hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

AKP-ni FETÖ parçalayır? - ŞƏRH 

AKP-ni FETÖ parçalayır? - ŞƏRH 

Cümşüd Nuriyev: “AKP-dən ayrılan yeni qüvvələrə “Gülən camaatı”nın siyasi dəstək vermək ehtimalı  yüksəkdir”

Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan  hakim Ədalət və İnkişaf Partiyası  üzvlüyündən istefa verib. O, bu barədə yazılı açıqlama yayıb.

Bildirib ki, qurucu olduğu partiyadan 18 il sonra ayrılmasının ciddi səbəbləri var: “Son illərdə bir çox sahələrdə tətbiq olunan addımlarla inandığım dəyərlər arasında dərin fərqlililklər yarandı. Düçüncədə və ürəkdə bir ayrılıq keçirdim. O üzdən daxilən bir ayrılıq yaşayırdım”.

Türkiyənin yeni sınaqlarla üz-üzə qaldığını deyən Babacan bildirib ki, ölkənin yeni bir sistemə, strateji planlara ciddi ehtiyacı var. Türkiyənin gələcəyinə dair tamamilə yeni bir baxışa ehtiyac yarandığını deyən Əli Babacan yeni bir fəaliyyətə başlamağın qaçılmaz olduğunu deyib.  

“Mən və bir çox dostlarım belə bir işin böyük və tarixi məsuliyyətini  hiss edirik. Bu prosesdə eyni mənəvi və sosial məsuliyyəti hiss edən insanlarla tanış olmaq bizim üçün çox xoşdur. İnanıram ki, qarşılaşdığımız problemlərin həlli yalnız böyük və güclü kadr heyəti vasitəsilə mümkün olacaq. Birlikdə çalışmalıyıq və ümumi düşüncə ilə hədəfə çatmaq məcburiyyətindəyik. İşimizin müstəqil və sərbəst şəkildə qurulması  çox vacibdir. Hər mövzuda ağ səhifələrdən başlamaq lazımdır”-bəyanatda belə deyilir. 

Babacan yeni partiya quracağı haqda yayılan xəbərləri də dolayısı ilə təsdiq edib.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

Son aylar onun adı sabiq prezident Abdullah Gül, sabiq baş nazir Əhməd Davudoğlu və AKP-dən ayrılmış bir neçə nüfuzlu şəxslə birlikdə yeni partiya quruculuğunda hallanır.

AKP-də “yarpaq tökümü”:Daha kimlər gedəcək?

Qeyd edək ki, Əli Babacanın hakim AK Partiyadan istefa verəcəyi  barədə məlumatlar çoxdan dolaşırdı. Bu baxımdan, Əli Babacanın AKP-dən ayrılması təəccüblü qarşılanmadı. Onunla yanaşı, sabiq baş nazir Əhməd Davudoğlu, eks-prezident Abdulla Gül, baş nazirin keçmiş müavini Bülənt Arınc, Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Kılıcın da adları istefa verəcək şəxslər sırasında çəkilir. Əli Babacanım AKP sıralarını tərk etməsi artıq prezident Ərdoğanın ətrafından qopmaların başladığını göstərir. Ona görə də yaxın günlərdə digər istefaların da baş verəcəyi gözləniləndir. 

Xatırladaq ki, adları çəkilən şəxslərin siyasi elitadan uzaqlaşdırılması prosesi 2016-cı il 15 iyul dövlət çevrilişindən sonra baş verib. Əhməd Davudoğlu, Bülənt Arınc, Əli Babacan və bir çox AKP fəallarının açıq bəyan edilməsə də Fətullah Gülənə yaxın şəxslər kimi  vəzifədən çıxarılması AKP daxilində narazılıqların əsasını qoymuşdu. Prezident Ərdoğanın hakimiyyəti  tək əlində cəmləşdirmək siyasəti  həm də partiya daxilində Ə.Davudoğlu kimi nüfuzlu rəqibləri sıradan çıxartmağa imkan verirdi. Ona görə də 2017-ci ilin aprel ayında konstitusiyaya edilmiş əlavə və dəyişikliklər Rəcəb Tayyib Ərdoğana Ə.Davudoğlunu istefaya göndərməyə, özünü AKP sədri seçdirməyə, ölkədə respublika üsul-idarəsi qurmaqla baş nazir postunu ləğv edib bütün hökuməti bir əldə cəmləşdirmək imkanı verdi. 

Lakin  Türkiyə elitasında getdikcə artan fikir ayrılığı, Ərdoğanın öz kürəkənini yüksək vəzifələrə təyin etməsi, ölkədə iqtisadi problemlərin dərinləşməsi AKP iqtidarından narazılığın yaranmasına gətirib çıxartdı. Bu isə öz nəticəsini 2019-cu il martın 31-də və iyunun 23-də keçirilmiş bələdiyyə seçkilərində AKP-nin müxalifətə məğlub olmasında göstərdi. Görünür, həmin məğlubiyyət  AKP-daxili müxalifətin Ərdoğandan ayrılması üçün ciddi siyasi təkan rolu oynayıb. 

“Dövlət çevrilişi ola bilər”

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Əli Babacanın istefası AKP-də böyük siyasi çatın yaranmasına gətirib çıxaracaq: 

“Mən bu prosesin Türkiyə Böyük Millət Məclisində davam edəcəyini gözləyirəm. Əslində, Türkiyə parlamenti özü də qarşıdurmalardan bezib. Türkiyə Böyük Millət Məclisində Ərdoğanın apardığı siyasəti qəbul etməyənlərin sayı çoxdur.  Yerli özününidarəetmə orqanlarına keçirilən sonuncu seçkilərdəki məğlubiyyət isə səbr kasasını daşdırdı. Çünki İstanbul AKP-nin alınmaz qalası sayılırdı. İstanbulu müxalifətə uduzandan sonra  AKP daxilində ciddi bir ümidsizlik yaranıb. Son illər prezident Ərdoğanın diktaturaya meyl etməsi 600 illik tarixi olan bir dövlətin vətəndaşları üçün qəbul olunmaz məsələdir. Mən hesab edirəm ki, yaxın aylarda Türkiyədə dövlət çevrilişi baş verəcək. Cəmiyyət və hərbçilər çox fəallaşıb. Ərdoğan yürütdüyü siyasətlə özünü girova çevirib. FETÖ ilə mübarizə adı altında millətçi qüvvələri nə qədər təmizləsələr də Əli Babacanın istefası belə qüvvələrin hələ qaldığını göstərdi.  Rəsmi məlumatlara görə, Türkiyə həbsxanalarda öz ölkəsini sevən 250 mindən artıq insan var. 80 milyonluq əhalisi olan bir ölkə üçün bu çox ciddi bir rəqəmdir. İndiyə qədər Ərdoğan Suriya münaqişəsindən və qaçqınlardan istifadə edib hakimiyyətini saxlayırdı. Artıq Suriyada müharibə başa çatıb. Ona görə də bu kart onun əlindən çıxıb. Onu da qeyd edim ki, həm Rusiyadan “S-400”-lərin alınması, həm də İran-ABŞ qarşıdurmasının dərinləşməsi, rəsmi Ankaranın ABŞ-a qarşı sərt mövqe tutması, Türkiyənin ərəb ölkələri  və İsraillə münasibətlərindəki  ziddiyyətlər,  Ermənistan-Yunanıstan-Kipr  alyansının Türkiyəyə qarşı fəaliyyəti  Ərdoğanın xarici siyasətdə  xeyli düşmən qazanması nəticəsində baş verib”. 

“”Gülən Camaatı” və “Milli görüşçülər”  birləşə bilər”

Cümşüd Nuriyev hesab edir ki, AKP-dən ayrılan yeni qüvvələrə “Gülən camaatı”nın siyasi dəstək vermək ehtimalı  yüksəkdir. Vaxtilə AKP-nin yaranmasında mühüm rol oynayan “Gülən Camaatı” və “Milli görüşçülər” indi  Ərdoğan hakimiyyətinə qarşı  yenidən başqa bir təşkilatda birləşə bilər: 

“Əhməd Davudoğlu əslən Qərbi Azərbaycandandır. Yəni təmiz türk kökənlidir. Abdulla Gül də əslən Şamaxılıdır. Hazırda Ərdoğanın əleyhinə əsl türk birliyi formalaşır. Ərdoğanın komandasında əsl türklər isə azdır. Ərdoğan özü isə lazdır. Hökumətin 33 üzvündən cəmi 6 nəfəri təmiz türkdür. Bu isə Türkiyə cəmiyyətində ciddi narahatlığa gətirib çıxarıb. Ona görə də yeni partiyanın  yaranması qaçılmazdır və onlar Gülənçilərlə birləşəcək. Rəcəb Tayyib Ərdoğan isə onların qarşısında davam gətirə bilməyəcək. Çünki Ərdoğanın komandası  zəifdir.  Cümhuriyyət Xalq Partiyasının hazırda güclü bir istiblişmentə və kifayət qədər çox seçiciyə malik olduğunu nəzərə alsaq, Türkiyədə tezliklə hakimiyyət dəyişikliyi baş verəcək. Türki xalqı seçkiləri gözləməyəcək.  İYİ Partiyanın lideri Meral Akşener vaxtilə daxili işlər naziri işləyib və Ərdoğanın bütün oyun qaydalarını bilir. Eyni zamanda, ABŞ-ın Türkiyədəki gücünə bələddir. Ona görə də AKP-dən ayrılanlar  İYİ Partiyada birləşsələr hakimiyyəti ələ ala bilərlər. Türkiyə Böyük Millət Məclisində təmsil olunan digər partiyaların liderləri təmiz türk olmadığına görə, onların hakimiyyətə gəlmək ehtimalı aşağıdır. Ona görə də əsl türkün hakimiyyətə gəlməsi ehtimalı yüksəkdir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2762