hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Əli Kərimli - Qarışıq təfəkkürlü yarımçıq siyasətçi

Əli Kərimli - Qarışıq təfəkkürlü yarımçıq siyasətçi

Müxalifətin aydın və oturuşmuş zehniyyətinin olması zəruri şərtdir. Hələ də müəyyən qisim insanlar Əli Kərimlini müxalif qüvvələrdən biri kimi görməkdə davam edir. O isə necə deyərlər, bir neçə il öncəni görməkdən israrla imtina edir. İmtina edə-edə həm öz 30 ilini itirib, həm də ona inanan həmin qrup insanları asılı vəziyyətdə saxlayıb. Siyasətin sonluğu, nəticəsi yoxdursa, o, boşboğazlığa çevrilir. Bəlağətli sözlər, xalqın sosial güzəranı və yaşayışı haqqında ürək ağrısı ilə danışmaq, ancaq və ancaq tənqidlə məşğul olmaq yaxşı siyasətçi olmaq və hər kəsin də o şəxsə biət etməsi anlamına gələ bilməz. İstənilən jurnalist, yaxud sadə bir "Facebook" və ya "İnstaqram" istifadəçisi sosial bəlalar, problemlər və güzəran barədə daha gözəl yazır, bəzən çıxış edir. Amma bu, o demək deyil ki, o müxalifətdir, liderdir, yaxud xalqı problemlərdən xilas edə bilər.

Sağlam qüvvə olaraq hamımız dəyişiklik, normal siyasi şərait, ölkənin demokratik və qərbyönümlü inkişafının dəstəkçiləriyik. Amma Əli Kərimlinin qarışıq və anlaşılmaz zehniyyətilə nəticə əldə olunması real deyil. O, gah radikal islamçı, məzhəbçi, təriqətçi, gah qərbçi, gah türkçü, gah İranpərəst, gah Rusiyapərəst, gah amerikalı və gah da asiyalı rolunda çıxış edir. Təkmil proqram, sağlam düşüncə və təşkilatdaxili demokratiya olmadan insanları səmimi, ardıcıl mübarizə və gerçək nəticələrin gözlənildiyinə inandırmaq da real deyil.

Son 20 ilin təhlilləri göstərir ki, müxalifətdaxili birləşmələr, koalisiyalar və digər bilriklər xalqın ümumi maraqları üzərində qurulmayıb. İctimai Palata da, Milli Şura da “Yurd” sədrinin şəxsi iddialarının qurbanına çevriliib. Adam zorla özünü sevdirmək istəyir. Məsələ burasındadır ki, o, həqiqətləri görməkdən imtina edir. Sadə insanların ürəyindən keçənləri dediyi üçün sadə xalqın içində dəstəkçiləri var, amma siyasi elita içində dəstəyi yoxdur. Bu gün siyasətçilər arasında bir nəfər də dostu qalmayıb. O, ancaq öz orbiti və qrupu içində olan, ona tərif deyən insanlara “dostum” deyir. Əgər bir siyasətçinin ölkə siyasətçiləri içərisində dəstəkçiləri və dostları yoxdursa, o, lider ola bilməz! Əgər səni lider kimi qəbul etməyən şəxsləri min hiylə, fitnə-fəsad, şər-böhtanla  ləkələyirsənsə, təşkilatları linc etməyə çalışırsansa, hakimiyyətlə bərabər müxalifətə qarşı da “qurşaqdan aşağı vurmaq” siyasəti aparırsansa, sənin yerin siyasət yox, Azadkənddə torpaq becərmək olmalıdır.

Cəmiyyətin yeni yaradılan siyasi birliklərə ölən inamına görə özünü siyasi lider sayan şəxsin sevinməsi nədən olmalıdır? Siyasi korluqdanmı, alınan tapşırıqdanmı? Təəssüf ki, bu gün də "Yurd"da qalan bəzi cəbhəçi dostlarımız hələ bunun fərqində deyillər. Fərqində deyillər ki, müxalifətdə olmaq sənət, peşə, Allahın verdiyi doğal, konstitusiyadan irəli gələn siyasi hüquq deyil. Sadəcə siyasi liderin və ya qurumun avtoritar rəhbərinin yanlış siyasətinin nəticəsidir.

Yeniləşmə, təkmilləşmə və inkişaf müxalifətin uzun müddət qaldığı yerdən tərpənməsi üçün vacib amildir. Sovet hökumətində, xüsusən müsəlman respublikalarında bir çox qurumlar fəhlələri istismar edir və əvəzində az maaş verirdilər. Onları dah gözəl gələcək və az qala cənnətin bu dünyada yaradılacağı təbliğatı ilə yükləyir və istismar edirdilər. Özləri isə dediklərinin bir zərrəsinə də inanmırdılar. Bu, ümumiyyətlə Sovet imperiyasının ideoloji xətti idi. İndi isə dediklərinə özü də inanmayan Əli Kərimli və ona bənzəyənlər yenilənməyi, geri çəkilməyi öz kreslolarına təhdid kimi görürlər. Bu adam hakimiyyəti kresloda çox qalmaqda ittiham edir, özü isə bu hakimiyyətdən öncə kresloda oturub və oturmaqda davam edir, yerini kiməsə vermək fikri də yoxdur. O zaman hansı daxili demokratiyadan, ədalətdən və xalqı inandırmaqdan söhbət gedə bilər?

Milli Məclisin sabiq sədri İsa Qəmbər bir neçə il öncə Müsavat Partiyasının başqanlığından getdi. Partiya sədrliyindən getmək onun nüfuzuna mənfi təsir etdimi? Xeyr, əksinə ona ictimai ve siyasi sferada nüfuz qazandırdı. O, siyasətdən getməyib. Yenə də həlledici məqamlarda sözünü deyir. Amma “Yurd” sədri kreslosunu buraxmadı və buna qarşı çıxanlara, o cümlədən mənə qarşı “səlib yürüşü” başlatdı. AXCP-nin dəfələrlə parçalanmasına, müxalifətin zəifləməsinə və intriqaların davam etməsinə görə əsas günahkar məhz Əli Kərimli özüdür. O, çox sevdiyi kreslosundan azacıq qalxsaydı, parçalanma da olmaycaqdı. AXCP-ni Əli Kərimli parçaladı!

Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün bu tələblərə uymaması suallar doğurur, yoxsa yox?

Bütün dünyada uduzan, bu və ya digər səbəbdən nəticə əldə edə bilməyən siyasətçilər geri çəkilirlər. Əli Kərimliylə eyni zamanda siyasi səhnədə olan Türkiyənin Ana Vətən Partiyasının lideri Məsud Yılmaz hardadır? Geri çəkilib, yerini başqalarına verdi. Eləcə də Türkiyənin ilk qadın baş naziri Tansu Çillər. Seçkini uduzandan sonra yeni siyasi qüvvələrin meydana çıxmasına əngəl olmaqdan imtina etdi.

İddia oluna bilər ki, siyasi partiyaları razı sala biləcək demokratik seçkilər keçirilmir deyə köhnə siyasətçilər ayaqlarını bir başmağa dirəyib durublar. Deyək ki, belədir. Bəs müzakirəyə nə deyirsiniz? Məgər müzakirə də açmaq olmaz? Türkiyənin Cümhuriyyət Xalq Partiyasının bundan öncəki bələdiyyə və prezident seçkilərini uduzması partiya daxilində geniş müzakirələrə səbəb oldu. Partiyanın genel başqanı Kamal Kılıçdaroğluna qarşı açıq tənqidi fikirlər səsləndirildi və partiyanın qurultayında alternativli seçki keçirildi. Amma partiya başqanı buna qısqanclıqla yanaşmadı, yaxud tərəfdarlarını səfərbər edib rəqibini partiyadan uzaqlaşdırmaq yolunu tutmadı. Əksinə, demokratiya nümunəsi göstərdi və alternativli seçkidə qalib gəldi, rəqibi Məhərrəm İncənin əlini sıxdı.

Əli Kərimli isə təşkilatda nəinki yeni siyasətin oturuşması üçün şərait yaratmağa, yaxud geri çəkilib yerini başqalarına verməyə hazır deyil, əksinə alternativlik qoxusunu hiss edən kimi rəqiblərini ləkələməyə çalışır, onları partiyadan uzaqlaşdırmaq yolunu seçir. Çünki rəqib olmaqdan və şəffaf müzakirələrdən çəkinir. Problemin kökü bundadır!

Razi Nurullayev

AXCP sədri


Oxunma sayı: 2300