq. Onların bayrağının yerindəöz üçrəngli bayrağımızı ucaltdıq”. 

Arzu Şahverdiyeva hələ də bayraq tikmək ənənəsini davam etdirdiyini deyib: “Bu, mənim üçün böyük şərəfdir. Evdə lazım olanda, xüsusən bayram günlərində bayraq tikirəm və ənənəni qoruyub saxlayıram”. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2696