hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Qlobal “ticarət savaşı” və bir neçə cəbhədə savaşan Tramp

Qlobal “ticarət savaşı” və bir neçə cəbhədə savaşan Tramp

ABŞ Prezidenti Donald Tramp "Tvitter" hesabından yeni açıqlama verib.

O, ABŞ-ın Çinə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb: "Nümayəndələrimiz Çin ilə ticarət danışıqları apararaq ölkəmizə qayıtdılar. Üç ay əvvəl Çin ilə müqaviləmiz olacağını düşündük, ancaq təəssüf ki, Çin müqaviləni yenidən müzakirə etməyə qərar verdi”. Daha yaxın zamanda Çin ABŞ-dan böyük miqdarda kənd təsərrüfatı məhsulu alacağını açıqlamışdı, ancaq bu baş vermədi. Bundan başqa, Çin Prezidenti Si Tsinpin, “Fentanylin” ABŞ-a satışını dayandıracağını açıqlamışdı.

Məlumat üçün bildirək ki, 1950-ci illərin əvvəllərində ilk dəfə Belçikada kəşf edilən “Fentanyl” morfindən 80 dəfə və meperidindən 500 dəfə güclü bir dərman kimi tanınır. Merpin - cərrahi əməliyyatdan sonra ağrı kəsici və sedativ olaraq damarda istifadə olunan bir dərmandır. Morfin törəməsidir və ortalama səkkizdə bir təsiri var. Morfindən fərqli olaraq, daha az hamar əzələ daralmasına, öskürək refleksinin “basdırmağa” və qəbizliyə səbəb olur.

Təxminən 40 il sonra, 90-cı illərin əvvəllərindən tibdə terapevtik məqsədlər üçün istifadə edilən “fentanil”, tiryək törəməsi olmasına baxmayaraq, laboratoriyada istehsal olunur. Təsirli bir ağrıkəsici və anesteziya üçün də istifadə olunur. Xüsusilə xərçəng xəstələri üçün təsirli olan maddə tibb dünyası üçün ən dəyərli dərmanlar sırasındadır. Doza həddi aşıldıqda ölümlə nəticələnir. Qanunsuz bir dərman kimi istifadə edilən maddə çox sayda insanın ölümünə səbəb olub. Narkotik tacirləri qanundakı boşluqlardan faydalanaraq Kanadanı iqtisadi gəlirlərinin yüksək olduğu ilk bazar olaraq təyin ediblər. Bu səbəbdən, “fentanil”dən qaynaqlanan ölümlərin əksəriyyəti Kanadadan yayılır. ABŞ-la Çin arasında ticarət danışıqları davam edir və yeni mərhələ sentyabrın 1-də Amerikada başlayacaq. Avqustun 1-də Tramp, 300 milyard dollar dəyərində olan Çin məhsuluna əlavə 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirib. Sentyabrın 1-dən etibarən keçərli olacaq idxal vergisi kompüterlər, ağıllı telefonlar və uşaq paltarlarına tətbiq ediləcək. Məsələ ilə bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin verdiyi açıqlamada, "ABŞ-ın əlavə gömrük rüsumları tətbiq etməkdə israr edəcəyi təqdirdə, Çin lazımi tədbirləri görəcək" deyib. Amma o, bu tədbirlər haqqında detallı məlumat verməyib.

Birjalar, neft qiymətləri Donald Trampın 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirməsinin ardından düşüb. Prezident Donald Trampın Çinlə ticarət müharibəsini yenidən "alovlandırması" səngiyən qlobal tələbə dair narahatlıqları artırıb. Qlobal iqtisadi artımın aşağı düşməsilə neftə tələbin daha da azalacağı və nəticədə qiymətinin ucuzlaşacağı ehtimal edilir.

Məlum olduğu kimi, Donald Tramp tək Çinlə deyil, Rusiya, İran, Almaniya, İraq, Əfqanıstan, Suriya, İngiltərə, Türkiyə kimi ölkələrlə də müxtəlif məqsədlərlə savaşır.

Maraqlıdır, Trampın bir neçə cəbhədə mübarizəsi nə ilə nəticələnəcəkə

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, 1929-32-ci illərdə dünyada baş verən iqtisadi böhranın ən böyük depresiyası ABŞ-da hiss olunmuşdu:

“Həmin dövrdə baş vermiş iqtisadi böhran nəticəsində ABŞ iqtisadiyyatı, qiymətli kağızlar bazarı və digər bu qəbildən olan institutsional əsasları dağıldı. O vaxtdan sonra neçə prezident dəyişibsə, məhz sonuncu prezident Donald Tramp ABŞ-ın iqtisadi qüdrətini dayanıqlı formaya çatdırılması üçün əlindən gələni edib. Bu gün görülən bütün tədbirlər ancaq ABŞ-ın maraqları çərçivəsindədir. Hesab edirəm ki, burada qeyri-adi məsələ yoxdur. Tarixi və iqtisadiyyatın incəliklərin təhlil edərkən bunun bir savaş olmadığını demək olar. Sadəcə olaraq, illər boyu adıçəkilən ölkələrə qarşı yumşaq ticarət münasibətlərinə son qoyulub. İndi çərçivəli şəkildə əsl biznes şərtləri ilə ABŞ bu ölkələr qarşısında çıxış edir. Bu, illər boyu baş vermədiyi üçün dünya ictimaiyyəti bunu savaş kimi qəbul edə bilər. Ancaq bunu ABŞ öz iqtisadi dayanıqlığını daha da artırmaq istiqamətində atdığı addımlar kimi qiymətləndirmək olar. Hesab edirəm ki, bu istiqamətdə görülən tədbirlər savaşla nəticələnməyəcək, güclü ayaqda qalacaq”.

“Çin iqtisadiyyatının formalaşmasında ABŞ-a borcludur”

Ekspert hesab edir ki, ABŞ-ın irəli sürdüyü siyasətin qarşı ölkələrə təsiri olmayacaq:

“Ola bilər ki, həmin dövlətlərin iqtisadi göstəricilərində müəyyən itkilər olsun. ABŞ uzun illərdir ki, çox elastik və cəlbedici bir siyasət irəli sürürdü. Çin iqtisadiyyatının formalaşmasının 80 faizini ABŞ-a borcludur. Bu gün Çin üçün ən böyük bazar ABŞ-dır. Donald Tramp həm iqtisadçıdır, həm də biznesmendir. Yəni, o, ticarət aləminin bütün incəliklərini bilir.

Milyarder Trampın həm dünya birjalarında, həm də dünya təcrübəsində kifayət qədər təcrübəsi var. Bu gün nə Çində, nə Böyük Britaniyada, nə Almaniyada qlobal problemlər olmayacaq. Sadəcə olaraq, artıq əldə etdikləri qazancı ABŞ-ın xeyrinə bölüşməli olacaqlar. Hesab edirəm ki, ciddi problemlərlə üzləşən dövlət olmayacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3004