hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Azərbaycanlı yazar: "Hər gün daha da güclənən, inkişaf edən bir ölkə görürük" - MÜSAHİBƏ

Azərbaycanlı yazar: "Hər gün daha da güclənən, inkişaf edən bir ölkə görürük" - MÜSAHİBƏ

Azərbaycanlı yazar və iş adamı Əli Polatın "Report"un Türkiyə bürosuna müsahibəsi.

- Əvvəlcə özünüz haqqında qısa məlumat verərdiniz...

- Hər şeydən öncə azərbaycanlı olmaq mənim üçün böyük fəxrdir. 1944-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşam. Hazırda da 74 yaşım var, gördüyünüz kimi, hələ də Azərbaycan dilində danışıram. Hər gün səhərimi muğamla açıram və Azərbaycan musiqisi dinləmədən evdən çıxmıram.

Deməli, atam sovetlərə qarşı mübarizə aparan şəxslərdən olub, ancaq 1937-ci ildə vəziyyətin daha da pisləşdiyini gördükdən sonra Arazın o tayına pənah aparmaq məcburiyyətində qalıb. Lakin 1944-cü ildə rusların İranı işğal etməsindən sonra həbs olunub. Təəssüflər olsun ki, həbsxana həyatı və gördüyü işgəncələr atamın bütün həyatını alt-üst etdi. Həbsdən çıxmasına baxmayaraq, xəstəliyi onun dünyadan vaxtsız köçməsinə səbəb oldu. Bu baxımdan, 10 yaşımdan ağır işlərdə çalışmağa başladım. Ancaq bütün bunlara baxmayaraq, təhsilimi ikinci plana atmadım. Mütəmadi olaraq ailə böyüklərindən dini və ictimai mövzularda təhsil aldım, məktəbə getdim. 1966-cı ildə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində Əkinçilik və iqtisadiyyat fakültəsində Ali mühəndislik ixtisası üzrə təhsil aldım. Ərzurumu isə öz doğma dilimdə danışmaq istədiyim üçün seçdim. Bu şəhərə gəldikdən üç gün sonra artıq mən bir ərzurumlu idim. Çünki hər kəs mənim kimi danışır və heç bir mədəniyyət fərqi yox idi.

Təbii ki, həm özümü dolandırmalı, həm də ailəmə pul göndərməli idim. Nəticədə həm təhsil almaq, həm də işləmək mənim üçün çox çətin idi. Ancaq səbrlə bu sınaqdan alnıaçıq çıxa bildim. Çünki maddi çətinlik olmasaydı, həyatda uğur qazanmayacaqdım. Digər tərəfdən, çətinliklər mənə qorxmamağı öyrətdi. Sadəcə, əlim və ayağım olarasa, ən ağır işlərdə belə çalışıb şərəfimlə çörək qazana bilərəm.

İllər sonra isə Vahabzadə soyadını dəyişməyi qərara aldım və soyadımı Polat olaraq dəyişdirdim. Təbii ki, çətinliklər mənə onu da öyrətdi ki, Türkiyəyə dəmir kimi gəldim və Polat oldum.

- Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra ən çətin günlərində dəstəyinizi əsirgəməmisiniz. Hətta Türkiyədən Azərbaycana uçan ilk təyyarədə də olmusunuz. Həmin illəri necə xatırlayırsınızə

- 1974-cü ildə Almaniya şirkətinin Türkiyədəki nümayəndəliyi hüququnu aldım. Almaniyada xeyli işgüzarlar səfərlərdə oldum, almanların işlərindəki nizam-intizamı mənim də xoşuma gəldi. Bu baxımdan, mən də onlar kimi dəqiq və çalışqan olmağa başladım. Bəlkə də uğurlarımı elə bu təcrübəyə borcluyam. Yadımdadır, Türkiyəni təmsil etmək üçün getdiyim ölkələrdə üzərimdə gəzdirdiyim xəritəni çıxarıb Bakını göstərməklə haradan olduğum sualına cavab verirdim. Çünki sovetlərin xəritəsində Azərbaycan, sadəcə, Bakı olaraq kiçik bir yerdə göstərilmişdi.

1989-cu ildən Ankarada toplantılar təşkil edir, Azərbaycanın rəsmi olaraq tanınmasına çalışırdıq. Biz 1991-ci ilin noyabr ayında böyük yığıncaq keçirdik. Tədbirdə Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl, sabiq baş naziri Məsul Yılmaz və Azərbaycandan da o vaxtkı öncül insanlar iştirak edirdi. Bundan əvvəl də mən Kayseridə üç gün davam edən I Azərbaycan Konqresini keçirdim. Həmin tədbirə Bakıda 150 nəfər gəlmişdi və uzun illər öz doğmalarına həsrət qalmış biri kimi onlara qovuşduğumu hiss edirdim. 1989-cu ilin mayın Türkiyədən Azərbaycana təyyarə yola düşdü. Bu işin təşəbbüskarı isə Türk Dünyası Araşdırmaları Vəqfinin mərhum başqanı, professor, doktor Turan Yazqan idi. Bakıya çatmağımıza az qalmış rus və ingilis dillərində anons etdilər. Mən ayağa qalxdım və qapıya doğru getdim, çıxış qapısının qarşısında dayandım. Məqsəd uşaqlığımdan həsrətilə böyüdüyüm vətən torpağına ayaq basmaq idi. Məndən əvvəl heç kəsin torpağıma ayaq basmağına icazə verə bilməzdim. Qapı açıldıqdan sonra qaçaraq pilləkənlərdən düşdüm və torpağı öpdüm. Həmin gün Bakıda bizi yüz minlərlə insan qarşılamağa gəlmişdi. Həqiqətən çox böyük hadisə idi. Mənim ən böyük arzum reallaşmışdı. Həmin gündən sonra Bakı-İstanbul aviareysi problemi həll olundu.

Yadımdadır, bir gün Bakıda idim. İrandan humanitar yardımla dolu bir neçə TIR-ın gəldiyini gördüm. Mən də Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin yanına gedərək bu yardımın geri göndərilməsini istədim. Mənə "Əli Polad acıq" dedi. Mən də dedim ki, qoy ac olaraq ölək, ancaq dilənməyək. Bizə yardım etməsinlər. Əgər yardım olsa, böyüyə bilmərik. Təbii ki, çətin illərdi. Ancaq şükürlər olsun ki, Heydər Əliyevin gəlişi ilə Azərbaycan yeni dövrə qədəm qoydu, müstəqilliyini möhkəmləndirdi. Bu gün Azərbaycan güclü bir ölkəyə çevrilib. Mən də bir azərbaycanlı kimi Azərbaycanın uğurlarına sevinirəm, hər gün daha da güclənən, inkişaf edən bir ölkə görürük. Biz, sadəcə, gənclərə qapı açmalıyıq. Onlar xaricdə gözəl təhsil alıb güclü şəkildə vətənlərinə dönməlidirlər. Azərbaycan insanı həqiqətən çox bilgilidir. Mən bunu müqayisələrimdə çox asanlıqla görə bilirəm. Çox sayda azərbaycanlı iş adamları var. Elm adamlarımızı riyazi biliyi yüksək səviyyədədir. Bu gün dünyanın bütün universitetlərində azərbaycanlı gənclər təhsil alır, biz onlara dəstək olub daha da güclənmələrinə yardım göstərməliyik.

- 1991-ci ildə Azərbaycanda inşaat və ticarət sahəsində layihələr həyata keçirdim. Eyni zamanda Bakıya gəldikdən sonra zəngin turizim potensialını gördüm və bunu dəyərləndirməklə Azərbaycan iqtisadiyyatına töhfə verməyə çalışdım. Bir neçə böyük otel layihələrini reallaşdırmaq üçün investisiyalar qoydum, ancaq şanssızlıqdan yekunlaşdıra bilmədim. Bundan sonra kiçik həcmdə iqtisadi layihələr reallaşdırdıq. Həmin vaxt mənimlə birlikdə layihələrdə 300-dən çox insan çalışırdı. Hazırda onların bir çoxu Azərbaycanda söz sahibi olmuş insanlardır. Hətta onlardan iş adamları və nazir olanlar da var.

İndiyədək Türkiyə, Azərbaycan və İran iqtisadiyyatına investisiyalar yatırdım və layihələr reallaşdırdım. Türkiyədə ilk tətil şəhərciyini ölkənin o vaxtkı prezidenti Kənan Evrenlə birgə 41 yaşında açdım. 1991-ci ilə Türkiyənin mərhum prezidenti Turqut Özalla digər bir istirahət məkanının açılışını reallaşdırmışıq. 1992-ci ildə Əbülfəz Elçibəylə çox müzakirələr apardıq, Azərbaycan üçün faydalı olmağa çalışdım, dəstəyimi əsirgəmədim. 1993-cü ildə Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm, onunla bir çox böyük layihələrlə bağlı müzakirələr aparmışıq. Prezident İlham Əliyev ilə hələ 1996-cı ildə görüşüm olub. Eyni zamanda Türkiyənin sabiq prezidentləri Süleyman Dəmirəl və Abdullah Gül, İranın keçmiş prezidentləri Məhəmməd Xatəmi və Mahmud Əhmedinejadla da görüşlərim olub və onlarla da böyük iqtisadi lahiyələrin əsasını qoymuşuq. On il əvvəl Təbrizdə çox böyük alış-veriş mərkəzi tikdik, bu gün həmin ticarət mərkəzi hələ də İranda aktuallığını qoruyur.

- Azərbaycana tez-tezmi səfər edirsiniz və qardaş ölkədə davam edən layihələriniz varmıə

- Mən 1999-cu ildən sonra işlərimin əksəriyyətini şərikimə həvalə etmişəm. Mənim qurucusu olduğum, hazırda davam edən böyük ticarət və inşaat layihələri var. İşlərimlə, demək olar ki, övladlarım məşğul olur. Bir qızım və bir oğlum var.

Həmin tarixdən sonra həyatımı daha çox kitablara və yazmağa həsr etmişəm. Bir az da insanlara bu cür insanlara xidmət etməyi məqsədəuyğun saydım. Türkiyədə 53, Azərbaycanda isə 12 kitabım nəşr olunub. Hazırda Bakıda təqdimata hazırlanan kitablarım var və bir neçə ay içində Azərbaycana gedəcəyəm. Artıq qərarımı vermişəm və son kitabımı yekunlaşdırdıqdan sonra qalan ömrümü Nizami Gəncəvinin dünyada tanıdılmasına xidmət edəcəyəm. Bununla bağlı fəaliyyətə 2017-ci ildən başlamışam və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük tədbir reallaşdırdıq. 2017-ci ildə Təbriz Universitetində beynəlxalq konqres keçirdik. İnşallah, 2019-ci ilin iyununda Gəncə şəhərində Nizami Gəncəvi Beynəlxalq Konqresini keçirəcəyik.

- Adətən, kitablarınızda hansı mövzulara toxunursunuzə

- Kitablarımın əsas meyarı insandır. İnsanın ehtiyac duyduğu hər şeydən yazmışam. Hava, su, yaxşılıq və s. Təbriz haqqında yazdığım kitab oxucuların çox böyük marağına səbəb oldu. Bundan başqa Ömər Xəyyamın yaradıcılığından bəhs etdiyim kitab da çox maraqla qarşılandı. Çox sevilən əsərlərimdən biri də "Üç min ilin hikməti kitab”ımdır. Bu əsərdə dünyanın ən dəyərli insanlarının söylədiyi sözləri qələmə almışam. Həmin kitabda Heydər Əliyevin söylədiyi, tarixi dəyəri və böyük mesajları olan sətirlərə də geniş yer ayırmışam. Həyat fəlsəfəm dostluq və sülhdür. Bütün kitablarımda, mesajlarımda bunlar var.

Cebhe.info


Oxunma sayı: 1937