hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Operativ Qərargahın nəzərə almadığı qaydalar: “Maska yalnız qapalı məkanda taxılmalıdır”

Operativ Qərargahın nəzərə almadığı qaydalar: “Maska yalnız qapalı məkanda taxılmalıdır”

Yeni növ koronavirusun gətirdiyi yeni qaydalardan biri də maska taxmaqdır.

Bu qayda ilk öncə hamıya yad olsa da, artıq maska taxmaq gündəlik vərdişlərimizdən birinə çevrilib. Qaydalar qəbul edilərkən nə qədər əhalinin sağlamlığı, virus təhlükəsi nəzərə alınsa da, bəzi hallarda əhalinin narazılığına səbəb olur.

Belə ki, açıq havada da maska taxmağın zəruriliyi isti hava şəraitində işgəncəyə bərabərdir. Xüsusilə xroniki nəfəs problemi olan şəxslər üçün açıq havada maska taxmaq problem yaradır.

Bəs isti hava şəraitində maskaların açıq havada məcburi olmasına dair qərarda güzəşt tətbiq edilə bilərmi? Açıq havada maska zəruriliyi virusdan nə qədər qoruyur?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, əslində maskaların taxılması vacib və zəruridir, amma qapalı şəraitdə:

“Çünki qapalı şəraitdə insan sıxlığı var və orada insanlar virusu bir-birinə keçirə bilərlər. Ona görə də qapalı şəraitdə maska taxmağı məcburi etmək olar. Lakin vətəndaş parkda gəzir, ətrafında da heç kim yox və maska taxmadığına görə cərimələnir, bu söhbətlər absurddur, düzgün deyil. Maska ilk növbədə özünü, daha sonra isə ətrafdakıları yoluxmadan qorumaq üçündür. Ətrafdakılara virusu yoluxdurmaq o zaman olur ki, sən bu xəstəliyin daşıyıcısısan və qapalı məkana daxil olmusan, bu zaman maskadan istifadə etmək lazımdır”.

Həkim qeyd edib ki, sağlam vətəndaşdan açıq havada maska taxmağı tələb etmək düzgün deyil:

“Nəzərə almaq lazımdır ki, vətəndaşın adı portalda yoxdur, tibb müəssisəsinə müraciət etməyib və küçədə gəzir. Deməli, bu adam sağlamdır. Sağlam şəxsin maska taxmasının əsas şərti özünü qorumağıdır. Sağlam şəxsdən maska taxmağı qapalı şəraitdə tələb etmək olar.

Yoxsa sağlam insanın açıq havada maska taxıb-taxmaması nəyisə dəyişmir. Məsələn, mənim yanımdan vətəndaşın biri sürətlə keçirsə, heç vaxt ondan mənə virus keçə bilməz. Fərqi yoxdur ki, açıq havada maska taxıb, yoxsa yox. Belə xırda nüanslar var, lakin Operativ Qərargah nəzərə almır”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1013