hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Özü və oğulları Qarabağda döyüşən şəhid atası: "Tək təsəllim torpaqlarımızın azad olunmasıdır” - FOTOLAR+VİDEO

Özü və oğulları Qarabağda döyüşən şəhid atası: "Tək təsəllim torpaqlarımızın azad olunmasıdır” - FOTOLAR+VİDEO

Bir ailə düşünün, kişi üzvlərinin hamısı Qarabağın azadlığı uğrunda döyüşsün, vətənin bütövlüyü üçün canını fəda etsin.

Biləsuvarda yaşayan Xəlilzadələr həmin ailələrdən biridir. İnqilab Xəlilzadə hələ l Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən uğrunda gedən döyüşlərdə yaralanan İnqilab bəy indi Qarabağ əlilidir. O vətən uğrunda öz sağlamlığını qurban verib. Lakin bununla kifayətlənməyib. İnqilab Xəlilzadə min zəhmətlə və yoxsulluqla böyütdüyü iki oğul övladını da vətənpərvər ruhda böyüdüb. Cəsur döyüşçü kimi yetişdirib. Vətənpərvər deyəndə bəzən bunun tam anlamı ilə izahında çətinlik çəkirik.

Çünki vətənpərvərlik sözdə deyil, ruhda olur. Ona görə də bu anlamın sözlə ifadəsi çox çətindir. Lakin Xəlilzadələr ailəsi öz əməlləri ilə vətənpərvərlik anlayışına tam mənası ilə örnəkdir. İnqilabın iki oğul övladı vardı: Əli və Əmrah. Onlara hələ uşaq vaxtlarından Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı dolğun bilgilər vermişdi. İnqilab bəyi gənc övladları Qarabağın kimə məxsus olduğunu, kimlər tərəfindən işğal edildiyini, başımıza gətirilən müsibətlərin arxasında kimlərin dayandığını yaxşı bilir və vətənpərvər ruhda böyüyürdülər. İnqilab bəy onlara Qarabağda azərbaycanlı əhaliyə edilən zülmü, min cür işgəncə ilə qətlə yetirilən qız-gəlinlərimizin, körpə və yaşlılarımızın əzablarını anlatmışdı.

İnqilab Xəlilzadə deyir ki, o da gəncliyində oğlanları kimi vətənpərvər idi, Qarabağda nə baş verdiyini gözəl bilirdi: “Biz l Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşsək də torpaqlarımız işğal edildi. Lakin mən iki övladımı işğalı ilə heç zaman barışa bilmədiyimiz doğma Qarabağımızın azadlığı üçün hazırladım. Gün gəlir İnqilab Xəlilzadənin övladlarının da Vətən qarşısında borclarını ödəmək-hərbi xidmətə yollanmaq zamanları gəlib çatır. Qardaşlardan biri-Əmrah Xəlilzadə müddətli həqiqi hərbi xidmət müddətini 2018-ci ildə başa vursa da yenə Vətən sevgisi onu özünə çəkir. Təbii ki, qəhrəman atanın oğlu da ən doğru yolu Vətənə daima xidmətdə görür. Ona görə də Əmrah Xəlilzadə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən 2020-ci ildə müqavilə əsasında hərbçi (MAXE) işləməyə qərar verir.

Beləliklə, Əmrah Xəlilzadə yenidən hərbi xidmətə qayıdır və ön cəbhədə xidmət edir. Əmrahın atası İnqilab kişi deyir ki, ordumuzun cəsur generalı Polad Həşimovun şəhid olması Əmraha çox təsir etmişdi. Hər bir qəhrəmanımız kimi, Əmrah da vətənimizin azad edilməsi və bu Vətən uğrunda şəhid olan Polad Həşimovun qisasının alınması üçün hərbçi olmağı qarşısına məqsəd qoyur. Sentyabrın 27-də başlanan Vətən müharibəsində Əmrah da böyük şücaətlə döyüşə atılır. Erməni işğalçılarına qarşı döyüşlərdə şücaətlər göstərir. Döyüşlərin birində Əmrah yaralanaraq hərbi hospitala yerləşdirilir. Qəhrəman əsgərimiz sağaldıqdan sonra yenidən cəbhəyə qayıdır və döyüşçü yoldaşlarına qoşulur. Ən çətin əməliyyatlarda öndə gedir.

Füzulidə yerləşən “N” saylı hərbi hissədə xidmət edən Əmrah Xəlilzadənin düz bir aydan sonra-27 oktyabrda itkin düşdüyü bildirilir. Lakin sonradan ailəsi Əmrahın şəhid olmasına dair xəbəri alır. Sinəsindən və ayağından yaralanan Əmrah azad olunan vətən torpaqlarının aydın səmasından onun üzünə gülümsəyən Günəşə son dəfə baxaraq yorğun gözlərini yumur. Şəhidin anası Sədaqət xanım oğlunun qəhrəmanlıqlarından sakit danışa bilmir:

“Oğlumun ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi. Elə anlar olur ki, Əmrahın qoxusu üçün dəhşətli dərəcədə darıxıram. Bir yerdə dayana bilmirəm. Düşünürəm ki, kaş ki oğlum qolunu, ayağını itirəydi, amma yaşayaydı. Heç olmasa nəfəs aldığını görərdim. Mənə deyirdi ki, ana sən çox əziyyət çəkmisən, bizi min zəhmətlə, isti-soyuq bilmədən böyütmüsən. Səni saraylarda yaşadacam. Çox darıxıram Əmrahsız, çox… »

Söhbətə ata da qoşulur: “Oğlanlarımın ikisini də bu vətən üçün böyütmüşəm. Oğlum Əmrahın şəhidliyi bu Vətənin azadlığı üçün oldu. Tək təsəllim budur”.

Ailənin böyük oğlu olan Əli Xəlilzadə Vətən müharibəsi başlayan vaxtı könüllü olaraq döyüşə yollanıb. O da şücaətlə bu Vətənin azadlığı uğrunda döyüşüb. Lakin qardaşı Əmrah şəhid olandan sonra onu məcburi şəkildə evə göndəriblər. Əli deyir ki, mənim qalıb xidmət etmək israrıma baxmayaraq qardaşım şəhid olduğu üçün tərxis etdilər. Ailənin müzəffər dövlətimizdən bir istəyi də Əmrah Xəlilzadənin xatirəsinin ədəbiləşdirilməsi, yaşadığı küçəyə şəhidimizin adının verilməsidir.

Qeyd edək ki, Əmrah Xəlilzadə ölümündən sonra “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.

Cebhe.info-nun əməkdaşı şəhidin ailəsi ilə görüşüb və videreportaj hazırlayıb.

Videoreportajda şəhidin ailəsi, qohumları və dostları Əmrah Xəlilzadə ilə bağlı öz xatirələrini və hisslərini bölüşüblər.

Daha ətraflı videomaterialda:

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3400