hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

ABŞ-ın Qarabağ planı: Arxasında nə dayanır?-Tofiq Zülfüqarov şərh edir

ABŞ-ın Qarabağ planı: Arxasında nə dayanır?-Tofiq Zülfüqarov şərh edir

“ABŞ Konqresinin Dağlıq Qarabağa dair “Roys-Engel” təklifinə etdiyi düzəlişin hüquqi əsası yoxdur və bu sənəd bəyanata oxşayır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Nümayəndələr Palatasının iyulun 11-də Dağlıq Qarabağa dair qəbul etdiyi sənədi şərh edərkən belə deyib. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası, konqresmen Cudi Çunun Dağlıq Qarabağa dair “Roys-Engel” təklifinə düzəliş edilməsini səs çoxluğu ilə dəstəkləyib. Bu barədə xəbər ABŞ-dakı Erməni Milli Komitəsinin saytında yerləşdirilib.

Cudi Çunun iyul ayının əvvəlində verdiyi təklif Dağlıq Qarabağda əsgərlərin təmas xəttindən snayperlərin çıxarılmasını və ATƏT müşahidəçilərinin sayının artırılmasını nəzərdə tutur. Sənədə əsasən sərhəd zonasında atəşkəs rejiminin pozan tərəfi müəyyənləşdirən xüsusi avadanlıqların-lokatorların yerləşdirilməsi təklif olunub. Xatırladaq ki, “Roys-Engel” təklifi ilk dəfə 2015-ci ildə Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin sabiq sədri Ed Roys və hazırkı rəhbəri Eliot Engel tərfindən hazırlanaraq qəbul edilib. Sözügedən təklifin lehinə ABŞ Nümayəndələr Palatasının 100 nəfərdən artıq üzvü səs verib.

Tofiq Zülfüqarov hesab edir ki, Cudi Çunun təşəbbüsü erməni lobbisinin sifarişi nəticəsində qəbul olunub: “Amma hiss olunur ki, erməni diasporası və lobbisi ABŞ-ın hazırkı administrasiyası ilə əlaqələr yaratmaq iqtidarında deyil. Ona görə də Tramp administrasiyasına müxalif mövqe tutan Konqresdə bu istiqamətdə müəyyən bir qərara nail ola biliblər. Amma bu qərarın heç bir əhəmiyyəti yoxdur. Ermənilər BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirlər. Ona görə də “Roys-Engel” təklifinə daha çox bəyanata oxşayan düzəliş , daha doğrusu erməni mövqeyini əks etdirən kağız parçası heç bir dəyişikliklərə gətirib çıxara bilməz”.

Tofiq Zülfüqarov onu da bildirdi ki, Nümayəndələr Palatasında Cudi Çunun təklifi əsasında qəbul edilmiş düzəlişin icra mexanizmi də yoxdur: “Dağlıq Qarabağ probleminin həlli ilə vasitəçi kimi ABŞ məşğul olur. Amerikanın nümayəndəsi olan diplomat Minsk Qrupunda təmsil olunur. Münaqişənin həlli prosesi ilə bağlı məlumatlar ehtiyac yaranarsa, konqresmenlərə çatdırılır. Ona görə də həmin sənəd erməni mövqeyini əks etdirir. Bu düzəlişi qəbul etməkdə yeganə məqsəd Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttini dondurub dövlətlərarası sərhəddə çevirməkdir. Yəni Azərbaycan işğal olunmuş əraziləri üzərində qurulmuş işğalçı administrasiyanı dövlət kimi tanıtdırmaq istəyirlər. Hesab edirəm ki, bu erməni diasporasının fəallığı ilə bağlıdır. Onlar Ermənistanı necə sevdiklərini və hansı imkanlara malik olduqlarını göstərməyə çalışırlar. Belə hallara qarşı mübarizə aparmaq lazımdır. Ancaq bunun ciddi nəticəsi olacağına inanmıram”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 4544