hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Övlad sahibi olmaq istəyənlər üçün yol ayrıcı: Surroqat ana, yoxsa uşaq evi?

Övlad sahibi olmaq istəyənlər üçün yol ayrıcı: Surroqat ana, yoxsa uşaq evi?

Sonsuzluq həm tibbi, həm də sosial problem olan, bəzən də müasir təbabətin aciz qaldığı ən aktual məsələlərindəndir.

Azərbaycanda da sonsuzluq problemi var, amma rəsmi məlumatlara görə, digər ölkələrlə müqayisədə çox az faiz təşkil edir. Müasir tibbdə sonsuzluq probleminin qarşısının alınması üçün süni mayalanma və ya surroqat (daşıyıcı ana) ana vasitəsindən istifadə edilir.

Tibb mütəxəssislərinin bildirdiyinə görə Azərbaycanda surroqat ana olmaq üçün klinikalara müraciət edənlər çox olsa da, bu məsələ "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsindən çıxardılıb. Buna səbəb surroqat ana məsələsinin genetik baxımdan gələcəkdə problemlərə yol açması və mentalitetimizə zidd olmasıdır.

Surroqat ana məsələsinə "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsi ilə son qoyulsa da, bu sənədin qəbulu illərdir ki, yubanır.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Cebhe.info-ya açıqlamasında sözügedən layihənin müzakirəsi və ya qəbulu haqda məlumatsız olduğunu bildirib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Azərbaycanda surroqat anaya ehtiyacdan və əhəmiyyətindən danışıb. O deyib ki, hazırki təbii doğuşun göstərcisinə, sonsuzluq faizinə baxaraq, surroqat anaya ehtiyacın olub-olmadığını müəyyənləşdirmək lazımdır:

“Hətta qanunla buna icazə verilsə belə, bu, bütün insanlara şamil edilməməlidir. Qonşu Gürcüstanda surroqat ana üsulundan geniş istifadə edilir. Amma istənilən halda ehtiyatlı olmaq lazımdır. İlk növbədə ölkədə sonsuzluğun faizi və səbəbləri barədə tədqiqat aparmaq lazımdır. Belə tədqiqatlar olmadan nəsə demək çətindir. Təəssüf ki, Azərbaycanda bu məsələlərlə məşğul olan tədqiqat institutlarının fəaliyyəti aktiv deyil. Hesab edirəm ki, surroqat ana üsuluna deyil, övladlığa götürmə məsələsinə üstünlük verilsə, bu prosedurdan istifadəylə bağlı təşviqat aparılsa, daha məqsədəuyğun olar. Bunun üçün isə övladlığa götürmə ilə bağlı prosedur qaydalarına baxmaq lazımdır. Surroqat üsulunun həyata keçirilməsi zamanı bəzən xoşagəlməz hallar, problemlər, hətta faciələr yaranır. İlk növbədə hansı faciələr ola bilər, onları düşünmək lazımdır. Hər halda mental dəyərlər və problemlər də burada ciddi rol oynayır. Ən yaxşı yol uşaq evlərindən uşaq götürməkdir ki, bu məsələ geniş təbliğ olunmalıdır”.

Hüquq müdafiəçisi əlavə edib ki, istənilən halda hər bir qadının analıq hissi yaşamasının tərəfdarıdır:

“Bizdə əksər vaxt surroqat ana olmaq tələbi övladlığa götürməklə bağlı olan problemlə əlaqədardır. Başqasının uşağını öz övladı kimi qəbul etməmək kimi problemimiz var. Əlbəttə ki, psixoloji amillər bu məsələdə rol oynayır. Ehtiyacı olan hədəf qrupu arasında araşdırmalar aparılmalıdır. Hədəf qrupunun öz maraqları müəyyən olunmayanda, onların yerinə qərar veririk. Ola bilsin ki, surroqat ana olmaq istəyən böyük bir qrup var. Elə qrup da var ki, bununla razılaşa bilmir. Surroqat ananın çox müsbət və mənfi tərəfləri var. Təbii ki, insan haqlarını qorumaq və onların maraqlarını təmin ermək vacibdir. Amma qeyd etdiyim kimi, əvvəlcə ölkədə təbii doğuşun statistikasına, sonsuzluğun faizinə və hədəf qruplarının bu məsələdəki istəyinə yer verilməlidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1376

Bizim Telegram səhifəmizi izləyin