hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Bələdiyyələrə yeni status: Nə vaxt veriləcək?

Bələdiyyələrə yeni status: Nə vaxt veriləcək?

Məlum olduğu kimi, dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Bu, sayca  beşinci seçkilər olacaq. Azərbaycanda bələdiyyə insitutu tam gücü ilə işləmir, bu qurumun real səlahiyyətləri məhduddur. Bu baxımdan, seçki cəmiyyətin maraq dairəsindən kənarda qalır.

İqtisadçı-ekspert Rövşən Ağayev  bələdiyyə seçkilərinə ayrılan vəsaiti itki hesab etdiyini bildirib: 

“Cəmi 6 ay sonra Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Amma köhnə bələdiyyə sistemi ilə yeni seçkilərə getmək izafi resurs və zaman itkisidir”.

Məlum olduğu kimi, illərdir ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı mövzu gündəmə gəlsə də, vəziyyət dəyişmir.

Belə olan təqdirdə, bələdiyyə seçkilərinin keçirilməsinə, bunun üçün vəsaitin ayrılmasına ehtiyac varmı?

Hüquqşünas Ələsgər Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 1999-cu ildə “Bələdiyyələr haqqında” Qanun qəbul olunsa və ilk seçkilər keçirilsə də, bələdiyyələr yerli idarəetmə qurumları kimi formalaşmayıb: “Yəni, onun müstəsna səlahiyyətləri olmalı idi. Bələdiyyələr həmin səlahiyyətləri hansısa mərkəzi icra orqanı ilə paylaşmamalıdırlar. Amma bizdə bütün səlahiyyətlər yerli icra orqanlarındadır. Bələdiyyə isə onların içərisində 4 istiqamət üzrə: sosial, təhsil, kiçik iqtisadi və bir sıra vergiyığmaları sahəsində fəaliyyət göstərə bilir. Yerli vergilərin müəyyən olunması o qədər kiçik məsələdir ki, faktiki olaraq onu heç kim gəlir mənbəyi hesab etmir”.

“İcra orqanlarının 100-dən çox səlahiyyəti olduğu halda...”

Ələsgər Məmmədli xatırladıb ki, Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün bu qurumun regional idarəetmə ilə bağlı xartiyasına  imza atıb: “Həmin sənəddə də üzərində dayanılaraq göstərilir ki, bələdiyyələrin səlahiyyətləri tam və müstəsna olmalıdır. Azərbaycanda isə birbaşa bələdiyyəyə aid olan müstəsna səlahiyyət yoxdur. Mərkəzi icra hakimiyyətləri haqqında əsasnaməyə görə, yerli icra orqanlarının 100-dən çox səlahiyyəti var. Bələdiyyələrin səlahiyyətləri isə cəmi 4 istiqamətdədir. Hətta bunlar da müəyyən formada məhdudlaşdırılır. Yəni həmin istiqamətlərdə icra hakimiyyətləri fəaliyyət göstərmirsə, bələdiyyələr bununla məşğul ola bilir. Buna görə də istər 2019-cu, istərsə də 2029-cu il seçkiləri olsun, əgər status dəyişmirsə, bələdiyyə tərkiblərinin dəyişməsi heç nəyi dəyişmir. Digər tərəfdən Azərbaycanda seçkilərin özündə də problem var. Cəmiyyət bələdiyyə institutlarının varlığını qəbul etmir və ona inanmır”.

Ekspert deyir ki, bu baxımdan da seçkilər formal və hesabatlılıq naminə keçirilir: “Bələdiyyələrin büdcələrinin 70 faizi bu qurumların saxlanılmasına gedir. Buna görə də onlar cəmiyyətə xidmət göstərən bir qurum kimi tanınmır. Bu da o deməkdir ki,  bələdiyyələrin statusu dəyişmədən seçkilərə və bu infrastruktura cəmiyyətin marağı olmayacaq”.

“Bələdiyyələr öz torpaqlarını istədiyi kimi becərə, sata, icarəyə verə bilərlər”

Türkiyənin iri şəhərlərində, xüsusilə İstanbulda keçirilən bələdiyyə seçkilərinin Azərbaycanda da maraqla izləndiyini xatırladan hüquqşünas deyib ki, başqa ölkələrdə yerli idarəetmə qurumlarının böyük səlahiyyətləri var: “Bələdiyyələr bütün infrasturuktura nəzarət etməli, yol, su, kanalizasiya infrasturukturları, iaşə obyektlərinin açılması, onlara nəzarət bələdiyyələrə verilməlidir. Konkret olaraq xidmət sektorunda nə varsa hamısı, eyni zamanda yerli vergilər, obyektlərdən yığılan vergilər bələdiyyələrə verilməlidir. 

Torpaqların idarəolunması səlahiyyətləri genişlənməli və müstəsna olmalıdır. İdarəetmədə məsul olan icra hakimiyyətləri nəyə görə kiminsə suyuna, işığına, sanitar, ticarət məsələlərinə qarışmalıdır. Bələdiyyələr öz torpaqlarını istədiyi kimi becərə, sata, icarəyə verə bilərlər. Bunların hamısı icra hakimiyyətlərinin dodaqlarından çıxacaqsa, bu o deməkdir ki, bələdiyyələr yoxdur”. 

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 3070