hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Saakaşvili Ukrayna siyasətini seçir

Saakaşvili Ukrayna siyasətini seçir

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili özünün “Yeni güclərin hərəkatı” partiyası ilə Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. 

Bu barədə M.Saakaşvili rəsmi facebook səhifəsində paylaşdığı videoda bildirib. Qeyd edək ki, bundan əvvəl Kiyev şəhərinin meri Vitali Kliçko Saakaşviliyə özünün “Udar” partiyasına rəhbərlik etməyi təklif edib. M.Saakaşvili V.Kliçkonun təklifini qəbul etməyib.

Mixeil Saakaşvili isə Ukraynaya qayıtdıqdan sonra parlament seçkilərində namizəd kimi iştirak etməyəcəyini  bildirmişdi. Prezident Administrasiyasının Vladimir Zelenskinin M.Saakaşviliyiə vəzifə vermək fikrində olmadığına dair açıqlamasından sonra siyasi müşahidəçilər sabiq dövlət başçısının Gürcüstana qayıdacağını proqnozlaşdırdı. Ekspertlərin rəyinə görə, Saakaşvilinin vətəninə dönməsi 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində lideri olduğu Vahid Milli Hərəkat Partiyasının qələbəsi üçün stimul ola bilər. Ukrayna vətəndaşlığına malik olması isə M.Saakaşvilini həbsdən sığortalayan ciddi siyasi amil rolunu oynayır. 

Ona görə də M.Saakaşvilinin Ukraynada seçkilərə qatılması siyasi sensasiya ilə qarşılanıb. 

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Mixeil Saakaşvilinin seçkilərə qatılması gözlənilən idi:

“Saakaşvili siyasətçidir. Siyasətçinin də əsas məqsədi gündəmdə qalmaqdır. Əgər siyasətçi gündəmdə qalmırsa, deməli, o yaddan çıxır. Hər bir siyasətçi yaddaşlarda qalmaq üçün bu və ya digər platformadan istifadə etməlidir. Bu baxımdan, seçkilərdə iştirak etməsə, Saakaşvlinin Ukraynaya qayıdışının əhəmiyyəti olmur. Yəni Saakaşvilinin Ukraynanın siyasi səhnəsində dönüşü parlament seçkilərindən keçir. Fikrimcə, Saakaşvilinin seçkilərdə qələbə qazanmaq şansı var. Çünki o, Ukraynada, xüsusilə də Odessada yüksək reytinqə malikdir. Saakaşviliyə səs verməyə hazır olan kifayət qədər seçici tapmaq olar. Amma onun seçiləndən sonra onun fəaliyyətinin necə olacağı hələ məlum deyil. O ki qaldı Mixeil Saakaşvilinin Gürcüstana qayıtmasına, bu hazırda real görünmür. Saakaşvili uzun müddətdir Gürcüstanda olmayıb. Gürcüstanın siyasi sistemində Saakaşvilisiz ayrı-ayrı qüvvələr öz yerlərini bölüşdürüb. Saakaşvili artıq onlara lazım deyil. O, Gürcüstanda siyasi meydanı itirib. Saakaşvili qayıtsa, Gürcüstandakı digər siyasilərlə rəqabətə girmiş olar. Ona görə də o, Gürcüstana dönməzdən öncə müxalifət liderləri ilə danışmalı və öz rolunu müəyyənləşdirməlidir”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2388