Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülür - OĞLU

Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin hazırda İstanbuldakı “Amerika Xəstəxanası”na (“Amerika Hastanesi”) köçürülməsi üçün hazırlıq işləri gedir.
Bunu Cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.
O deyib ki, atasının səhhətində hər hansı irəliləyiş yoxdur: “Atam 20 günə yaxındır ki, komadadır, ayılmayıb. Hazırda sənərlərini hazırlayırıq. Atamı “Amerika Xəstəxanası”na köçürürük”.
Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Alçina Amilqızı
Cebhe.info
Oxunma sayı: 2113