hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

561 qram gümüş və 650 kq buğdanız varsa: QURBAN KƏSİN

561 qram gümüş və 650 kq buğdanız varsa: QURBAN KƏSİN

Avqustun 12-13-də müsəlman aləmi Qurban bayramını qeyd edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Fətvada deyilir ki, bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişidir. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar.

Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir - şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir.

Kimlər qurban kəsməlidirə

Ümumiyyətlə, qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Unutmayaq ki, müqəddəs “Qurani-Kərim”də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyəti belə vurğulanır: “...Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc:37). Adətən, qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Əziz Peyğəmbərimiz (s) də belə davranmağı bizlərə vəsiyyət edib. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Tövsiyə edirik ki, bu müqəddəs ayin təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra olunsun”.

Qurban kəsməyin də şərti var

Hər il Hicri təqvimlə Zilhiccə ayının 10-cu günündən başlayan və üç gün davam edən mərasimlərdə qoyun, qoç, keçi, inək, dana və ya dəvə qurban kəsilir. Qurbanlıqdan hamıya bərabər pay verilməlidir və bu zaman qurban kəsənin özü də bərabər pay götürə bilər. Yoxsullar və imkansızlar bayram günü ac qalmasınlar deyə onlar mərasimlərə dəvət almalıdırlar. İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoç ən azı altı aylıq olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət deyil. Qurban kəsmək əsasən Məkkədə hacılara vacib olsa da, başqa yerdə də imkanı çatanlar qurban kəsə bilər. Bu, Allah yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur.

Şərikli qurban necə kəsilirə

Beş-altı adamın birləşərək iribuynuzlu heyvanı qurban kəsməsi mümkündür. Bu zaman şərikli malda hər kəsin nə qədər payı olduğu müəyyən edilməli və pay həmin məbləğə əsasən bölünməlidir. Şəriklər biri-birinə halallıq verməlidirlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə qohum-əqrəbalara paylanmalıdır. Şərikli qurban kəsən hər kəs də öz payını 3 hissəyə bölərək eyni qaydada paylamalıdır. Qurban ibadətində əsas olan üsuluna və şərtlərinə uyğun bir heyvanın ibadət və qulluq məqsədi ilə kəsərək qanının axıdılmasıdır. Heyvanın kəsildiyi andan etibarən mömin bu ibadətini yerinə yetirmiş hesab edilir. Uca Allah buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).” (Həc 22/37). Qurban ətinin qeyri-müsəlmanlara verilməsi də mümkündür. Xüsusən da qonşular, yaxud tanıdıqlarınız arasında imkansız qeyri-müsəlman biri varsa, həmin ətdən ona pay göndərmək savabdır.

Qurban kəsərkən heyvanı üzü qibləyə uzatmaq lazımdır. Əgər qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən Qurban duası oxunur.

561 qr gümüşü olan hər kəs qurban kəsməlidir

İslamda "Nisab miqdarı" deyilən anlayış var. Bu anlam hər kəsin qurban kəsməsini zəruri edən maddi imkan miqdarı ilə rivah səviyyəsini göstərilir. Şəriətin buyururki, 561 qram gümüş və 650 kq buğdanın dəyəri qədər sərvəti olan kəs qurban kəsməlidir. Borc alınmış pulla qurban kəsilməsi də mümkündür. Bir şərtlə ki, həmin pulu zamanında qaytarmaq imkanı olsun. Bəziləri belə fikirləşir ki, qurban kəsmək əvəzinə həmin heyvana çəkiləcək xərc məbləğində vəsaiti imkansızlara paylamaq daha yaxşıdır. Ancaq bu, "caiz", yəni məsləhətli hesab edilmir.

Qurban ətini evdə saxlamaq olarmıə

Qurban ətini paylamağın da öz qaydaları var. Qurbanlıq heyvan kəsilib soyulduqdan sonra əti tərəzidə çəkərək bərabər paylaşmaq lazımdır. Bu zaman quyruq, içalat və yeyilən hər şey paylaşılır. Tərəzidə çəkilmədən bölüşmək caiz hesab edilmir.

Əti çəkilmədən paylaşdıldığı təqdirdə yeddi adamdan dördünə ətlə birlikdə bir ayaq, beşinciyə ətlə birlikdə dərisi, altıncıya ətlə birlikdə başı verilərsə, caiz hesab edilər. Qurbanın ətini bərabər olaraq çəkdikdən sonra paylaşmaq üçün püşk atmaq yaxşıdır. Bir malı ortaqlar arasında paylamaq üçün püşk atmaq caiz və sünnətdir. Pay etmədən ətin bir qismini bişirib ortaqların müştərək yemələri caizdir. Mətbəxləri bir olan ata-oğulun, ər-arvadın ortaq olaraq kəsdikləri qurbanı tərəzidə çəkib paylaşmaları lazımdır. Müsəlman bir kimsənin kəsib qeyri-müslimin soyduğu qurbanın ətini yemək caizdir. Qurbanın və hər heyvanın yeyilməyəcək yerləri bunlardır: axan qanı, zəkəri (cinsiyyət orqanı), husyələri (qoç yumurtası deyilən yerləri), ifrazat, öd kisəsi, dişi heyvanın önü və sidik kisəsi (məsanəsi). Bəzən qurban ətinin evdə 3 gündən artıq saxlamağın düzgün olmadığına dair iddialar var. İslam alimləri bildirir ki, qurban kəsən qurban ətini evində 3 gündən çox saxlaya bilər. Qurban ətini üç gündən çox saxlamanın zərəri yoxdur. Ətin üçdə birini evə ayırıb, üçdə birini qonşulara, qalanını da kasıblara vermək müstəhəbdir. Əgər qurban sahibi imkanlı deyilsə, evində ət ehtiyacı çoxdursa, ətin hamısını evində saxlaya bilər. Qurban nisabına malik bir kimsə gəliri ilə çətin dolanırsa, ətin hamısını qovurma edib, bir neçə ay ət pulundan yığaraq gələcək ilin qurban pulu olaraq saxlaması və beləcə qurban kəsmə savabından məhrum qalmaması yaxşıdır. Heyvan kəsildikdən sonra əti tələf olarsa, təkrar qurban kəsmək lazım deyil. Çünki həmin şəxs artıq qurbanını kəsib.

Qurban ətini satanlar...

Qurban bayramı ərəfəsində bəzən qəssablarda qurban ətinin satıldığının şahidi oluruq. Bu, doğru deyil və həmin əti satan da, alan da bunun qurbanlıqla heç bir əlaqəsinin olmadığını bilməlidir. Çünki qurbanın heç bir yeri satılmaz. Bayram günlərində bəzi bazarlarda “Qurban əti” adı ilə satılan və ya alınan ətlərin qəssabdan alınan ətdən heç bir fərqi yoxdur. Qurban bayramının əsas mahiyyətindən biri də kasiblara, imkansızlara yardımdır. Əgər qurbanlıq heyvanın əti pulla satılarsa, bu savab sayılmır.

Qurbanınız qəbul olsun!
Cebhe.info


Oxunma sayı: 5039