hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Ölkədən çıxışına qadağa qoyulan Natiq Cəfərli: “Deyəsən, tanımayıb göndəriblər, əl-ayağa düşüblər” 

Ölkədən çıxışına qadağa qoyulan Natiq Cəfərli: “Deyəsən, tanımayıb göndəriblər, əl-ayağa düşüblər” 

Borcla bağlı problemləri olduğuna görə REAL Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub. 

İqtisadçı məsələ ilə bağlı Cebhe.info-nun suallarını cavablandırıb: 

- Natiq bəy, borcunuzun olduğunu nə vaxt bilmisiniz? 

- Borcla bağlı şənbə günü məktub almışam. Aldığım məktubda yazılmışdı ki, ayın 19-da mənim iştirakım olmadan məsələyə Səbail rayon Məhkəməsi baxıb və qərar verib ki, ölkədən çıxışıma qadağa qoyulsun. Vergi borcu 2015-ci ilə yazılıb. Halbuki həmin vaxt mənim VÖEN-im bağlı olub. 

- Bununla bağlı əlinizdə sənədlər varmı və Vergilər Nazirliyinə müraciət etmisinizmi? 

- Hazırda əlimdə VÖEN-in bağlı olduğunu və heç bir borcumun olmadığını təsdiqləyən sənəd var. 2014-cü ilin dekabr ayında yoxlama olub və ondan sonra VÖEN bağlanıb. Borcumun olmaması ilə bağlı Vergilər Nazirliyinin rəsmi sənədi var. Mən bu gün Vergilər Nazirliyinə prokurorluğun məktubunu, işə xitam verilməsiylə bağlı sənədi, vergi aktını, borcun olmaması ilə bağlı arayışı - hamısını təqdim etdim. 

- Sizdən hazırda da hər hansı bir ödəmə tələb olunur? 

- Xeyr. 2072 manat borc yazıblar. Bu borcla bağlı təbii ki, heç bir ödəmə həyata keçirməyəcəyəm, çünki borc mənim borcum deyil. Vergi ödəyicisi olaraq mən həmişə üzərimə düşən öhdəlikləri vaxtında yerinə yetirmişəm. Bir qəpik belə borcum yoxdur. 

- Sizə borcun hansı səbəblə yazıldığı bildirilib? 

- Vergilər Nazirliyində borcun texniki səhvdən yaranmış ola biləcəyini dedilər. Amma mən bilirəm ki, bu, texniki səhvlə əlaqəli deyil, həbs müddətində olan "göydən" götürülmüş bir borcdur. Həbslə bağlı işə də 2016-cı ildə xitam verildi və mən sərbəst buraxıldım. Əslində, borc mexaniki olaraq silinməliydi. Heç özləri də hansı səbəblə qadağa qoyduqlarını bilmirlər. Prokurorluğun məktubu əsasında qadağa qoyduqlarını dedilər. Bu, Vergilər Nazirliyi ilə də birbaşa əlaqəli deyil. Prokurorluğun məktubu əsas rol oynayıb. 

- Qadağanın nə vaxt qaldırılacağını düşünürsüz? 

- Sənədləri təqdim etdikdən sonra məsələnin müsbət həll olunacağını bildirdilər. Səhər saatlarında əlaqədar dövlət orqanları işə müdaxilə edir. Bununla bağlı zənglər gəlib. Bildirdilər ki, səhv hesablamalar olub və təzədən hesablayıb mənə məlumat verəcəklər. Çox güman ki, ölkədən çıxışa qoyulan məhdudiyyət bu gün götürüləcək. Bu, böyük ehtimaldır. Mən indi bununla bağlı xəbər gözləyirəm, gün sonunadək məlumat verəcəklər. Deyəsən, tanımayıb göndəriblər, əl-ayağa düşüblər. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 13432