hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Otelçilər kreditlərini qaytara bilmir, ümid hökumətədir - AÇIQLAMA

Otelçilər kreditlərini qaytara bilmir, ümid hökumətədir - AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən otellər pandemiya səbəbindən indiyədək götürdükləri bank kreditlərini qaytara bilmirlər.

Otel sahibləri bununla bağlı ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək otellər üçün ayrıca kredit güzəştlərinin tətbiqini istəyiblər.

Bakıdakı bir qrup otel idarəçisi və otel sahibi FED.az-a bildirib ki, onlar nəinki vaxtilə götürdükləri kreditləri qaytarmaq, hətta cari xərclərini də ödəmək iqtidarında deyillər.

Ölkə rəhbərliyinə müraciətdə deyilir ki, Azərbaycanda pandemiyadan ən çox zərər çəkən turizm və otel biznesi olsa da, krediti olan sahibkarlar ümumiyyətlə, fəlakətli vəziyyətdədirlər.

Otel sahibləri bildirir ki, möhlət verilməsi ilə bağlı banklara edilən müraciətlər də nəticəsiz qalıb. “Məşğul olduğumuz biznes iflas həddinə çatmışdır və artıq ödəmə qabiliyyətimiz “sıfır” dərəcəsinə enmişdir.

Bununla əlaqədar müvafiq banklara və qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq müraciətlərimiz cavabsız qalmışdır, heç bir kredit tətilləri tətbiq edilməmişdir, biznes kreditləri üzrə faizlər bu gün də hesablanmaqda davam edir. Biz başa düşürük ki, dövlət banklara və digər kredit vermiş təşkilatlara kömək etməlidir ki, onlar da öz növbəsində bizə köməklik edə bilsinlər”.

İş adamları bildirir ki, baxmayaraq ki, Mərkəzi Bank banklara tövsiyə edib ki, 2020-ci il martın 10-dək biznes krediti olanlara əlavə cərimə faizləri hesablanmasın, bu addımlar, xüsusilə də kredit güzəştləri otelləri və turizm şirkətlərini qorumaq üçün kifayət etmir. “Cərimələr hesablanmır, amma faizlər olduğu kimi hesablanır, əsas borc da öz yerində, otellər bütün bunları ödəməlidirlər, bu isə mümkün deyil”.

İş adamları vəziyyətdən çıxmaq üçün ölkə rəhbərliyindən 3 istiqamətdə kömək istəyirlər. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı “Tədbirlər Planı”nın həyata keçırılməsı üçün qərar qəbul edilsin.
2. Turizmin inkişafı üçün ayrılmış biznes kreditlərinin ödənişi (həm əsas, həm də faiz hissəsi) ən azı bir il müddətinə dondurulmaqla kredit tətili tətbiq edilsin.
3. Növbəti bir il ərzində isə 2021-ci il mart ayından etibarən, kredit ödənişləri subsidiyalaşdırılmış şəkildə həyata keçirilsin.

Məlumdur ki, pandemiyanın ən çox zərbə vurduğu sahələrdən biri də turizm oldu. Otelçilər yaranmış durumla əlaqədar bir neçə dəfə ölkə rəhbərliyinə müraciət ediblər.

Onların kredit problemi necə həllini tapa bilər?

İqtisadçı alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, məsələyə birtərəfli yanaşmaq mümkün deyil:

“Buna qapanmış dairə sindromu deyirlər. Məlumdur ki, 2015-ci ildə baş verən ardıcıl devalvasiya nəticəsində bank sektorunun özünə ciddi zərbə dəymişdi. İndi yaranmış vəziyyətdə də hər hansı bir xidmət sahəsinə ayrılmış kreditlərə yenidən banklar hesabına güzəştlərin edilməsi təzəcə inkişafa doğru addımlayan bank sektorunun yenidən geri addımlaması deməkdir. Düşünürəm ki, indiki vəziyyətdə ən optimal variantlardan biri hökumətin bu məsələyə müdaxiləsidir”.

İqtisadçı alim hesab edir ki, problemin hökumətin iştirakı ilə tənzimlənməsi daha effektiv olar:

“Birmənalı olaraq, problemin otel-bank arasında həlli düzgün olmaz. Çünki hər iki sektor onsuz da kifayyət qədər ziyanla üzləşib”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3268

Bizim Telegram səhifəmizi izləyin