hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Bakıda xarab yumurta ajiotajı - "Agentlik nəzarətə götürməlidir"

Bakıda xarab yumurta ajiotajı - "Agentlik nəzarətə götürməlidir"

Marketlərdə istifadəyə yararsız yumurta satışı həyata keçirilir. 

Bununla bağlı son vaxtlar şikayətlərin sayı artıb. Alıcıların bildirdiyinə görə, marketlərdən aldıqları yumurtaların bəzisi lax çıxır. Bu isə o deməkdir ki, market sahibləri istifadə müddəti bitmiş yumurtaların satışını həyata keçirir. 

Azərbaycan Quşçular Birliyinin (AQB) rəhbəri Aydın Vəliyev Cebhe.info-ya açıqlamasında məsələnin istehsalçı ilə əlaqəsi olmadığını bildirib: 

“Bizim istehsal etdiyimiz yumurtaların üstündə "ştamp" var. Adı olmayanın bizə aidiyyəti yoxdur. Üzərində adı olmayan yumurtaları adi insanlar gətirir və marketə qoyur. Onu market necə götürüb, yaxud özü saxlayıb, bilmək olmaz. Yumurtanın üstündə ad olsa belə, bəlkə market onu 1 ay saxlayır? Mağazalarda yumurta elə vitrinin üzərində və satılana qədər saxlanılır. Əlbəttə ki, xarab olacaq. Yumurtanın saxlanma qaydaları var. Ümumiyyətlə, yumurtanın saxlanma müddəti 28 gündür. İstənilən halda yumurta soyuducuda saxlanılmalıdır”, - deyə Aydın Vəliyev əlavə edib. 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, yumurta 15-18 dərəcə temperaturda 30 gün satışda saxlanıla bilər: 

“Hətta yumurtanı aşağı, yəni 10 dərəcə temperaturda 6 ay da saxlamaq mümkündür. Standartlara görə, hər bir yumurtanın üzərində onun buraxılma tarixi və istehsalçının adı olmalıdır. Bildiririk ki, istehlakçılarımız adları yazılan yumurtalara üstünlük versinlər. Təəssüflər olsun ki, bu, Azərbaycanda həyata keçirilmir. Çoxları kənd yumurtası adı altında marketlərə belə məhsulları gətirirlər. Hesab edirəm ki, bu məsələni Qida Təhlükəsizliyi Agentliyi nəzarətə götürməli və yoluna qoymalıdır. Həmçinin ona nail olmalıyıq ki, hər bir yumurtanın üzərində istehsalçının adı və buraxılma tarixi qeyd olunsun”. 

QHT rəhbəri yumurtanın seçilməsi ilə bağlı əhaliyə bəzi tövsiyələr verib. Bildirib ki, yumurtanın təzə və köhnə olmasını müəyyənləşdirmək üçün bu hallara fikir versinlər: 

“Əhali elə bilir ki, yumurtanın içərisində hava kamerası var. Əslində belə deyil. Təzə yumurtanın içərisində hava kamerası olmur. Yumurtanı qaynatdıqda hava kamerasının qaldığını gördükdə, demək ki, köhnə yumurtadır. Yumurtanı qaynatdıqda ağla sarının arasında göy rəng varsa, bu onun köhnə olduğunun sübutudur”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 738