hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Dövlət-vətəndaş münasibəti: Üçüncü tərəfə ehtiyac varmı?

Dövlət-vətəndaş münasibəti: Üçüncü tərəfə ehtiyac varmı?

Avropa Şurasının insan hüquqları üzrə komisarı Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində bir qrup hüquq müdafiəçisi, vəkil və vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub. Müzakirələr zamanı vəkillərin Vəkillər Kolegiyasından kənarlaşdırılması, bəzi vəkillərin bank hesablarının bağlanması, lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz yerə fəaliyyətinin dayandırılması, hüquq- mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri gündəmə gətirilib, problemlər səsləndirilib. Müzakirələr zamanı D.Miyatoviç bu məsələləri hökumət qurumları qarşısında qaldıracağını vəd edib. Bundan əlavə, bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlayacaq.

Maraqlıdır, niyə Azərbaycan ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyətləri ilə hökumət arasında üçüncü şəxslər olmalıdır? Problemlərin qurumlara birbaşa çatdırılması yaxşı olmazmı? Dövlət qurumları aidiyyatı üzrə təşkilatların problemləri ilə bağlı mütəmadi olaraq dinləmələr keçirə bilməzmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bu məsələlərdə üçüncü tərəfin iştirakının doğru olmadığını deyib. Partiya sədri bildirib ki, bu prosesə qoşulan vasitəçilər daha çox öz maraqlarından çıxış edirlər: “Azərbaycanda iqtidar-müxalifət arasında, hətta müxalifət olmayan, sərbəst düşünən şəxslər arasında düşmənçilik yaratmaqda meyilli olan bəzi qüvvələr var. Yalnız bu halda cəmiyyətdə qarşıdurma ola bilir və bəzi qüvvələr bundan yararlanır. Bunu edənlərin yeganə məqsədi öz şəxsi maraqlarını güdməkdir. Bu baxımdan problemlərimizi özümüz, öz aramızda həll etməyə çalışmalıyıq. Elə problemlər ola bilər ki, başqalarının köməyinə müraciətə ehtiyac yaranır. Amma bütövlükdə vasitəçilərin bu prosesə qoşulması düzgün deyil. Çünki vasitəçilər bu prosesə qoşulanda təkcə bizim deyil, öz maraqlarını da təmin etməyə çalışırlar. Bununla yanaşı, bizim haqqımızda da yanlış fikir formalaşır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə açıqlamasında bu cür problemlərin illərdir davam etdiyini bildirib. Onun sözlərinə görə, dövlət qurumlarının dinləmələr keçirməsi vacibdir: “Təəssüflə bildirməliyəm ki, illərdir bu problem var. Lakin son zamanlar cənab Prezidentin təşəbbüsü öz əlinə alıb, müxtəlif qurumlarla görüşərək dialoq aparması olduqca müsbət haldır. Əslində, bunu audiyyatı qurumlar, vətəndaş cəmiyyəti, KİV və icmalarla işləyən dövlət qurumları mütəmadi etməlidir. Dialoq inkişafdır. Buna maraqlı qurumlar olmayanda, üçüncü tərəfin ortaya çıxması və təzyiqə cəhdi uzun zamandır davam edir. Təbii ki, bunu dayandırmaq çətin deyil. Əsas məsələ odur ki, tərəflərin dialoq mədəniyyəti formalaşsın. Dialoqda şərtlər olmamalıdır. Qarşılıqlı əməkdaşlıq üçün təkliflər və onun icrası üçün mexanizmlər olmalıdır. Düşünürəm ki, biz buna doğru gedirik. Bu labüd və mümkündür. O ki qaldı, üçüncü tərəfin bu proseslərdə iştirakına, əgər siyasi ambisiyalarla deyil, xeyirxah niyyətlə bunu etmək istəyərsə, müsbət haldır. Amma bu, təzyiq formasında olarsa, təbii ki, problemin dərinləşməsindən başqa heç nə gətirməyəcək. Dialoqda təkliflər konkret olmalıdır. Bəzən dialoq barədə danışanlar da öz təkliflərini kifayət qədər formalaşdırmadan bu prosesə girir ki, o halda da uğursuzluq gözləniləndir”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 595