hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Öldürmür, amma..: Süni ət monopoliyasından kimlər qazanır? - “Azərbaycanda heç kəs onu almaz”

Öldürmür, amma..: Süni ət monopoliyasından kimlər qazanır? - “Azərbaycanda heç kəs onu almaz”

Xəbər verdiyimiz kimi, Sinqapurda laboratoriya şəraitində istehsal olunan toyuq ətinin satışına icazə verilib. Bu barədə Sinqapurun Ərzaq Agentliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ-ın "Eat Just" şirkətinin Sinqapurda becərilmiş toyuq ətini satmasına icazə verilməsi qərara alınıb. Həmçinin qeyd olunub ki, ölkədə ilk süni ət məhsulu naqqetslər olacaq. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni məhsul protein, faydalı piylər və minerallarla təbii ətdən daha zəngindir. Ümumiyyətlə süni ət yaradılması üzrə işlər dünyanın aparıcı ölkələrində tam sürətlə gedir. Təcrübələr əsas iki istiqamətdə aparılır-bitki komponentlərindən (əsasən zülallardan) hazırlanan ət və heyvan hüceyrələrinin çoxaldılamsı yolu ilə alınan əsl ət əvəzedicisi.

Hazırda bu sahədəki texniki avadanlıq çatmazlığının olması süni ət istehsalını geri salır. Lakin mütəxəssislərin fikrincə, bu sahə inkişaf edərsə, təbii ətdən geri qalmayacaq.

Maraqlıdır ki, illərdir müzakirəsi aparılan süni ət insan orqanizmində hansı təsirə yol açacaq? Azərbaycanda da süni ət satışı mümkündür?

Bu barədə Cebhe.info-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, süni ət insanı öldürməsə də, mədə-bağırsaq sistemində xəstəliklərə yol açır:

"Öncə vurğulamaq lazımdır ki, Sinqapur həyat səviyyəsi yüksək olan ölkələrdən biridir. İstehlakçı hüquqları orada normal qorunur. Bu cür ət isə təhlükəsizdir, insanı öldürmür. Amma keyfiyyəti aşağıdır, insanı aldadır, doyuzdurur və arıqlamaq istəyənlər üçün stimul ola bilər. Lakin qida dəyərinə görə əlbəttə, normal və keyfiyyətli ət deyil. Zülal və müxtəlif qarışıqlardan əmələ gəlib. Şübhəsiz ki, ölüm yaratmasa da, mədə-bağırsaq sistemində, digər daxili orqanlarda xəstəlik yarada, narahatlıq verə bilər. Çünki adından da məlum olduğu kimi, bu, süni ətdir. Orqanizmə hər halda mənfi təsirləri olacaq".

E.Hüseynovun sözlərinə görə, burada əsas məsələ vergilərin əldə edilməsi, dövlətlərin bu sahədə monopoliya yaratmaq istəyidir:

"Buradan da hökumət özünə qazanc əldə edəcək, həkim, dərman biznesini inkişaf etdirəcək. İnkişaf etmiş Sinqapurun baş naziri belə ola bilsin, insanların 80 faizinin təqaüdünün verilməsini istəmir. Ona lazımdır ki, dövlət büdcəsində pul olsun. ÜST və digər bunun kimi təşkilatlar guya insanların sağlamlığının keşiyində durub. Amma onlar sadəcə, dekorativ xarakter daşıyır. Məsələn, siqaretin bütün dünya tərəfindən təhlükəli olduğu qəbul edilib, amma satılır. Çünki oradan dövlət büdcələrinə pul gedir. Eyni zamanda, süni ət də belə olacaq. Buradan dövlət üçün önəmli olan vergi və gəlirlərdir".

O bildirib ki, Azərbaycanda süni ətin satışı əhali tərəfindən qəbul edilməz:

"Qatı kapitalist ölkələrində məsələnin kökündə hər şeydən pul qazanmaq istəyi durur. Bu cür qidalardan da həmin ölkə üçün vergilər gəlir. Sinqapur hökumətinin istehlakçı təşkilatı buna qarşı protesto edə bilər. Biz onlarla bu barədə əlaqə yaradacağıq, hər halda istehlakçı təşkilatı istəməz ki, belə bir mal satılsın. Ancaq yenə də qeyd edirəm ki, azad bazar olduğu üçün kim kimi necə aldadır, heç kim bir-birinə cavabdehlik daşımır. Düşünürəm ki, bu, Azərbaycan üçün yolverilməzdir. Azərbaycan əhalisi elə əti almaz".

Naibə
Cebhe.info


Oxunma sayı: 3598

Bizim Telegram səhifəmizi izləyin