hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dünyanın 1-ci və 13-cü ordusu üz-üzə: Müharibə başlayarsa, kim qalib gələcək?

Dünyanın 1-ci və 13-cü ordusu üz-üzə: Müharibə başlayarsa, kim qalib gələcək?

Müharibə təhdidlərinin davam etdiyi İranın xarici işlər nazirinin müavini Seyid Abbas Araqçı bu ölkənin istənilən təcavüzkara dərhal cavab vermək gücündə olduğunu bildirib.

O, eyni zamanda da İranın hərbi gücünün möhkəmlənməsinin müdafiə xarakteri daşıdığını və hansısa ölkəyə qarşı yönəlmədiyini deyib: "İran müasir tarixində hansısa ölkəyə qarşı müharibəyə başlamayıb. Ancaq istənilən təcavüzkara dərhal cavab verməyə qadirdir".

Ölkənin ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamneyinin sözlərini yada salan nazir müavini ölkənin müharibə istəmədiyini, ancaq dinc nüvə fəaliyyətini davam etdirmək niyyətində olduğunu söyləyib.

Məlumdur ki, Azərbaycanın cənub qonşusu olan İrana qarşı müharibə təhdidlərinin başlanması heç də qısa müddəti əhatə etmir. ABŞ və İran tərəfinin bir-birinə qarşı təhdid dolu bəyanatları illərdir ki, səslənir.
Müharibənin başlanıb-başlanmayacağı məlum olmasa da, tərəflərin hərbi gücünün hansı səviyyədə olması maraq doğurur. Doğrudanmı, xarici işlər nazirinin müavinin dediyi kimi, İran dünya nəhənglərinin hücumlarına cavab vermək gücündədirə

“Cümhuriyyət” qəzeti İranın hərbi gücünün hansı səviyyədə olması ilə bağlı araşdırma aparıb. Öncə qeyd edək ki, 2013-cü ilin göstəricilərinə görə, İran ordusu dünyanın 16-cı böyük ordusu hesab olunub. Həmin vaxt ölkənin hərbi vəsaiti 10 milyard 687 milyon ABŞ dollarına bərabər olub.

2017-ci ilin göstəricilərində isə İranın müdafiə büdcəsi 16 milyard dollara çatıb. Bu isə, nəinki ABŞ, həm də ölkənin bölgədəki rəqiblərinin hərbi gücü ilə müqayisədə zəif hesab olunurdu. Belə ki, iki il əvvəlki göstəricilərə görə, İsrailin müdafiə büdcəsi 18,5 milyard dollar, Səudiyyə Ərəbistanınkı isə 76,7 milyard dollara bərabər idi.

Ötən il hərbi güclərin reytinqini dərc edən “Global Firepower Index” saytında İran 136 ölkə arasında 13-cü yeri tutub. Hesabatda 50-dən çox faktora əsas götürülüb ki, burada ənənəvi (qeyri-nüvə) qüvvələr, insan gücü, coğrafi və maliyyə baxımından, müharibə etmə potensialı da aid edilib. Reytinq cədvəlində İranın 82 milyonluq əhalisi müharibə üçün böyük insan potensialı kimi dəyərləndirilib.

Həmin siyahıda isə İranın regional rəqibi olan İsrail 16-cı, Səudiyyə Ərəbistanı isə 26-cı yerdə qərarlaşıb.

İran hərbi strategiyasının sütunlarından biri qısa, orta və orta-uzaq mənzilli ballistik raketlər hesab olunur. İranın “Mehr” xəbər agentliyinin ölkənin raket texnologiyası ilə bağlı 2013-cü ildə dərc etdiyi məqalədə İranın raketlərinin Avropanın ən uzaq nöqtələrinə, Asiyanın isə 70%-dən çoxuna çatmaq qabiliyyətinə malik olduğu bildirilib.
Yazıda İranın bütün raketlərinin təsnifatı verilib.

Bunlar uzaqmənzilli ballistik raketlər - “Şəhab 4”, “Şəhab 5”, “Şəhab 6”, “Səcil”, “Səfir” peyki və “Kövsər” layihəsi
Ortamənzilli ballistik raketlər - “Şəhab 3”, “Fəcr 3”, “Aşura” və “Qədr 110”
Qısamənzilli ballistik raketlər - “Şəhab 1”, “Şəhab 2” və “Fəth 110”
Gəmi əleyhinə ballistik raket - “Xəlice Fars” (Fars körfəzi)
Topçu raketlər - “Səmid”, “Tondər 69”, “Zalzal 1”, “Zalzal 2” və “Zalzal 3”
Yer-hava raketləri - “Mehrab”, “Şahin”, “Misaq 1”, “Misaq 2”, “Səyyad 1”, “Şəhab saqib” və “Mersad”
Helikopter əleyhinə raket -“Qaem”
Tank əleyhinə idarə olunan raketlər - “Saiqə”, “Rəd”, “Tufan”, “Tufan 2”, “Tufan 5”, “Tosən” və “Dəhlaviyə”
Gəmi əleyhinə raketlər - “Nur”, “Kövsər”, “Qader” və “Zəfər”
Cruise raketləri - “Nəsr 1” və “Mesqat,
Qanadsız raket -“Qiyam”,
Hava-yer raketləri-“Şəfəq”, “Şahin 3”, “Star” və “Əsr 67”,
Hava-hava raketləri -“Fater” və “Səcil”
Torpedolar - “Kose”, “Yasin” və “Hut”
Katyuşalar - “Arəş”, “Fəcr 3”, “Fəcr 5”, “Fələq 1”, “Fələq 2”, “Oqab” və “Haseb”-dir

Qeyd edək ki, İslam İnqilab Keşikçiləri Korpusu (Sepah) İranın “ön müdafiə” dayağı hesab olunur. “Sepah” özü də bir neçə strukturdan ibarətdir. Ənənəvi “Sepah” hərbi gücü, İslam İnqilabı Könüllüləri “Bəsic Müqavimət Qüvvələri” və “Sepah”ın xaricdə əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” briqadası.

Həm hərbi hava, həm hərbi dəniz qüvvələrinə malik olan SEPAH-ın təkcə quru qüvvələrinin heyyəti 100 min nəfərə çatır. SEPAH-ın nəzarətində olan “Bəsic” könüllülərinin 11 milyon üzvünün, onların içərisində aktiv hərbi hazırlığa malik olan və fövqəladə hallarda bir ay içərisində təşkilatlana bilən 3 milyonluq xüsusi üzvlərinin olduğu ehtimal olunur. Bu tərəfdaşlara İraqda, Suriyada vuruşan silahlı qruplaşmalar da daxildir.
İranın əlində olan təzyiq vaistələrindən biri isə dünya neft ticarətinin 20%-ə yaxınının keçdiyi İran və Oman körfəzləri arasında olan Hörmüz boğazıdır. İran burada rəqib gəmilərinə qarşı ənənəvi və qeyri-ənənəvi dəniz taktikalarından istifadə etmək imkanına malikdir.

Qeyd edək ki, bir qrupun İranı rəqiblərinin qarşısında zəif hesab etməsinə baxmayaraq, digər bir qrup isə heç də bu ölkəni “asan tikə” hesab etmir. Amerikalı senator Tom Kotton isə öz açıqlamasında, ABŞ-ın İran üzərində qələbə qazanması üçün iki zərbənin kifayət olduğunu bildirib.

Amma o da danılmazdır ki, İran iqtisadi cəhətdən onu təhdid edən ölkələrlə müqayisəedilməz dərəcədə aşağı səviyyədədir. Bundan başqa 40 ilə yaxındır ki, bu ölkəyə ABŞ-ın silah embarqosu tətbiq edilir. 2006-cı ildən etibarən isə, bunun üzərinə BMT-nin silah məhdudiyyətləri də əlavə edilib. Bu baxımdan da, İran Qərbin yeni texnologiyalı hərbi sistemləri ilə təchiz olunmaq imkanlarından məhrumdur.

Sonda bir məqamı qeyd edək ki, müharibə çağırışlarının digər tərəfi olan ABŞ-ın bu ilki hərbi büdcəsi 716 milyard dollardır. Büdcə təsdiqlənərkən, əsas hədəfin Rusiya, Çin, İran və Koreya Xalq Demokratik Respublikasına qarşı mübarizə olduğu da etiraf edilib. 2019-cu ildə hərbçilərin maaşının 2,6% artırmaq, yeni gəmilər, sualtı qayıqlar, helikopterlər və s.-nin alınacağı nəzərdə tutulub.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1904