hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Moskva etnik parçalanma planı qurdu

Moskva etnik parçalanma planı qurdu

Moldovada baş verən hökumət böhranı Ukraynada ciddi narahatlıqla izlənir.

Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da Moldovada yaranmış vəziyyətdən narahatlıq ifadə olunur. Rəsmi Kiyev vasitəçi tərəf kimi demokratik Avropa Moldovasında sabitliyin əldə olunmasında maraqlı olduğunu bildirir.

“Moldovadakı aparıcı siyasi qüvvələri hüquqi müstəvidə fəaliyyət göstərməyə, mübahisəni güc və qarşıdurmadan çəkinərək siyasi dialoq yolu ilə həll etməyə çağırırıq”-bəyanatda belə deyilir.

Ukrayna xarici siyasət idarəsinin bəyanatında qeyd edilir ki, Rusiyanın Moldovanı federallaşdırmağa yönəlmiş ssenarisi xarici müdaxilənin yolverilməz olduğunu, ölkədə və bölgədə təhlükəsiz şəraitin mövcudluğunu zəruri edir.

Moldovada siyasi böhranın dərinləşməsi ölkənin parçalanması üçün ciddi təhlükə yaradır. Ərazisində Dnestryanı separatçı münaqişə olan Moldova ikihakimiyyətliliyin yaranmasından sonra növbəti problemlə üzləşib. Qaqauz Muxtariyyətinin rəhbəri İrina Vlax Mariy Sandu hökumətini tanıdığını elan edib. Qeyd edək ki, M.Sandunun rəhbərlik etdiyi ACUM bloku (Sağ Mərkəzçi Avropa Tərəfdarları Alyansı) Qərbyönümlü olsa da onların Rusiyanın dəstəklədiyi sosialistlərlə ittifaqa girməsi və ABŞ-la münasibətləri yaxın olan Pavel Filip hökumətini devirməsi Kremli qane edir. Digər tərəfdən, Putin administrasiyası Moldovada siyasi böhranı körükləməklə ölkədə siyasi-etnik qarşıdurmaya rəvac verməyə çalışır. Hazırda Dnestryanı bölgədə və Rus Pravoslav Kilsəsi vasitəsilə qaqauzlar üzərində siyasi təsirə malik olan Kreml son hadisələrə Moldovanın federallaşmasına nail olmaq üçün real imkan kimi baxır. Bu isə Ukraynanın milli təhlükəsizliyi üçün mühüm təhlükə doğurur. Ukrayna XİN-in Rusiyanın Moldovaya Rusiya müdaxilə edərək federativ dövlət qururluşu yaratmaq planları barədə həyəcan təbili çalması da məhz buradan qaynaqlanır.

Moldova ərazisində yeni münaqişələrin baş qaldırması və Rusiyanın bölgədə mövqeyini gücləndirməsi Moskvaya həm də bu ölkənin Rumıniya ilə birləşməsinə maneə törətmək imkanı yarada bilər. Belə ki, NATO üzvü olan Rumıniya ilə birləşmək alyansın şərq sərhədlərinin Ukraynaya qədər irəli çəkilməsi deməkdir. Təbii ki, NATO-nun nizamnaməsi ərazisində və sərhədlərində münaqişə olan dövlətin alyansa qəbulunu qadağan edir. Ancaq 2020-ci ildə Gürcüstanın NATO-ya daxil olması üçün istisna halları nəzərdə tutan yeni qərarın qəbul olunacağı gözlənilir. Yəni Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın iştirakı olmadan NATO-ya qəbul ediləcəyi bildirilir. Bu baxımdan, Gürcüstanla bağlı qərar növbəti təcrübədə Moldovaya da tətbiq edilə bilər. Yəni Dnestryanı bölgə Moldovanın ərazisi kimi tanınır, lakin ölkə münaqişə bölgəsi istisna olmaqla NATO üzvlüyünə qəbul edilir. Ona görə də Rusiya separatizmi alovlandırmaqla Moldovanın NATO-ya və Avropa Birliyinə inteqrasiyasının qarşısını almağa çalışır.

Moldova hökuməti Rusiyanın Dnestryanı bölgəyə satdığı təbii qazın istehlakına görə “Qazprom” şirkətinə olan borcu ödəməkdən imtina edib. 2016-cı ildə “Moldovaqaz” və “Qazprom” şirkətləri arasında imzalanmış müqavilənin müddəti isə 2019-cu il dekabrın 31-də başa çatır. Rəsmi Kişinyov isə yeni müqavilə imzalamayacağını bildirib. Digər tərəfdən, Rusiya Ukrayna üzərindən nəql edilən təbii qazın ixracını dayandırmaq niyyətində olduğunu bəyan edib. Əgər Ukraynadan keçən “mavi yanacağın” axını dayandırılarsa, Dnestryanı bölgə Rusiya qazından məhrum olacaq. Bu da Rusiyanın separatçı bölgə üzərində təsir imkanlarının itirilməsi deməkdir. Ona görə də Rusiya bölgədə təsirini saxlamaq üçün yaranmış siyasi böhrandan faydalanmağa çalışır. ABŞ “Şimal axını-2” qaz kəməri layihəsinə sanksiya tətbiq edərsə və Zelenski hakimiyyəti ilə anlaşma baş tutarsa, Rusiya “mavi yanacağın” Ukrayna üzərində nəqlini davam etdirə bilər. Lakin “Moldovaqaz” şirkəti hələlik daha çox alternativ mənbələrin tapılmasına üstünlük verdiyini bəyan edir.

Pavel Filip hökuməti dövründə Moldova üzərində ABŞ-ın təsiri yüksək olub. İyunun 8-də ACUN blokunun sosialistlərlə koalisiya quraraq hökuməti və parlamenti götürməsi Rusiyanı Moldovadakı siyasi proseslərin əsas aktoruna çevirib. Rusiya M.Sandunun başçılıq etdiyi kabineti Moldovanın qanuni hökuməti kimi tanıyıb. Ancaq Moldovanın Konstitusiya Məhkəməsi hökumətin formalaşması müddətinin qanunvericiliklə iyunun 7-də başa çatdığını elan edərək koalisiyanın qərarını ləğv edib. Konstitusiya Məhkəməsinin qərarı ilə prezident İqor Dodon vəzifəsindən uzaqlaşdırıb və onun səlahiyyətlərinin icrası baş nazir Filippə verilib.

Buna baxmayaraq, Filip hökuməti də Rusiya ilə anlaşma əldə olunmadan siyasi böhrana son qoyulmayacağını anlayır. Ona görə də P.Filipin hökumətini təşkil edən Demokrat Partiyasının lideri, oliqarx Vladimir Ploxatnyuk Rusiya baş nazirinin müavini və Moldova üzrə xüsusi nümayəndəsi Dmitri Kozakla görüşüb. Rusiya mediasının verdiyi məlumata görə, Ploxatnyuk Kozaka xarici siyasət kursunda dəyişikliləri əks etdirən təkliflər paketi təqdim edib. Kozak bu görüşün iyunun 3-də baş tutduğunu söyləsə də, məlumatı iyunun 11-də açıqlayıb. Onun sözlərinə görə, Ploxatnyuk ona Demokrat Partiyasının sosialistlərlə koalisiya qurmağa hazır olduğunu deyib. Kozakın sözlərinə görə, qarşı tərəf Demokrat Partiyasının ölkənin xarici siyasət kursunu kəskin şəkildə dəyişməyə və Rusiyaya meyil yönəltməyə hazır olduğunu bildirib. Hətta həmin zərfdə Dnestryanı münaqişənin Moldovanın federallaşması hesabına həllini nəzərdə tutan təklif də yer alıb. Kozak bildirib ki, Rusiya tərəfi "açıq şəkildə anti-Rusiya" mövqeyi tutan Demokratik Partiyasının təkliflərindən təəccüblənib. Moskva prezidentə və Sosialistlər Partiyasına demokratların təqdim etdiyi hər hansı gizli sövdələşməyə getməməyi tövsiyə edib. Ploxotnyukun prezident Dodonu və yeni hökuməti Moskva ilə sövdələşmədə ittiham etməsinə baxmayaraq, baş nazirin müavini bildirib ki, Rusiya Dnestryanıdakı münaqişənin həlli məsələsini və ölkənin federallaşmasını heç bir siyasi partiya ilə müzakirə etməyib.

İqor Dodon isə Pavel Filippin parlamentin buraxılması barədə fərmanını imzalamaqdan imtina edib. Səlahiyyətləri alınmış prezident bu barədə Ali Təhlükəsizlik Şurasının iyunun 11-də keçirilmiş iclasından sonra verdiyi açıqlama verib. Ölkə başçısı hökumət rəhbəri vəzifəsini icra edən şəxsin qərarını konstitusiya normalarına zidd adlandıraraq ləğv edib. İqor Dodon Rusiya medasına açıqlamasında Konstitusiya Məhkəməsinin parlamentin buraxılması haqqında qərarına müqavimət göstərmək üçün insanları küçələrə çıxmağa çağıracağını deyib. Dodon Sosialistlər Partiyasının həm daxildən, həm də xaricdən Konstitusiya Məhkəməsinə təzyiq göstərmək istədiyini söyləyib. Söhbət yeni parlament koalisiyasının legitimliyini tanıyan Avropa Birliyi, Rusiya və ABŞ-ın təzyiqlərindən gedir. İqor Dodon bildirib ki, ehtiyac yaranarsa, Sosialistlər Partiyası etiraz aksiyalarına başlayacaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7008