hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Ortaq türkcə: Birliyə mane olan səbəblər

Ortaq türkcə: Birliyə mane olan səbəblər

Bir zamanlar türk xalqları arasında ortaq türkçənin (ortaq ünsiyyət vasitəsinin) yaradılması məsələsi gündəmin ana mövzusu idi. 

Bu məsələ ilə əlaqədar mətbuatda və televiziyada silsilə xarakterli geniş müzakirələr aparılırdı. Hazırda isə ortaq ədəbi dil məsələsinin müzakirəsi sanki dayanıb. 

Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü “Cümhuriyət” qəzetinə verdiyi açıqlamada bildirib ki, bu mövzü türk xalqları və onun öndə gedən ziyalıları üçün hər zaman aktual olub. Bu istiqamətdə işlər dayanmayıb, sadəcə, müəyyən zaman müzakirələrində aktivlik azalıb:

“İşlərin dayanması fikri ilə razılaşmıram, çünki söhbət ümumtürk ortaq ədəbi dil anlayışından gedir. Bunu hansısa bir qərarla, hansısa müqavilə ilə etmək mümkün deyil. Burada proses uzun zaman apara bilər, amma bu işi aktivliyi azaltmadan görmək lazımdır və bu istiqamətdə çalışmalar yenə də davam edir”.

“Maarifləndirmə gücləndirilməlidir”

XX əsrin əvvəllərindən etibarən, bir çox türk yazar və dil mütəxəssisləri tərəfindən irəli sürülmüş ortaq ədəbi türk dili məsələsinin həyata keçirilməsi üçün ilk addım olaraq hansı işlərləri həyata keçirmək lazımdır? Ekspert Qazaxıstandakı Türk Akademiyasının bu mövzuda ciddi işlər apardığını,dövlətin dəstək verdiyini bildirib. M.Göyüşlü deyib ki, ortaq ümumtürk ədəbi dilinin formalaşması üçün televiziya və internet vasitəsi ilə təbliğat xarakterli fəaliyyət gücləndirilməli, alim və mütəxəssislərin iştirakı ilə müntəzəm toplantılar keçirilməli, prosesin sürətlənməsinə dəstək təmin olunmalıdır:

“Bu istiqamətdə maarifləndirə tədbirləri gücləndirilməlidir. Ortaq ədəbi türk dili məsələsinin gündəmə gətirilməsi, həm də türk dünyası ölkələrinin vahid əlifbaya keçməsi məsələsini də aktuallaşdırır. Çünki hazırda türk dünyası ölkələri rus-kiril, ərəb və latın qrafikasına əsaslanan 27 fərqli əlifbadan istifadə edir ki, bu da ortaq dil məsələsinə müəyyən maneçilik yaradır”. 

“Bu məsələ bir qərarla həll edilə bilməz”

Ortaq əlifba məsələsini ümumtürk ədəbi dilinin formalaşmasında ən vacib şərtlərdən biri hesab edən Mübariz Göyüşlü hesab edir ki, dili hansısa bir qərarla formalaşdırmaq, çərçivəyə və qəlibə salmaq çətindir:

“Lakin əlifba məsələsində bununla bağlı müəyyən imkanlar mövcuddur. Əgər türk xalqlarının ortaq əlifbası yaradılsa, o, dil məsələsinə çox ciddi şəkildə təsir edəcək. Əlifba faktorunun ləngiməsi digər mövzuda da ciddi irəliləyişə nail olmağımıza mane olur. Amma bu mövzuda çox da ümidsiz deyiləm. Türk dövlətlərinin, məsələn, Qazaxıstanın da latın əlifbasına keçid qərarı verməsi və s. amillər bizə problem kimi görünən mövzunun da tez bir zamanda həll olacağını söyləməyə əsas verir” . 

“Rus dilini Türkiyə türkcəsi əvəz edə bilər”

Hazırda türk xalqları arasında ortaq ünsiyyət vasitəsi kimi ehtiyacın həm rus, həm də ingilis dili vasitəsilə ödənildiyinə diqqəti çəkən ekspert deyir ki, türk xalqları arasında daha yayğın ortaq ünsiyyət vasitəsi Türkiyə türkcəsidir:

“Şəxsi müşahidəmə əsasən, belə deyə bilərəm. Bu faktı müsbət qiymətləndirmək olar. Türk xalqlarının bir-biri ilə rus və ya ingilis dili vasitəsiləəlaqə saxlamasındansa, Türkiyə türkcəsindən istifadə etməsini daha məqbul hesab edirəm. Zamanla rus dilini, ancaq Türkiyə türkcəsi əvəz edə bilər”. 

“Çətin mərhələni aşa bilsək...”

Ortaq türk dilinin seçilməsi və bu dildə danışılması zamanla türk dilində danışan xalqların öz dillərini qoruyub-saxlamasına maneçilik törətməyəcək ki? 

Mübariz Göyüşlü belə bir ehtimalın olmadığını bildirib:

“Biz keçmiş Sovet imperiyasının tərkibində yaşayarkən, ortaq ünsiyyət vasitəsi kimi rus dilindən istifadə edirdik. İndi rus dilini Türkiyə türkcəsi əvəz edərsə, bu dəyişiklik bütün türk dünyasına faydalı olar. Digər türk dillərindən sözləri Türkiyə türkcəsinə əlavə edə bilsək, böyük bir məsafəni qət etmiş olarıq. Dil mühüm amildir. Biz həddindən artıq çətin bir mərhələni aşa bilsək , bir-birimizi anlamaqda, bir-birimizə dəstək olmaqda, birliyimizi möhkəmləndirməkdə daha böyük nəticələr əldə edə bilərik”. 

Günel İsayeva
Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1783