hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Ərdoğan üçün S-400 sınağı

Ərdoğan üçün S-400 sınağı

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasına qarşı çıxır.

Vaşninqton hər vəchlə bu bazarlaşmanı əngəlləməyə çalışır. ABŞ-ın müdafiə naziri əvəzi Patrik Şanahan Türkiyə milli müdafiə naziri Hulusi Akara məktub göndərib. Məktubda iyunun 31-dək F-35 qırıcı təyyarələrinə görə, ABŞ-da təlim keçən 42 türk pilotun geri qaytarılacağı, növbəti 34 pilotun göndərilməsinə qadağa tətbiq olunacağı bildirilir.

Məlumata görə, məktubda F-35-lərin satışı ilə bağlı Türkiyənin əleyhinə bir sıra sanksiyalardan da söz açılıb. Lakin hələlik bunun detalları açıqlanmayıb. Qeyd edək ki, rəsmi Moskva yaxın iki ayda S-400-lərin Türkiyəyə təslim ediləcəyini bəyan edib.

ABŞ-ın S-400-lərlə bağlı atdığı bu addım siyasilər tərəfindən sanksiya kimi dəyərləndirilir. Xatırladaq ki, analoji proses keşiş Endryu Branson məsələsində də yaşanırdı. Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunurdu. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarmışdı. Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş keşiş Bransonun həbs olunmasından sonra rəsmi Vaşinqton Ankaraya qarşı sərt addımlar atdı və hətta iki nazirə sankiya tətbiq etdi. ABŞ-ın təzyiqlərindən sonra 2018-ci ilin oktyabr ayında Branson azadlığa buraxıldı. Türkiyənin Bransonu azadlığa buraxılması rəsmi Ankaranın Vaşinqton qarşısına geri çəkilməsi kimi qiymətləndirildi.

Pentaqondan S-400-lərlə bağlı Türkiyəyə göndərilən son məktubdan sonra da rəsmi Ankaranın geri addım atacağı iddiaları səslənir.

Maraqlıdır, Ərdoğan keşiş Branson məsələsində olduğu kimi, geri addım atıb S-400-lərdən imtina edə bilərmiə

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində Türkiyənin S-400-lərdən heç bir halda, imtina etməyəcəyini deyib. N.Miri qeyd edib ki, keşiş Bransonla S-400 məsələsi eyni səviyyəli məsələ deyil:

“Keşiş Branson ifşa edilmiş casus idi və onunla bağlı araşdırılma aparılıb, hüquqi prosedur həyata keçirilib. Bu məsələ ilə bağlı Bransondan başqa da bir çox şəxslər həbs edilmişdi. Bu şəbəkə demək olar ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən çökdürülmüşdü. Ona görə də keşiş Branson Türkiyə üçün o qədər də xüsusi önəm daşımırdı. Belə bir casusdan ötrü ABŞ-la münasibəti korlamamaq üçün Türkiyə müəyyən mənada güzəştə getdi. Ancaq S-400 məsələsi indiki vəziyyətdə Türkiyə üçün təhlükəsizlik məsələsidir. Ona görə də Türkiyənin S-400-lərdən imtina etməsi mümkün deyil. Hətta Türkiyə S-400-lərdən imtina etsə belə, Ağ Ev təzyiqlərlə, valyuta və ya digər iqtisadi təxribatlarla “Türkiyənin dizini yerə gətirmək siyasəti”ndən imtina etməyəcək. Bu cür təzyiqlər və təxribatlar davam edəcək. Türkiyə rəhbərliyi də bu məsələdən əmin olduğu üçün özünün təhlükəsizliyi kimi baxdığı S-400 havadan müdafiə sistemlərini almaqda israrlıdır. Düşünürəm ki, iyunun sonu, iyulun əvvələrində S-400 batareyalarının Türkiyəyə gətirilməsi prosesinə başlanılacaq. Türk pilotlarının təlimlərinin dayandırılması və ABŞ-dan çıxarılması ilə bağlı qərarın qəbul edilməsi də ondan ötrüdür ki, rəsmi Ankara S-400 məsələsindən imtina etsin”.

N.Mirinin sözlərinə görə, Suriyada, Şərqi Aralıq dənizi bölgəsində Türkiyə əleyhinə çox ciddi koalisiya formalaşmaqdadır:

“Belə olduğu təqdirdə, hava məkanına nəzarət etməsi üçün Türkiyənin S-400 kimi havadan müdafiə sisteminə ehtiyacı var. S-400-ləri almaqla Türkiyə hava məkanını öz nəzarətinə keçirəcək. Yəni Türkiyə artıq bütün hava məkanlarında öz dominantlığını təmin edəcək. Yaxın perspektivdə S-400-lərlə öz hava məkanını qoruya biləcəksə, bu, o deməkdir ki, gələcəkdə Türkiyənin xarici ölkələrdən havadan müdafiə sistemi almağa ehtiyacı qalmayacaq. Çünki Türkiyə özünün havadan müdafiə sistemlərini istehsal edəcək. Bu da Türkiyənin digər xarici ölkələrdən, eyni ABŞ və NATO üzrə digər müttəfiqlərindən asılılığını minimuma endirəcək. Hesab edirəm ki, bu proses Türkiyənin siyasi və geosiyasi qərarların verilməsində nə qədər müstəqil olduğunu ortaya çıxaracaq. Təbii ki, bu da Türkiyənin təkcə regional deyil, həm də qlobal güc kimi ortaya çıxacağını göstərir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1277