hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Ordular üz-üzə: Savaş böyüyür

Ordular üz-üzə: Savaş böyüyür

PYD/YPG terror təşkilatı Türkiyə silahlı qüvvələrinin apardığı hərbi əməliyyata qarşı müqaviməti gücləndirmək üçün Suriya Prezidenti Bəşər Əsəd hökuməti ilə saziş bağlayıb. 

Kürd terrorçular Suriyanın şimal-şərqində nəzarət etdikləri əraziləri Əsəd ordusunun nəzarətinə vermək barədə razılığa gəlib. Sazişin nəticəsi olaraq, Əsəd rejiminə tabe olan qoşunlar Təl-Tamər şəhərini ələ keçirib. Bundan başqa, əvvəllər ABŞ hərbçilərinin istifadəsində olan Tabka hərbi bazası və bir sıra məntəqələr da Suriya ordusunun nəzarətinə verilib.  

“Sülh çeşməsi” əməliyyatının qarşısında davam gətirə bilməyən PYD/YPG terrorçuları məğlub olduğundan Türkiyə silahlı qüvvələri Əsəd ordusu ilə üzbəüz qala bilər. Bu isə iki ölkə arasında müharibə riski yaradır. Bəşər Əsəd rejimi ilə Ərdoğan iqtidarı arasındakı münasibətlərin gərgin olduğunu nəzərə alsaq, bu qarşıdurma hərbi müstəviyə keçə bilər. Bu təhlükənin qarşısını isə yalnız Əsədə təsir imlanları güclü olan müttəfiqləri ala bilər. Ancaq indiki situasiyada İran Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxdığı üçün bu məsələdə Əsəd rejiminə daha çox dəstək nümayiş etdirəcək. Rəsmi Dəməşqi Türkiyə ilə müharibədən çəkindirə biləcək yeganə ölkə isə Rusiya ola bilər. Kreml isə bununla bağlı öz mövqeyini hələ açıqlamayıb. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, iki ölkə arasında müharibə ehtimalı azdır. Bəşər Əsəd türk qoşunlarının qarşısnı almağa cəhd etsə, o zaman məğlubiyyəti qaçılmaz olacaq:

“PKK-nın Suriya qolu olan PYD/YPG terror təşkilatı hiyləgər bir adıım atıb. Onlar uzun müddətdir Bəşər Əsəd hakimiyyətini qəbul etmirdilər. Onlar Suriyanın ərazi bütövlüyünə qarşı çıxır, orada kürd dövləti yaradacaqlarını bildirirdilər. Hətta ABŞ-la Əsəd rejiminə qarşı ittifaq qurmuşdular. Onların bu davranışı Rusiyanın da xoşuna gəlmirdi. Amma Türkiyə öz qətiyyətini ortaya qoyduqdan və terrorçular məğlub olacaqlarını anlayandan sonra öz mövqelərini Əsəd rejiminə güzəştə getdilər. Onlar istəyirlər ki, Suriya ordusu onları bu yolla Türkiyədən qorusun. Amma mən inanmıram ki, Bəşər Əsəd Türkiyə ilə toqquşmaya gedəcək qədər ağlını itirib. Türkiyənin isə bütün Suriyanı nəzarətə götürmək üçün planı da yoxdur. Türk ordusu 40 kilometr irəlilədikdən və ərazini terrorçulardan təmizlədikdən sonra dayanacaq. Burada önəmli məqam Rusiya ilə bağlıdır. Rusiya da Türkiyə ilə münasibətlərinin pozulmasını istəmir. Rusiya problemi həll etmək üçün vasitəçilik etməyə çalışacaq. Rəsmi Moskva Bəşər Əsədə səhvə yol verməmək üçün mesaj göndərəcək. Hətta riskə getsə belə, Əsəd ordusu Türkiyənin qarşısında duruş gətirə bilməz. Ona görə də Əsəd hakimiyyəti radikal bəyanatlar verməsinə və kürd terrorçularla saziş bağlamasına baxmayaraq, Türkiyə silahlı qüvvələrinin qarşısında dayana bilməz. Türkiyə isə sadəcə olaraq, bufer zona yaratmaq istəyir. Bu prosesdə Suriya Milli Ordusu da ona dəstək verir. Bundan sonra həmin ərazidə təhlükəsizlik zonası yaradılacaq, infrastruktur bərpa olunacaq. Beləliklə, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini bərpa edəcək. Bu Türkiyənin haqqıdır. Çünki Prezident Rəcəb Tayyib Ərdoğan da bəyan edib ki, Əsəd Suriya ərazisinə nəzarət edə bilmir. Terrorçular Suriya ərazisindən Türkiyəyə hücumlar təşkil edir. Ona görə də Türkiyə ordusu Suriyada vəziyyətə müdaxilə etmək qərarına gəldi. Hesab edirəm ki, Türkiyə bu planı axıra çatdıracaq. Burada diqqəti çəkən digər məqam bir-birinə düşmən olan ABŞ, İran, İsrail, Səudiyyə Ərəbistanı kimi beynəlxalq güclərin Türkiyəyə qarşı eyni mövqedən çıxış etməsidir. Amma üç əsas qüvvə Türkiyəyə mane olmur. Bunlar Rusiya, ABŞ və NATO-dur. Əlbəttə, ABŞ Türkiyəyə sanksiyalar tətbiq edəcəyini bildirib. 
Amma Trampın özünü sıxışdırırlar. Konqres onu impiçmentlə hədələyir. Amerika Prezidenti türkiyəli həmkarını gələn ay Vaşinqtona dəvət edib. Hesab edirəm ki, Ərdoğan ABŞ-a səfər edənə qədər əməliyyatlar başa çatacaq. Sanksiyaları isə Donald Tramp təzyiqlərdən yayınmaq üçün bu sanksiyaları imzalamağa məcbur olub. Prezident Tramp özü də dedi ki, kürdlər heç vaxt ABŞ-a dəstək verməyib. Bir müddətdən sonra sanksiyalar unudulacaq və yadda qalan Türkiyənin bölgədə möhkəmlənməsi olacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2795